Accessibility links

ABŞ dövlət katibi Ermənistandadır


ABŞ dövlət katibi Hillari Klinton Ermənistanla Azərbaycanın sərhəd bölgələrində artmaqda olan gərginliyə görə narahatlığını dilə gətirib. Bu gün Ermənistanın paytaxtı Yerevenda müxbirlərlə görüşən xanım Klinton Dağlıq Qarabağda qücdən istifadə edilməsinin münaqişəni həll etməyəcəyini deyib. Dövlət katibi əsgərlər və mülki vətəndaşların öldürülməsini qınayıb. Hillari Klinton bunları Ermənistan prezidenti Serj Sarkisyanla şam yeməyindən sonra deyib.

ABŞ Dövlət katibi Hillari Klinton iyunun 6-ı Bakıya səfər edib, ölkə rəhbərliyi, habelə vətəndaş cəmiyyəti nümayəndələri ilə görüş keçirəcək.

Xanım Klintonun səfəri Danimarka, Norveç, İsveç, Ermənistan, Gürcüstan və Azərbaycana regional səfəri çərçivəsində baş tutur. Cənubi Qafqaz ölkələrinə səfər iyunun 4-7-nə nəzərdə tutulub. “Bütün bu ölkələrdə xanım Klinton regional təhlükəsizlik, iqtisadi inkişaf, terrorizmə qarşı mübarizə məsələlərini müzakirə edəcək”, deyə Dövlət Departamentinin mətbuat katibi Viktoriya Nuland bildirib.
Ermənistanda, Gürcüstanda və Azərbaycanda xanım Klinton bu ölkələrin prezidentləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər keçirəcək. Klinton ilk olaraq Ermənistana, daha sonra Gürcüstana, son olaraq isə Azərbaycana gəlir.O, Bakıdan Türkiyəyə yola düşəcək. Burada terrorizmə qarşı mübarizə üzrə qlobal forum, habelə Türkiyə hakimiyyəti ilə Suriya və İran məsələləri ilə bağlı ikitərəfli məsləhətləşmələr keçiriləcək.

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq bildirib ki, dövlət katibinin regiona səfəri çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli də müzakirə ediləcək.

Cənab Sterlinq həmçinin deyib ki, xanım Klintonun Ermənistana, Gürcüstana və Azərbaycana səfəri zamanı bütün sahələr üzrə əməkdaşlıq, o cümlədən energetika və regional məsələlər müzakirə olunacaq.

ABŞ mətbuatında dövlət katibinin səfəri vaxtında həyata keçirilən səfər kimi qiymətləndirilir. The New York qəzetinin yazdığına görə, Qafqaz hazırda Amerika və Avropanın maraqlarına mənfi təsir edə biləcək bir qarşıdurma dövründədir. Mətbuat regiona davamlı və yüksək səviyyəli diqqətin zəruriliyini önə çəkir.

Freedom House təşkilatı ABŞ dövlət katibini Qafqaza səfəri zamanı insan hüquqları və demokratiyanın vəziyyəti məsələsini qaldırmağa, Amerikanın vətəndaş cəmiyyətlərinin inkişafına dəstək verdiyini vurğulamağa çağırıb.

XS
SM
MD
LG