Accessibility links

ABŞ və Azərbaycanın tədris sistemində fərqlər


ABŞ və Azərbaycanın tədris sistemində fərqlər

ABŞ və Azərbaycanın tədris sistemində fərqlər

Təhsil proqramının qonağı Şimali Dakota Dövlət Universitetinin maliyyə üzrə müəllimi Fariz Hüseynovdur. Onun müsahibəni sizə təqdim edirik.

Sual: ABŞ və Azərbaycanın tədris sistemi arasında başlıca oxşar və fərqli cəhətlər nədən ibarətdir?

Cavab: Əvvəla fərqlərdən başlamaq olar ki, ABŞ-da tələbələrin təhsil aldığı universitetlərdə ədalət hissi qarşılaşmaları, onların qiymət alması prosesində ədalət faktorunu hər an hiss etmələrini çox vacibdir. Tələbə əziyyət çəkib oxuyub qiymətini alır və bunun nəticəsində onun diplomunun dəyəri olur. Azərbaycanda isə biz bilirik ki, müxtəlif formalarda qiymət almaq olur və tələbənin savad olub-olmaması haqqında məlumat vermir. Bundan başqa ABŞ-dakı təhsil institutları təhsil verməklə bərabər həm də araşdırma sahəsinə, elmi-araşdırmalara çox yaxındır. Müəllimlərdən tədris etməklə bərabər həm də yaxşı elmi-araşdırmalar aparması tələb olunur. Bu araşdırmalar üçün də təbii ki, müəllimə resurslar verilir. Azərbaycanda isə belə görünür elmi-araşdırmalar institutlardan kənarda, elmi-tədqiqat institutlarında aparılır. Məncə bu mənfi tendensiyadır və bu Sovet dövründən qalmış adətdir. Üçüncü başqa bir fərqi deyə bilərəm ki, Amerikadakı institutlar çalışır ki, öz tələbələrini daha sonra yaxşı idarələrdə işə götürülməsinə şərait yaratsın. Universitetin uğuru məzunlarının harada və neçə faizinin iş tapa bilməsi ilə ölçülür. Azərbaycanda isə hələ ki bu əlaqə tam qurulmayıb.

Sual: ABŞ-da tələbələrin fənni mənimsəməsi üçün əsasən hansı üsullardan istifadə olunur?

Cavab: Müəyyən qədər texnologiyadan istifadə olunur. Tələbələr istəyir ki, praktik məlumatlar alsınlar. Müəllim gərək nəzəri fikirləri bu günlə əlaqələndirsinlər. Məsələn, mən çalışıram ki, hər gün Amerikada baş verən maliyyə və yaxud iqtisadi yeni qərarları müzakirə edək və tələbələr dərsdə öyrəndiklərini praktiki həyatda və ya iqtisadi həyatda baş verən hadisələrə tətbiq edə bilsinlər.

Sual: Azərbaycanda və Türkiyədə təhsil almış və hazırda ABŞ-da çalışan bir müəllim kimi sizin Azərbaycanda tədris və təhsil sisteminə münasibətiniz necədir?

Cavab: Azərbaycanda təhsil sisteminə böyük bir iradım var ki, tələbələrin, bizim gəncimizin istedadı, potensialını təhsil sistemi üzə çıxara bilmir. Amerikalı tələbələrlə müqayisədən də görürəm ki, doğurdan da bizdə müəyyən keyfiyyət və potensial var. Ancaq niyə çıxmır? Çünki tələbə orta məktəbdən başlayaraq müəyyən ədalətsizliyə məruz qalır. Müəllimlərin yaxşı maaşla təmin olunmaması onların marağının itməsinə səbəb olur. Universitet rəhbərliyi də adətən tədrisin, araşdırmaların yüksəldilməsinə çox da maraqla yanaşmır. Məcburi şəkildə bir araya gəlmiş 3 küskün təbəqə var: müəllimlər, tələbələr və rəhbərlik.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG