Accessibility links

Əfqanıstan prezidenti Həmid Karzay Kabil hökuməti ilə Taliban yaraqlıları arasında 12 il davam edən müharibəyə son qoymağa kömək istəmək üçün Pakistana səfər edib.

Cənab Karzay İslamabada Pakistanın baş naziri Nəvaz Şəriflə görüşüb. İkigünlük səfər zamanı Kabil hökuməti ilə Taliban yaraqlıları arasında birbaşa danışıqların baş tutması üçün yollar müzakirə edilib.

Prezident Karzay müxbirlərə hər iki ölkədə sülh və sabitliyin bərqərar olunması üçün birgə səylərin artırılmasının vacibliyini vurğulayıb.

Cənab Şərif Əfqanıstanda sülh prosesində Pakistanın güclü və səmimi dəstəyini bir daha təsdiqləyib. Lakin o deyib ki, bu səylərə əfqanlar başçılıq etməlidirlər.

Danışıqlar ticarət, iqtisadiyyat, enerji və kommunikasiya sahələrində ikitərəfləri münasibətləri də əhatə edib.

Əfqanıstan və Pakistan maliyyə nazirləri ikitərəfli iqtisadiyyat və inkişaf razılıqları imzalayıblar.

Bir sıra təhlilçi cənab Karzayın Əfqanıstanda müharibəyə son qoymaq üçün Pakistandan yardım istəməsinin 2014-cü ilin dekabr ayınadək daha da intensivləşəcəyini ehtimal edir. 2014-cü ilin dekabr ayında ABŞ və NATO qüvvələri ölkədən çıxarılacaq.

İyun ayında cənab Karzay Dohada ABŞ diplomatları ilə Taliban nümayəndələri arasında nəzərdə tutulmuş görüşdə iştirak etməkdən imtina edib. O, Talibanın özünü suveren təşkilat kimi qələmə verməsinə etiraz edir.
XS
SM
MD
LG