Accessibility links

Ərdoğan seçkiqabağı medianı hədəf alır [Təhlil]


Türkiyə polisi çərşənbə axşamı günü prezident Rəcəp Tayyip Ərdoğanı və onun islam yönümlü partiyası AKP-nı tənqid edən qəzet və yayım şirkətinə məxsus biznes qurumlarında yeni reyd keçirib.

Koza İpək qrupunda reyd tvitter sosial şəbəkəsində prezident Ərdoğanın noyabrda keçiriləcək seçkilərdən əvvəl mətbuata qarşı təzyiqləri gücləndirəcəyi haqda xəbərin yayılmasından bir neçə gün sonra baş verib. Bu xəbərlər hökümətin mətbuat nümayəndələrinin akkreditasiyası prosesinə daha böyük nəzarətinə imkan verən yeni qanunun qüvvəyə minməsindən sonra yayılıb.

Fətullah Gülən və Rəcəb Tayyib Ərdoğan siyasi karyerasının başlanğıcında
Fətullah Gülən və Rəcəb Tayyib Ərdoğan siyasi karyerasının başlanğıcında

Dövlətə məxsus Anadolu xəbər agnetiyinin məlumatına əsasən, Koza İpək qrupunun sahib olduğu 23 media şirkətində axtarış aparılıb. Qrupun hazırda Birləşmiş Ştatlarda mühacirətdə olan Fətullah Gülənə maddi dəstək verdiyi haqda xəbər verilib. Türkiyə prezidentinin bir zaman müttəfiqi olmuş Fətullah Gülən daha sonra onun ən güclü tənqidçilərindən birinə çevrilib.

Türkiyə polisi aparılan reydlər barədə hələlik açıqlama verməyib. Qrupun iki televiziya stansiyasının redaktoru Erkan Akkuş bildirib ki, şirkətin baş ofisi və Ankarada yerləşən televiziya stansiyalarının əsas studiyaları, habelə şirkət rəhbərinin evində axtarış aparılıb.

Hədəf müxalif medianı seçki öncəsi susdurmaqdır.
Erkan Akkuş

Erkan Akkuş: “Hədəf müxalif medianı seçki öncəsi susdurmaqdır. Bunun təkcə bizim qrupa qarşı bir addım olduğunu düşünmək səhvdir. Onlar bizimlə başlayıb reaksiyanın necə olacağını görmək istəyirlər. Əgər qığılcım çıxmasa, başqa media qruplarına da keçəcəklər.”

Türkiyədə hazırda bir çox jurnalist dövlət məmurlarını təhqir etmək də daxil olmaqla müxtəlif ittihamlarla üzləşib. Məhkəmə işlərinin çoxu dekabr ayında onlarla jurnalistin və media işçisinin həbs edildiyi vaxtdan başlayıb. İttihamlar beynəlxalq insan haqları qruplarının tənqidlərinə məruz qalıb. Avropa Parlamenti Ankaraya dekabr ayında saxlanılan jurnalistlərə görə töhmət verib. Jurnalistlərin bəziləri terrorizm ittihamları ilə üzləşib.

Müstəqil qəzet və yayım şirkətləri AKP hökuməti ilə uzun müddətdir mübarizə aparır. AKP media şirkətlərinin yayıma məsuliyyətsiz şəkildə yanaşmaqda günahlandırır.

Koza İpək qrupunda axtarışlarla yanaşı, Türkiyə rəsmiləri ABŞ-ın media orqanı VİCE News şirkətinin iki britaniyalı jurnalisti və türk tərcüməçisinin həbs edilməsinə görə tənqidlərə məruz qalıb. Jurnalistlər Türk hərbi qüvvələrinin Kürd separatçılarına qarşı apardığı mübarizə haqda film çəkdikləri üçün terrorizm ittihamları ilə üzləşiblər.

"Türkiyə rəsmilərini atdıqları addımların demokratik dəyərlər, ifadə azadlığına hörmət, media və informasiya əldə etmək imkanı azadlığını müdafiə etdiyini təmin etməyə çağırırıq."
Mark Toner, ABŞ Dövlət Departamentinin sözçüsü

ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner bildirib: "Türkiyənin dostu və NATO müttəfiqi olaraq Türkiyə rəsmilərini atdıqları addımların demokratik dəyərlər, ifadə azadlığına hörmət, media və informasiya əldə etmək imkanı azadlığını müdafiə etdiyini təmin etməyə çağırırıq." O, jurnalistlərin ifadə azadlığının sağlam demokratiyanın inkişafı üçün əhəmiyyətli olduğunu əlavə edib.

Beynəlxalq İnsan Haqları qrupu Amnesty İnternational VİCE News-un jurnalistlərini azad etməyə çağırıb və onlara qarşı irəli sürülən iddiaları gülünç adlandırıb.

Təşkilatın nümayəndəsi Endrü Qardner deyib ki, bu, Türkiyə rəsmilərinin onları utandıran xəbərlər yayan jurnalistləri susdurdurduğuna növbəti nümunədir.

Polis reydlərindən sonra Cumhuriyyət qəzetinin redaktoru Can Dündar bildirib: "Türkiyədə seçkilərdən öncə iki qəzet qalır. Siz bütün qəzetləri susdursanız belə, həqiqətləri gizlədə bilməyəcəksiz."

Koza İpek qrupunun icraçı direktoru Akın İpek yayımladığı bəyanatda deyib ki, polis onun Ankaradakı evində də axtarış aparıb. O onun və ya şirkətinin heç bir qeyri-qanuni fəaliyyətdə iştirak etmədiyini vurğulayıb. Çərşənbə axşamı günü aparılan axtarışa Maliyyə Nazirliyinin maliyyə cinayətləri üzrə departamenti rəhbərlik edib.

XS
SM
MD
LG