Accessibility links

Azərbaycan və ABŞ “Açıq Səma Sazişi” imzalayıb [Video]


Sənəd hər iki ölkənin aviaşirkətləri üçün yeni imkanlar açacaq

Azərbaycan Hava Yolları (AZAL) QSC-nin prezidenti Cahangir Əsgərov və ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta aprelin 6-da iki ölkə arasında aviadaşımalar bazasının liberallaşdırlması üzrə “Açıq Səma Sazişi” (Open Skies Agrement) imzalayıb.

Sənəd ABŞ və Azərbaycan arasında hava nəqliyyatının təşkili prosesinin sadələşdirilməsinə, həmçinin kommersiya reyslərinin sayının artmasına imkan verəcək.

“Açıq Səma Sazişi” aviaşirkətlərin marşrutlar üzrə kommersiya qərarlarına və qiymət qoyma siyasətinə dövlət müdaxiləsini aradan qaldırmsağı nəzərdə tutur.

Qeyd edək ki, Azərbaycan mülki aviasiyasının normativ bazasının təkmilləşdirilməsi sayəsində ABŞ-ın Federal Aviasiya İdarəsi bu ölkəni aviasiya təhlükəsizliyinin ən yüksək səviyyəsi – “A” kateqoriyasına layiq görüb. Bu isə iki ölkə arasında birbaşa aviareyslərin işə salınmasına imkan verib. AZAL 2014-cü il sentyabrın 23-də Nyu Yorka həftədə iki dəfə olmaqla “Boeng 787-9” Dreamliner təyyarələri ilə reyslər yerinə yetirir.

AZAL prezidenti Cahangir Əsgərov iki ölkə arasında imzalanan “Açıq Səma Sazişi”ni önəmli hadisə kimi adlandırıb.

“Sazişin imzalanması Azərbaycan hökuməti və ABŞ aviasiya şirkətlərinin möhkəm iradəsi nəticəsində baş tutub.Saziş iki ölkənin aviaşirkətkləri üçün bütün məhdudiyyətləri aradan qaldırmağa imkan verəcək və hər iki ölkənin aviaşirkətlərinin fəaliyyətinə müsbət təsir göstərəcək”, o qeyd edib.

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bildirib ki, saziş iki ölkə arasında irəliyə doğru atılmış çox önəmli, vacib bir addımdır.

“Bu sazişin imzalanma mərasimi prezident Əliyevin ABŞ-a çox uğurlu və məhsuldar səfərindən bir neçə gün sonraya təsadüf edir. Sazişin imzalanması ölkələrimiz arasında irəliyə doğru atılmış çox vacib bir addımdır və sözün əsl mənasında iki ölkənin xalqlarını bir araya gətirəcək. İstər turist, istər biznes adamları kimi mal mübadiləsi baxımından ABŞ-Azərbaycan arasında bir körpü yaradacaq”, səfir vurğulayıb.

XS
SM
MD
LG