Accessibility links

Dövlət Departamenti:"Azərbaycan hökuməti dini qrupların işinə müdaxilə etmir, lakin bəzi yerlərdə neqativ hallar qeydə alınıb"


Dövlət Departamenti:"Azərbaycan hökuməti dini qrupların işinə müdaxilə etmir, lakin bəzi yerlərdə neqativ hallar qeydə alınıb"

Dövlət Departamenti:"Azərbaycan hökuməti dini qrupların işinə müdaxilə etmir, lakin bəzi yerlərdə neqativ hallar qeydə alınıb"

ABŞ Dövlət Departamentinin din azadlığına dair hesabatının Azərbaycanla bağlı hissəsində hicaba qadağa hökumətin məhdiyyətinə misal olaraq göstərilir

ABŞ Dövlət Departamenti dünya ölkələrində din azadlığına dair hesabatını açıqlayıb. Hesabatda Birma,Çin, Eritreya, İran, Şimali Koreya, Səudiyyə Ərəbistanı, Sudan və Özbəkistan din azadlıqlarının ən çox pozulduğu ölkələr kimi göstərilir. Əfqanıstan, Misir, İraq, Nigeriya, Pakistan, Rusiya, Tacikistan, Türkmənistan, Venesuela və Vyenam isə dini tolerantlığın az olduğu ölkələr hesab edilir.

Hesabatın Azərbaycanla bağlı hissəsində deyilir ki, konstitusiya ilə vətəndaşların din azadlığı təmin olunur, lakin bəzi hallarda Azərbaycan hökumətinin tətbiq etdiyi qanunlar və yeridilən siyasət nəticəsində din azadlığı məhdudlaşdırılır. Hökumət bir çox dini qurumların işinə müdaxilə etməsə də, rəsmilərin bəzi hallarda dini ayinlərin icrasına nəzarət etdiyi, dini ədəbiyyatı müsadirə etdiyi və ölkədə uzun zaman fəaliyyət göstərməyən müsəlman və xristian qrupların üzvlərini saxladığı halları haqda məlumatlar verilib. Dini qrupların qeydiyyat məsələsində də çətinliklərin olduğu deyilir.

Hesabatda bildirilir ki, hökumət tərəfindən din azadlıqlarının təmin olunması və onlara hörmət edilməsi sahələrində vəziyyət dəyişməz olaraq qalsa da, bəzi mənfi hallar qeydə alınıb. Hökumətin müdaxiləsinə misal olaraq məktbələrdə dünyəvi atmosferin qorunub saxlanması naminə qızların hicab (baş örtüyü) taxmasına qadağa qoyması və dini fəaliyyətlərlə əlaqədar qanunun pozulmasına görə cərimələrin artırılması göstərilir.

“ABŞ hökuməti din azadlığı məsələsini insan hüquqlarının təşviq və müdafiəsi edilməsi siyasətinin bir hissəsi kimi Azərbaycan rəsmilərilə müzakirə edir”-deyə burada qeyd edilir.

Hesabatda göstərilir ki, Azərbaycan əhalisinin əksəriyyətini (təxminən 96 faizi) müsəlmanlar təşkil etsə də, dini ayinləri icra edənlərin sayı yüksək deyil və müsəlman kimliyi əsasən dini deyil, mədəni və etnik mənsubiyyətə əsaslanır. Bununla belə, hesabatda özünü müsəlman kimi tanıyanların sayının artdığı qeyd edilir.

Sənəddə deyilir ki, dini qurumların fəalliyyətinə nəzarət edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin statistik məlumatlarına əsasən, Azərbaycanın müsəlman əhalisinin 65 faizini şiələr, 35 faizini isə sünnilər təşkil edir.

Hesabata əsasən, Azərbaycanda yaşayan xristianların əksəriyyəti pravoslav ruslardır və onların da böyük hissəsinin dini mənsubiyyəti müsəlmanlar kimi daha çox mədəni və etnik mənsubiyyətə əsaslanır. Azərbaycanda yəhudi əhalinin böyük hissəsinin paytaxt Bakıda, bir qisminin isə Quba rayonu və başqa yerlərdə məskunlaşdığı göstərilir.

Dövlət Departamentinin hesabatına əsasən, şiələr, sünnilər, pravoslav ruslar və yəhudilər Azərbaycanda ənənəvi dini qruplar hesab edilir, bununla yanaşı, lüteranlar, katoliklər, baptistlər, molokanlar, adventistlər və bəhailər də 100 ildən artıqdır ölkədə yaşayır.

1991-ci ildə müstəqillik əldə etdikdən sonra Aəzrbaycanda qeyri-ənənəvi dini qrupların üzvlərinin sayının artdığı göstərilir. Buraya vəhhabilər və sələfi müsəlmanlar, yevangelist xristianlar, Yehovanın şahidləri və krişnaitlər daxildir. Bakıda xristian dininə mənsub çox sayda xarici insanın yaşadığı qeyd edilir.

Din azadlığına dair qanunla hökumətin dini fəaliyyətlərə müdaxiləsi qadağan edilsə də, ayrı-ayrı bəzi istisna halların mövcud olduğu göstərilir və deyilir ki, buraya dini qrupların fəaliyyətinin ictimai asayişə, ya da sabitliyə təhlükə törətdiyi hallar da daxildir.

Hökumətin əqidə azadlığına hüquqi və siyasi qaydada məhdudiyyətlər tətbiq etdiyi deyilir. Hesabatda qeyd edilir ki, hökumət arzuolunmaz dini qruplara qarşı qeydiyyat prosesindən əsas vasitə kimi istifadə edir. Hicaba qadağanın ölkə üzrə tətbiq edildiyi, yerli rəsmilərin qadnıların başıbağlı foto-şəkil çəkdirməsinə icazə vermədiyi bildirilir.

Hesabatda din azadlığının pozulması halları ilə bağlı məlumatların verildiyi, hökumətin islamı siyasişləşdirdiyi hesab etdiyi müsəlman təşkilatları hədəf aldığı qeyd olunur. Sənəddə din azadlığı sahəsində müsbət inkişaflar kimi prezident İlham Əliyevin Bakının Xətai rayonunda yəhudi uşaqlar üçün tədris mərkəzini açması və ölkədə əlavə 175 dini qrupun qeydiyyata alınması göstərilir. Sənəddə deyilir ki, ABŞ səfirliyi din azadlığı məsələsini hökumət rəsmilərilə yanaşı, QHT-lərlə müzakirə edir.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG