Accessibility links

Abbas Abbasov: Rusiyada yaşayan azərbaycanlıların mənəvi məhvindən əl çəkin


Abbas Abbasov

Abbas Abbasov

“Məgər sizin seçkiöncəsi mübarizədə özünüzü təqdim etmək üçün başqa üsulunuz yoxdur?”, deyə Rusiya Azərbaycan Təşkilatları İttifaqının (RATİ) sədri bəyanatında qeyd edir

Rusiya Azərbaycan Təşkilatları İttifaqının (RATİ) sədri və Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti - “AzərRos”un Ağsaqqallar Şurasının sədri Abbas Abbasov bəyantla çıxış edib. Bəyanat “AzerRos”un saytında yerləşdirilib.

Abbasov bildirir ki, belə bəyanatla çıxış etməyə “son bir neçə ayda Azərbaycanda Rusiya əleyhinə aparılan yalan kampaniyası” vadar edib.

Sənəddə deyilir ki, Rusiyada 2 milyon azərbaycanlı yaşayır.

O, Azərbaycanın hüdudlarından kənarda yaşayan, onun mədəniyyətini, incəsənətini, tarixini təbliğ edən həmvətənlərimiz qarşısında daha məsuliyyətli olmağa” çağırır.

“Müxtəlif səbəblərlə Azərbaycandan gedən insanların taleyi ilə oynamaqdan vaz keçin. Mən anlamıram ki, çoxmillətli Rusiyada bu qarşıdurma kimə lazımdır. Siz anlayırsınız ki, sizin Rusiyaya qarşı pis qoxulu kampaniyanız bu ölkədə yaşayan həmvətənlərimizə necə təsir göstərəcək?

Bilin ki, burada yaşayan azərbaycanlıların çoxu normal həyat sürür, onlara bu ölkədə təqdim edilənlə razıdırlar, bura onların ikinci vətənidir. Onlar Azərbaycanda siyasi vəziyyəti gərginləşdirməyə xidmət edən heç bir oyunun iştirakçısı olmaq istəmirlər. Məgər sizin seçkiöncəsi mübarizədə özünüzü təqdim etmək üçün başqa üsulunuz yoxdur?

Rusiyanın sizin daxili işlərinizlə nə əlaqəsi var? Xeyirli bir işlə məşğul olun və Rusiyada yaşayan azərbaycanlıların mənəvi məhvindən əl çəkin. Buna nə qədər dözmək olar?

Mən həmvətənlərimizə müraciət edirəm. Əziz qardaş və bacılar! Biz yalançı vətənpərvərlərə taleyimizlə oynamaq imkanı verməməliyik. Korrupsiya və işsizlik kimi problemləri həll etmək, ölkədə keyfiyyətli təhsil və səhiyyə xidməti yaratmaq əvəzinə onlar özlərinə Rusiyanın simasında düşmən uydurublar. Onlar bilərəkdən xaosa gətirib çıxara biləcək hərəkətlər edir, Azərbaycandakı siyasi və ictimai stabilliyi pozmaq istəyirlər”, - deyə bəyanatda bildirilir.

Son zamanlar Rusiyada fəaliyyət göstərən təşkilatlara və onların liderlərinə qarşı mətbuatda kampaniya aparıldığını bildirən A.Abbasov bunun dayandırılmasının istəyib.

“Biz bunun arxasında kimlərin dayandığını bilirik. Onların adları Azərbaycanda da, Rusiyada da məlumdur. Biz bu kampaniyanı kimin yönəltdiyini və maliyyələşdirdiyini bilirik. Öz nəzarətlərində olan KİV vasitəsilə onlar yalan informasiyalar yayırlar. Bizim Rusiyadakı Azərbaycan icmasını möhkəmləndirmək üçün ciddi planlarımız var. Bütün xalqımızın birləşməsini arzu edirəm”, Abbasov qeyd edir.
XS
SM
MD
LG