Accessibility links

Abbas Hüseynovun saxlanılan 3 qardaşınınn hamısı bu gün azadlığa buraxılıb. Bu barədə vəkil Faruiz Namazlı Amerikanın Səsinə bildirib.

Bununla yanaşı, Hüseynovun ailə üzvləri saxlanmanın səbəbləri ilə bağlı şərh verməyib.

***

"Nardaran hadisələrində təqsirləndirilən Abbas Hüseynovun daha iki qardaşı saxlanılıb".

Bu barədə Amerikanın Səsinə bir qədər öncə A. Hüseynovun vəkili Fariz Namazlı bildirmişdi.

Vəkilin dediyinə görə, A.Hüseynovun qardaşları Elçin və Malik Hüseynovlar oktyabrın 6-sı axşam saatlarında saxlanılıblar: "Yaxınlarının mənə dediklərinə görə, hər iki qardaş əvvəlcə Yasamal rayonu Polis İdarəsinin 29 Saylı Polis Bölməsinə gətiriliblər. Oradan isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) aparılıblar. Evlərində axtarış olmayıb".

Oktyabrın 5-də axşam saatlarında isə "Müsəlman Birliyi" Hərəkatının sədr müavini Abbas Hüseynovun qardaşlarından Hüseynağa Hüseynovun saxlandığı bildirilib.

“Hazırda onlardan heç bir xəbər yoxdur”, deyə vəkil bildirib.

A.Hüseynovun 3 qardaşının saxlanması ilə bağlı deyilənlərə, hələlik, rəsmi orqanlardan münasibət almaq mümkün olmayıb.

Abbas Hüseynov məhkəmədə kəskin mövqeyi ilə seçilir. Hətta, bir dəfə hakim onu məhkəmə salonundan çıxarıb. Bəziləri ehtimal edirlər ki, qardaşlarını məhz Abbas Hüseynovu susdurmaq məqsədilə saxlayıblar.Bəzi müşahidəçilər isə Hüseynov qardaşalrının saxlnamsının müvəqqəti xarakter daşıdığını düşünür. Hesab edirlər ki, "Məhərrəm ayı"nın 7-ci günüdən sonra qardaşlar azad ediləcək.

2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçiriblər. Əməliyyat zamanı ikisi polis olmaqla, 6 nəfər həlak olub.

Həmin gün "Müsəlman Birliyi Hərəkatı"nın sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı, o cümlədən müavini A.Hüseynov həbs edilib.

Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Onlardan daha yüngül maddələrlə ittiham edilənlərdən bir çoxunun məhkəməsi başa çatıb. Bəzilərinə 1 il 6 aydan 6 il 6 aya qədər həbs cəzası verilib.

Taleh Bağırov, Abbas Hüseynov və daha 16 nəfərin məhkəməsi ayrılıqda davam edir. Taleh Bağırov və onunla saxlananlar qətldə, daha bir çox ağır cinayətlərdə ittiham edilir. Təqsirləndirilən bu ittihamları rədd edirlər, onlardan ifadələrin işgəncə altında alındığını bildirirlər. Ancaq məhkəmədə ifadə verən hüquq-mühafizə əməkdaşları işgəncələrlə bağlı şikayətləri təkzib edirlər.

XS
SM
MD
LG