Accessibility links

ABŞ müdafiə naziri Azərbaycana səfər etdi


Prezident Obama hərbi qulluqçularını Əfqanıstana göndərdiyinə, ərazisini Amerika və NATO-nun tranziti üçün açdığına görə Azərbaycana təşəkkürünü bildirib

ABŞ-ın müdafiə naziri Robert Geyts iyunun 6-7-də Azərbaycanda səfərdə olub. Səfər zamanı o, prezident İlham Əliyev və müdafiə naziri Səfər Əbiyevlə ikitərəfli münasibətlər, regiondakı durum, terrorizmə qarşı mübarizə və Əfqanıstana Amerika yüklərinin çatdırılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıb.

ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, cənab Geytsin Azərbaycana səfəri Əfqanıstanda koalisiya qüvvələrinin fəaliyyətinə verdiyi töhfəyə görə bu ölkəni dəstəkləməkdir. “Azərbaycan hərbçiləri Əfqanıstanda beynəlxalq təhlükəsizlik qüvvələrinin (İSAF) tərkib hissəsidir. Ölkənin özü isə İSAF və Əfqanıstan qüvvələrini təchiz edən hava və yerüstü şəbəkədə mühüm rol oynayır”- deyə məlumatda qeyd edilir.

Amerika müdafiə naziri onu müşayiət edən reportyorlara deyib: “Rusiya və Qırğızıstan kimi Azərbaycanın hava və yerüstü nəqliyyat yollarından istifadə olunması Amerika üçün çox vacibdir. Bu, maya dəyəri baxımından koalisiya qüvvələri və Əfqanıstan üçün ən effektiv təchizat marşrutudur”.

Pentaqon bildirir ki, səfərin səbəblərindən biri də Azərbaycan hakimiyyətinə ABŞ-ın Azərbaycana kifayət qədər diqqət yetirməməsi barədə narahatlığın əsası olmadığını göstərməkdir. “Mən prezident Əliyevi əmin etmək istəyirəm ki, bu, belə deyil. Qeyd etmək lazımdır ki, Azərbaycan beynəlxalq koalisiyada mühüm rol oynayır”, - deyə nazir bildirib.

Amerika Müdafiə nazirliyinin məlumatında deyilir ki, Əfqanıstanda koalisiyanın bütün təchizatının 25%-i Azərbaycanın payına düşür. 2001-ci ildən başlayaraq bu marşrut üzrə Əfqanıstana on minlərlə uçuş həyata keçirilib, 100.000 hərbçi daşınıb.

Azərbaycan Müdafiə nazirliyinin mətbuat xidməti isə Amerikanın dövlət katibi Hillari Klintonun Bakıya səfərinin gözlənildiyini bildirib. Bu barədə cənab Qeyts bu gün Bakıda Azərbaycanın müdafiə naziri Səfər Əbiyevlə görüşündə bildirib. Nazir Əbiyev deyib ki, ABŞ - Azərbaycan əməkdaşlığının müxtəlif istiqamətlər üzrə inkişaf prioritetləri prezident İlham Əliyevlə Amerika müdafiə nazirinin görüşündə müzakirə edilib.

Beynəlxalq terrorizmə və digər təhlükəsizlik proseslərinə verilən birgə töhfələrdən danışan cənab Əbiyev, Ermənistan - Azərbaycan münaqişəsinin həll edilməməsi səbəbindən Cənubi Qafqazda vəziyyətin mürəkkəb və gərgin olaraq qaldığını bildirib. O, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi ABŞ-ın rolunu yüksək qiymətləndirib və bu ölkədən daha fəal addımlar atmağı Amerika müdafiə nazirinin diqqətinə çatdırıb.

Azərbaycan müdafiə naziri həmçinin 907-ci düzəlişin ABŞ - Azərbaycan əlaqələrinə mənfi təsir göstərdiyini xüsusi qeyd edib. ABŞ müdafiə naziri bildirib ki, prezident Barak Obamanın Azərbaycan prezidentinə məktubu, dövlət katibi Hillari Klintonun Bakıya gözlənilən səfəri və özünün hazırda Bakıda olması ABŞ ilə Azərbaycanın strateji tərəfdaş ölkə olduğuna bariz nümunədir.

O vurğulayıb ki, ölkəsinə qayıdarkən prezident Obamaya Dağlıq Qarabağ münaqişəsinin həllinin Azərbaycan üçün nə qədər böyük əhəmiyyət daşıdığını ifadə edəcək. Cənab Geyts 907-ci düzəlişin birdəfəlik ləğv edilməsi istiqamətində səylərini əsirgəməyəcəyini də ifadə edib. Amerika müdafiə naziri prezident İlham Əliyevə prezident Obamanın məktubunu çatdırıb. Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, Azərbaycan prezidenti ilə cənab Geyts Azərbaycanla Amerika arasında hərbi sahədə əməkdaşlığa dair fikir mübadiləsi aparıb.

“Reuters» agentliyi isə prezident Obamanın Azərbaycan prezidentinə ünvanladığı məktubun mətnini açıqlayıb. Məktubda Amerika prezidenti Azərbaycan prezidentinə Əfqanıstanda (sülhyaratma missiyasında) dəstəyə görə minnətdarlığını bildirir. “ABŞ Azərbaycanın regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında çəkisi olan töhfəsini etiraf edir. Ümid edirəm, yaxın aylar və illər ərzində münasibətlərimizi genişləndirə və dərinləşdirə bilərik”.
Məktubda iki ölkə arasında problemlərin olduğu da bildirilir. “Mən münasibətlərimizdə ciddi problemlərin olması haqqında özümə hesabat verirəm, amma əminəm ki, problemləri həll edə bilərik”.

Cənab Obama Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinin Amerika üçün önəmini qeyd edib. “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması Cənubi Qafqaz regionunda uzunmüddətli sabitliyin bərpası üçün mühüm əhəmiyyət kəsb edir, onun nəticələrinin dəstəklənməsi ABŞ üçün prioritet olaraq qalacaq”.

Prezident Obama hərbi qulluqçularını Əfqanıstana göndərdiyinə, ərazisini Amerika və NATO-nun tranziti üçün açdığına görə Azərbaycana təşəkkürünü bildirib. ”Liderlik rolu Azərbaycana məxsus olan Cənubi Qafqaz dəhlizinin inkişafı regionda çiçəklənməyə və qlobal enerji təhlükəsizliyinin təmin olunmasına kömək edir”, - deyə məktubda qeyd edilir.

Politoloqlar Amerika - Azərbaycan münasibətlərindəki son inkişafı iki dövlət arasında mövcud problemlərin həlli sahəsində razılığın əldə edilməsi ilə izah edir. Belə ki, Amerika yüklərinin Əfqanıstana daşınmasında ən təhlükəsiz dəhliz Azərbaycandan keçir və bu yüklər uzun müddətdir təhlükəsiz daşınır.

“Turan” İnformasiya Agentliyinin siyasi redaksiyasının redaktoru Şahin Hacıyev hesab edir ki, Amerika dövlət katibinin səfərinədək ölkədə demokratiya və media azadlığı sahəsində müəyyən inkişaflar qeydə alınacaq. “Jurnalistlərin həbsdən azad edilməsi, Amerika və Böyük Britaniya radiolarının yerli tezliklərdə yayımı, toplaşmaq azadlığı və demokratik seçki istiqamətində irəliləyişlər ola bilər”.

Cənab Hacıyev Amerika - Azərbaycan münasibətlərinin daha da inkişafının Ermənistan - Azərbaycan münaqişəsinin həlli prosesinə təsir edəcəyinə inanmır. “Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişin əldə edilməsi Amerika -Azərbaycan ikitərəfli münasibətlərindən deyil, Amerika - Rusiya ikitərəfli münasibətlərindən daha çox asılıdır”, - deyə o bildirib.

Politoloq Əfqanıstana Azərbaycan ərazisi ilə daha çox yüklərin daşınması və Əfqanıstandakı qüvvələrin mülki təchizatı üçün Azərbaycandan daha çox materialların alınması perspektivinin rüşvət və korrupsiyanın azaldılması istiqamətində hökumətin atacağı addımla bağlı olacağını düşünür. “Ölkədə sağlam rəqabət mühitinin yaradılması və korrupsiyanın səviyyəsinin azaldılması şəffaf bazar münasibətlərinin yaranmasına kömək edir. Bu isə qərb üçün əsas amildir”, - deyə o qeyd edib.

Bununla yanaşı, Amerika dövlət katibinin Azərbaycana səfər edəcəyi ilə bağlı məlumatları digər mənbələr hələ təsdiq etməyib. Amerikanın Azərbaycandakı səfirliyindən “Amerikanın səsi” radiosuna dövlət katibinin səfəri ilə bağlı rəsmi məlumatlara malik olmadıqlarını bildiriblər.

XS
SM
MD
LG