Accessibility links

ABŞ Mətbuatı: Nyu Yorkda məscid qalmaqalı


Məscid inşasının əleyhdarları bu ideyanı Amerika xalqına qarşı “həssassızlıq” və “hörmətsizlik” kimi dəyərləndirib. Tərəfdarlar isə Amerikada din azadlığının mövcudluğunu vurğulayaraq istənilən dini icmanın, o cümlədən müsəlmanların istədikləri yerdə ibadətgah yaratmaq hüququna malik olduqlarını deyir.

Nyu York şəhərində 2001-ci il, 11 sentyabr hücumlarının hədəfi olmuş Dünya Ticarət Mərkəzi yaxınlığında məscid inşası ideyası Amerika cəmiyyətində ciddi qalmaqalla müşayiət olunur. CNN-in apardığı rəy soğusuna əsasən amerikalıların 70 faizi məscidin “Ground Zero” adlanan məkanda tikilməsinin əleyhinə çıxır. Respublikaçı Konqresmen Piter Kinq bu ideyanı Amerika xalqına qarşı “həssassızlıq” və “hörmətsizlik” kimi dəyərləndirib. Məscid inşasının tərəfdarları isə Amerikada din azadlığının mövcudluğunu vurğulayaraq istənilən dini icmanın, o cümlədən müsəlmanların istədikləri yerdə ibadətgah yaratmaq hüququna malik olduqlarını deyir. Din azadlığı arqumentinə istinad edənlərin sırasında ABŞ prezidenti Barak Obama da yer alıb ki, ötən həftəsonu məscid məsələsi ilə bağlı onun verdiyi qarışıq bəyanatlar siyasi skandalı bir qədər də alovlandırıb. Cümə günü iftar naharı zamanı söylədiyi nitqdə cənab Obama bildirdi ki, “müsəlmanların Aşağı Manhattanda yerləşən özəl mülkiyyətdə ibadətgah və icma mərkəzi yaratmaq hüquqları var.” Növbəti gün isə o, bu addımın müdrikliyi barədə şərh verməyəcəyini bildirdi.

“Kimsə Prezident Obamanın “Ground Zero” məscidi haqda möqeyini bilirmi?” deyə New York Postun baş məqaləsi sual edir. “Heç o, özü bunu bilir?” Cümə günü verilən bəyanatla şənbə günü deyilən fikrin arxasındakı təzadı önə çəkən New York Post redaktorlar heyəti Barak Obamanın liderlik keyfiyyətlərini sual altına alır. Prezidentin bu mühüm məsələdə qətiyyət nümayiş etdirməkdən imtina etməsini qəzet heyəti qeyri-təəccübləndirici lakin kədər doğuran olay kimi qiymətləndirir.

Richard Cohen Washington Post qəzetindəki məqaləsində də prezident Obamanı oxşar ittihamlarla hədəf alır. Cənab Cohenin yazdığına görə Barak Obama mesajı qarışdırmaqla Amerikanın ümdə ideallarına və tarixi faktlara arxa çevirmiş olur: “Məgər o, anlamır ki, məscidin inşasını sual etmək 9-11 hücumunun müsəlman cinayəti olması qənaətinə əsaslanır? Məgər o, anlamır ki, burada məsələ zonalaşdırma hüquqları deyil, dini ayrıseçkilikdir? Əlbəttə ki, o, bunu bilir? Lakin prezident Obama həqiqətin tərəfində dayanmaqdansa prezident olmağa üstünlük verir.” Müəllifin sözlərinə görə tarix boyu insanları bir ovuc adamın hərəkətinə görə nəhəng bir toplumu günahlandırmağa meylli olublar. Seçkili liderlərin vəzifəsi belə bir məqamda təmkinə səsləmək, cəmiyyətin ehtiraslarını cilovlamaqdır. Bu xüsusda isə Obama öz işinin öhdəsindən gələ bilmədi, deyə Riçard Cohen yazısını bitirir.

New York Times-ın mühafizəkar köşə yazarı Ross Dusat məsələyə fəlsəfi nöqteyi-nəzərdən yanaşır. Cənab Dusatın yazdığına görə məscid qalmaqalına dar ksenofobik prizmadan baxmaq Amerika cəmiyyətinin özəlliklərini və tarixini düzgün qavramamaqdan irəli gəlir. O, iki Amerikanın mövcud olduğunu yazır. “Bir Amerika var ki, orada istədiyin dildə danışa, istədiyin dinə ibadət edə bilərsən. Bu Amerikada Konstitutsiya etnik fərqləri, dil baryerlərini və dini arakəsmələri üstələyir… Lakin başqa bir Amerika da mövcuddur ki o, özünü təkcə fərqli siyasi quruluş kimi deyil həm də fərqli mədəniyyət kimi görür. Bu Amerika ingilis dilində danışır, çin, ispan və ya ərəb dilində yox. Bu spesifik dini irsə arxalanır: İlkin olaraq Protestantizm, və daha sonra yəhudiləri və katolikləri ağuşuna alan Yəhudi-Xirstian konsensusu.” Onun sosial normaları Anqlo-Sakson diasporasının dəyərlərindən qidalanır və yeni gəlmələrdən bu dəyərlərə cəld assimilyasiya tələb edir.” Ross Dusatın yazdığına görə hər iki Amerikanın məscid qalmaqalı ilə bağlı diqqətə layiq mövqeləri var. Konstitutsiyadakı din azadlığı müddəasına istinad edən siyasi liderlər Amerika cəmiyyətinin unikallığını önə çəkirlər. Lakin həmin o ikinci Amerika bu layihəni cəmiyyətə hörmətsizlik kimi qiymətləndirir. Bu narahatlıqların arxasında İslamın Amerika dəyərlərinə uyğun gəlmədiyinə dair dərin şübhələr dayanır. Əlbəttə ki, müsəlmanlar başqaları kimi Amerikada öz dini hüquqlarını icra edə bilərlər. Lakin ikinci Amerika həm də müsəlman-amerikalılarıdan bu ölkəyə sədaqətlərini nümayiş etdirməyi tələb edir. Məscid ideyasının müəllifi olan imam Feysəl Abdul Rauf vaxtilə Amerikanı 11 sentyabr hücumlarına görə “qismən cavabdeh” adlandırıb. “Həmin bu şəxs Həmas təşkilatını terrorçu qurum adlandırmaqdan imtina edir. Ola bilsin ki, qlobal standardlarla yanaşıldıqda cənab Rauf ‘mötədil müsəlman’ sayıla bilər. Lakin Amerika standardları üçün bu kifayət etmir,” deyə Dusat bildirir.

XS
SM
MD
LG