Accessibility links

“Mikayıl Müşfiqin abidəsinin sökülməsinə görə iş icraçısının cəzalandırılması gülməlidir”


Mikayıl Müşfiqin büstü (sökülməmişdən əvvəl)

Azərbaycanın tanınmış şairi Mikayıl Müşfiqin abidəsinin sökülməsinə görə "Azəravtoyol" ASC-nin bir neçə işçisi cəzalandırılıb. "Azəravtoyol" mətbuat xidmətinin rəisi Anar Nəcəflinin verdiyi məlumata görə, 8 nömrəli "Xüsusi təyinatlı yol istismarı" MMC-nin iş icraçısı "rəhbərliyə məlumat vermədən abidəni söküb".

Bu səbəbdən iş icraçısı Ramiz Rəhimov tutduğu vəzifədən azad edilib və işdən kənarlaşdırılıb. MMC direktoru Əliqeybət Şirinova xəbərdarlıq edilib, baş mühəndis Yuris Hüseynova isə ciddi töhmət verilib.

"Azəravtoyol" ASC Müşfiqin abidəsinin sökülməsi haqqında ictimaiyyətə və KİV-də gec məlumat verdiyinə görə üzr istəyir.

Mikayıl Müşfiqin büstünün dağıdılmış postamenti

Mikayıl Müşfiqin büstünün dağıdılmış postamenti

Qeyd edək ki, Müşfiqin abidəsinin sökülməsi sosial şəbəkələrdə narazılığa səbəb olub. Bu zaman mədəniyyət abidələrinin qorunmasına görə məsuliyyət daşıyan bütün dövlət orqanları prezident İlham Əliyev bunu pisləyənədək susub.

Bu ərazinin yenidənqurulması dövlət başçısı tərəfindən təsdiq olunmuş keçmiş Sovetski küçəsinin abadlaşdırılması planında nəzərdə tutulub.

“Görkəmli şair, Stalin repressiyanın qurbanı Mikayıl Müşfiqin abidəsinin sökülməsinə görə iş icraçısının cəzalandırılması qatarların toqquşmasına görə şlaqbaumu günahlandırmaq kimi bir şeydir”.

Tarixi-mədəni irsin qorunması üzrə İctimai Nəzarət Komitəsinin koordinatoru Aytəkin İmranova Mikayıl Müşfiqin postamentinin sökülməsi ilə bağlı Amerikanın Səsinin sualının cavabında bildirib.

O deyib ki, abidənin sökülməsi barədə qərarı iş icraçısı qəbul edə bilməz. O, ancaq icraçıdır. Bu barədə qərar qəbul edən orqanlar və abidələrin qorunmasına nəzarət edən qurum cəzalandırılmalıdır.

Aytəkin İmranova, Tarix, mədəni və təbii irsi qoruma QHT-lərinin ictimai nəzarət komitəsinin əlaqələndiricisi

Aytəkin İmranova, Tarix, mədəni və təbii irsi qoruma QHT-lərinin ictimai nəzarət komitəsinin əlaqələndiricisi

A.İmranova qeyd edib ki, abidə müəllifin yaratdığı forma və stildə yerinə qaytarılmalıdır.

“Abidənin yerinin, forma və stilinin dəyişdirilməsi yolverilməzdir. Abidə tarixdir və müəllif təxəyyülünün məhsuludur. Müəllif hüquqlarının pozulması anlayışı var. Abidənin qoyulduğu yer tarixi və ideoloji məzmuna malikdir”, o bildirib.

A.İmranovanın sözlərinə görə, son illər Bakıda məhəllələrin sökülməsi zamanı bir çox tarixi, memarlıq və dini abidələr dağıdılıb.

“Dağıdılmış abidələr turizm industriyası üçün əvəzsiz olub. Ölkədə tarixə, memarlığa, dinə, ətraf mühitə münasibət dəyişməlidir. Abidə ən azı mənəvi dəyərdir. Abidələrə Avropada olduğu kimi, iqtisadi maraqlardan üstün dəyərlər kimi yanaşılmalıdır. Dövlət və cəmiyyət bunu başa düşməlidir”, ekspert vurğulayıb.

XS
SM
MD
LG