Accessibility links

Azərbaycanın xarici işlər naziri Madrid prinsipinin detallarını açıqlayıb


Azərbaycanın xarici işlər naziri Madrid prinsipinin detallarını açıqlayıb

Azərbaycanın xarici işlər naziri Madrid prinsipinin detallarını açıqlayıb

<!-- IMAGE -->

Xarici işlər naziri Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin Madrid prinsipi ilə həll variantının detallarını açıqlayıb. Nazir “Amerikanın səsi” radiosunun sualının cavabında bildirib ki, Praqa prosesi münaqişənin mərhələli həllini nəzərdə tutur. “Bütün mərhələlər sənəddə göstərilib. İlk növbədə Ermənistan qoşunları işğal altında olan 5 rayondan və Laçın rayonunun 13 kəndindən çıxmalıdır. Bundan sonar bütün kommunikasiyalar açılır, donor konfransı elan olunur, bərpa işləri aparılır, məcburi köçkünlər geri qayıdır. Artıq bununla bağlı bir çox proqramlar hazırdır”.
Cənab Məmmədyarov regiona sülhməramlı müşahidəçilərin yerləşdiriləcəyinin də sənəddə nəzərd tutulduğunu diqqətə çatdırıb. “Məcburi köçkünlər geri qayıdanda təhlükəsizlik problemləri ortaya çıxacaq və bu məsələ həll olunmalıdır. Sonra Ermənistan qoşunlarını Laçın və Kəlbəcərdən çıxarmalıdır. Birinci və ikinci mərhələdə bütün yollar, kommunikasiyalar açılır. Azərbaycanlılar Dağlıq Qarabağa qayıdandan sonra imkan verəcək ki, sonuncu mərhələni həyata keçirək və Dağlıq Qarabağın statusunu müəyyənləşdirək”.
O dağlıq Qarabağın statusu ilə bağlı məsələlərə də toxunub.
“Dağlıq Qarabaq Azərbaycan torpağıdır və bəzi yerlərin nəzarətdən çıxması düzgün deyil. Biz deyirik ki, bütün bu mərhələlər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilsin. Öz müqəddəratını müəyyən etmək hüququ da beynəlxalq hüququn bir prinsipidir. Öz müqəddəratını təyin etmək ərazi bütövlüyünün pozulması demək deyil. Dünyada müxtəlif statuslar, muxtariyyətlər var. Məsələn, Rusiyada tatarlar öz müqəddəratlarını həll ediblər. Amma Rusiyanın ərazi bütövlüyü çərçivəsində”.
Cənab Məmmədyarov Azərbaycanın mərhələli həll variantını dəstəklədiyini vurğulayıb: “İnanırıq ki, bir gündə bütün məsələləri həll etmək olmaz. Əgər Ermənistan ən böyük problem olan işğal edilmiş ərazilərdən qoşunlarını çıxarmaq istiqamətində addım atsa, region, adi insanlar üçün iqtisadi, təhlükəsizlik baxımından böyük imkanlar yaranacaq, yaşamağa imkanlar açılacaq. Azərbaycanın xarici işlər naziri kimi inanıram ki, ən vacib və ən yaxşı proses budur. Çünki müharibənin nəticəsi olan işğal edilmiş torpaqlar və məcburi köçkünlər məsələsini danışıqlar masasından götürməliyik. Bu nə qədər tez baş versə, bir o qədər yaxşı olar. Bu baş versə, müharibə ritorikası da aradan qalxar. Müharibə ritorikasının olması ilk növbədə işğal edilmiş torpaqlar və məcburi köçkünlərlə bağlıdır. Tarixdən də məlumdur ki, heç bir ölkə öz torpağını götürüb qaça bilməz. İstər-istəməz gərək qonşuları ilə münasibətlər qursun”.
Nazir Ermənistanın Madrid prinsiplərinin yenilənmiş variantını qəbul etməyəcəyi halda Azərbaycanın hansı addımlar atacağını şərh etməkdə çətinlik çəkir. “Bunların hamısını təhlil edirik və Madrid prinsipi üzərində müzakirələri davam etdiririk. Azərbaycanın mövqeyi ədalətlidir. Madrid prinsiplərinin yenilənmiş variantı növbəti addım atmağa və böyük sazişin üzərində işə başlamağa imkan verir”.
O müharibənin yenidən başlan acağı ilə bağlı bəyanatlara da aydınlıq gətirib. “Hesab edirəm ki, harada münaqişə varsa, bunu ilk növbədə diplomatik yola həll etmək lazımdır. Münaqişənin diplomatik yolla həllinə imkan var. Altı il müddətində Praqa prosesi çərçivəsində danışıqlar aparmışıq, nəticədə tərəflərə Madrid prinsiplərinin əks olunduğu sənəd təqdim olunub. Bu müddətdə prezidentlərin bir necə görüşü keçirilib, xarici işlər nazirləri bir araya gəliblər, həmsədrlər intensiv şəkildə regiona səfərlər ediblər. Bunun nəticəsində ötən ilin dekabrında tərəflərə Madrid prinsiplərinin yeni variantı təqdim olunub. Biz bu sənədi qəbul edirik. Bu o deməkdir ki, Azərbaycan diplomatik yolu seçib və bu istiqamətdə gedirik”.

XS
SM
MD
LG