Accessibility links

Tədbir iki ölkə arasında tərəfdaşlıq münasibətlərinin hazırki durumu və gələcəyi ilə bağlı müzakirələri əhatə edir

Vaşinqtonda ABŞ-Azərbaycan konvensiyası bu il post-sovet məkanında Rusiyanın Ukraynaya müdaxiləsi ilə yeni geo-siyasi reallığın yarandığı bir fonda keçib. Müzakirələr zamanı enerji və regional təhlükəsizlik də daxil olmaqla, ABŞ-Azərbaycan əlaqələrinin mühüm aspektləri diqqət mərkəzində olub.

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar ikitərəfləi münasibətlərin mühüm və güclü olduğunu qeyd edərək, münasibətlərdə problemli məsələlərdən danışıb.

“ABŞ və Azərbaycan arasında münasibətlər mühüm və güclüdür, lakin problemsiz də deyil” deyən səfir Morninqstar Ukraynada baş verən hadisələrin ikitərəfli münasibətlərin vacibliyini vurğuladığını bildirdi.

Amerika səfiri Ukraynada vəziyyətin eləcə də Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini göstərdiyini deyərək, Azərbaycan və Ermənistan prezidentlərinin münaqişənin nizamlanması məqsədilə konkret addımların atılması üçün birgə işləməli olduğunu və bunun Rusiyanın tam əməkdaşlığı olmadan mümkün olmayacağını bəyan edib.

Səfir Morninqstar ABŞ-ın münaqişənin nizamlanmasında Azərbaycan və Ermənistanda insanlar arasında əlaqələr yaradılması səylərinə dəstək verdiyini və bu prosesi müdafiə edən jurnalist Rauf Mirqədirovun keçən həftə həbsi, insan hüquqları fəalları Leyla Yunus və Arif Yunusla əlaqədar istintaqın başlamasından narahat olduğunu bildirərək, bunun səhv addım olduğunu deyib.

Amerika səfiri, iki ölkə arasında enerji sahəsində əməkdaşlığın güclü olduğunu və bu əlaqələrin Ukrayna hadisələri əhəmiyyətinin daha artdığını deyib, lakin o, demokratiya və insan haqları ikitərəfli münasibətlərdə ən çətin sahə olduğunu əlavə edib. “Azərbaycan tənqidi qəbul etmir. Onlar nə üçün tənqid olunduqlarını başa düşmür. Onlar çətin qonşuluqda yaşardıqlarını və sabitlikl yaratmalı olduğunu sübut etməyə çalışır. Onlar sübut edir ki, sonra 20 ildə bizi dəstəkləmək üçün çox iş görüblər və böyük uğur əldə ediblər. Bunlar doğrudur, lakin Birləşmiş Ştatlar inanır ki, Azərbaycan daha açıq cəmiyyətə imkan verməklə daha böyük sabitliyə nail ola bilər”-deyə səfir Morninqstar bildirib.

Nyu-Hempşir ştatından senator Kelli Ayotte Konqres üzvləri ilə nahar zamanı demokratiya və insan hüquqları məsələrinin ikitərəfli münasibətlərdə əhəmiyyətini önə şəkib. O, hüquq müdafiəçisi Leyla Yunusun saxlanılması ilə bağlı ABŞ-ın narahatlığını ifadə edib. “Dost ölkə olaraq biz Azərbaycanın insan hüquqları məsələsinə diqqət yetirməsini istəyirik. Biz Leyla Yunusun saxlanmasından narahatıq. Azərbaycanı öz insan potensialından istifadə etməyə çağırırıq” – deyə senator bildirib.

ABŞ müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya məsələləri üzrə yardımçısı Evelin Farkas ABŞ və Azərbaycan arasında müdafiə və təhlükəsizlik sahələrində əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib. “ABŞ Azərbaycanın NATO tərəfdaşlıq çərçivəsində potensialının artmasında artmasında maraqlıdır. Birləşmiş Ştatlar Azərbaycann ordusuna təlim verilməsi proqramlarını davam etdirir. ABŞ Azərbaycan ordusunun müasirləşdirilməsində maralıdır”-deyə o bildirib.

Müdafiə nazirliyinin rəsmisi Azadlığı Müdafiə aktına 907-ci əlavənin Azərbaycan və ABŞ arsaında müdafiə sahəsində əməkdaşlıq üçün böyük maneə yaratmasa da, onun ikitərəfli əlaqələrin inkişafına təsir göstərdiyini və düzəlişin aradan qaldırılmasının tərəfdarı olduğunu deyib.

Vaşinqtondakı Heritage fondunun eksperti Ariyel Kohen soyuq müharibədən sonra yaranmış yeni geo-siyasi durumda ABŞ-ln regionda müttəfiqləri ilə münasibətlərində yeni dövrün başlandığını qeyd edib. Ariyel Kohen Rusiyanın regionda nüfuzunun genişləndirilməsi prosesinin Rusiya və Gürcüstan arasında 2008-ci ildə qısa müddətli müharibədən sonra başladığını deyərək, Ukrayna hadisələrinin bu siyasi kursun nəticəsi olduğunu bildirib. Ariyel Kohen ikitərəfli münasibətlərdə demokratiya və insan hüquqlarının önəmli rol oynadığı və ABŞ-ın Azərbaycanda demokratik proseslərə dəstək verdiyini deyib.

Rusiyanın Ukraynaya müdaxiləsi və regionun geo-siyasəti ABŞ Marşal Fondunun baş elmi işçisi Temuri Yakobivişlinin çıxışının diqqət mərkəzində olub. O, Ukrayna hadisələrinin ABŞ-ın Qafqaz regionuna diqqətini artırmasının vacbliyini göstərdiyini deyib. Onun sözlərinə görə, Ukrayna hadisələrinin dərsləri arasında ən mühümü funksional, qabiliyyətli hökumətin mövcudluğundan ibarətdir. O, açıq cəmiyyətin yaradılması və demokratik inkişafa imkan verən funksional hökumətin mövcudluğunun sabitlyin əsas qarantı olduğunu deyib.

Mərkəzi Asiya və Qafqaz institunda tədqiqatçı-alim Svante Kornell ABŞ-ın Ukrayna hadisələrindən sonra regiona daha çox diqqət verəcəyini gözlədiyini deyib. Onun sözlərinə görə, demokratiya və insan hüquqları ABŞ üçün hər zaman önəmli olub, lakin Ukraynada baş verənlər sabitliyin yaradlımasının vacib olduğunu göstərir. Svante Kornell qeyd edib ki, Vaşinqton regionda qısamüddətli həll yolları axtarmır və uzun müddət üçün prioritet maraqların təmin olunmasına çalışır.

Birləşmiş Ştatlar paytaxtı Vaşinqtonda keçirilən ABŞ-Azərbaycan Qurultayı iki ölkə arasında tərəfdaşlıq münasibətlərinin hazırki durumu və gələcəyi ilə bağlı müzakirələri əhatə edir. ​Qurultayda ABŞ və Azərbaycan rəsmiləri, ictimai xadimlər və biznes nümayəndələri iştirak edir.
XS
SM
MD
LG