Accessibility links

Kürdüstan Fəhlə Partiyası-PKK-nın həbsdə olan lideri Abdulla Öcalan atəşkəs elan edərək, qüvvələrinin Türkiyədən çıxarılmasına göstəriş verib. Öcalanın atəşkəs haqda bəyanatı Diyarbəkirda təşkil edilən Novruz mərasimində elan edilib.

Abdulla Öcalanın mübarizə yolu

- 1978-Abdulla Öcalan PKK-nı təsis edir.
- 1984-Kürd yaraqlılar Türkiyənin cənub-çərq bölgəsində silahlı mübarizəyə qalxır.
- 1999-Ocalan Keniyada ələ keçirilərək, Türkiyəyə aparılır və ölüm cəzasına məhkum edilir.
- 2002-Öcalanın hökmü ömürlük həbs cəzasına dəyişdirilir.
- 2012-PKK döyüşlərini intensivləşdirir, həbsdə olan kürdlər iki aylıq aclıq tətili elan edir.
- 2013-Öcalan həbsxanada türk rəsmiləri ilə görüşərək, atəşkəsə çağırır.

Atəşkəs elanı uzun müddətdir gözlənilirdi. Lakin qüvvələrin ilin sonunadək Türkiyədən çıxarılması böyük rezonans yaradıb.

Ekspertlərin dediyinə görə, Türkiyədə 3000-dən artıq kürd döyüşçüsü yerləşir.
Bəyanatın qarşılığında Türkiyə hökumətinin nə verəcəyi bəlli deyil. Lakin kürd siyasətçilər yeni konstitusiyanın təsisinə yol açacaq islahatları gözləyirlər.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan kürd qüvvələrinin ölkəni tərk etməsini danışıqlara şərt qoymuşdu.

1999-ci ildə qüvvələrin Türkiyədən çıxarılması Öcalanın ələ keçirilməsinə yardım etmişdi.

Müşahidəçilər qarşılıqlı etimadın hələ də böyük maneə olaraq qaldığını deyir. Tərəflərin münaqişənin həllinə doğru atdıqları bu son addımlar sülhün bərqərar edilməsinə yardım edə bilər.

30 ildir davam edən qarşıdurma 40 min insan həyatı bahasına başa gəlib.
PKK ABŞ və Avropa Birliyi tərəfindən terrorçu təşkilat kimi tanınır.

Show comments

XS
SM
MD
LG