Accessibility links

ABŞ Bakını ATƏT-in tövsiyələrini yerinə yetirməyə çağırır


ABŞ-ın ATƏT-də nümayəndəsi Daniel Baer

ABŞ-ın ATƏT-də nümayəndəsi Daniel Baer

“ABŞ təəssüf edir ki, bu seçkilər beynəlxalq standartlardan və Azərbaycanın ATƏT qarşısındakı öhdəliklərindən çox uzaq olub”

Azərbaycanda prezident seçkilərinə münasibət ifadə edən bəyanatını cümə axşamı yenidən təkrar edən ABŞ hökuməti rəsmi Bakıya seçki ilə bağlı bütün məlumat və pozuntuların şəffaf və etimad ediləcək şəkildə təhqiqatını aparmağa və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) yekun hesabatında əksini tapan tövsiyələri yerinə yetirməyə çağırıb.

Turan agentliyinin xəbərində deyilir ki, bu dəfə rəsmi Vaşinqtonun mövqeyini ABŞ-ın ATƏT-də nümayəndəsi Daniel Baer çatdırıb.

ATƏT-in Vyanadakı Daimi Şurasına ünvanlanan bəyanatda deyilir:

“Biz Azərbaycan hökumətini sərbəst toplaşmaq, ifadə azadlığı barədə ATƏT qarşısında götürdüyü öhdəliklərinə hörmət etməyə çağırırıq. Biz rəsmi Bakını seçkilərdən sonra zorakılıqdan çəkinməyə çağırırıq”, bəyanatda deyilir.

“Biz Azərbaycanı sabit, çiçəklənən və beynəlxalq birliyin demokratikləşən üzvünə döndərə bilmək üçün Azərbaycan xalqını dəstəkləməyə və hökumətlə çalışmağa hazırıq”, sənəddə qeyd edilir.

Bəyanatda deyilir ki, ABŞ ATƏT/DTİHB-nın missiyası tərkibinə iki uzunmüddətli və 25 qısamüddətli müşahidəçilər göndərib və seçkinin nəticələrinə dair missiyanın 10 oktyabrda verdiyi bəyanatı qəti şəkildə dəstəkləyir.

ATƏT/DTİHB-nin ilkin rəyinə görə seçkilər ifadə, sərbəst toplaşmaq azadlıqlarının məhdudlaşdırılması ovqatında keçirilib. Seçki kampaniyası namizədlərə təzyiq, seçicilərin qorxudulması, KİV-lər üçün məhdudiyyət kimi “qanqaraçılığa” bulaşıb. Kampaniyanın bütün mərhələlərində və səsvermə günü ciddi problemlər yaşandığı yada salınır.

“ABŞ təəssüf edir ki, bu seçkilər beynəlxalq standartlardan və Azərbaycanın ATƏT qarşısındakı öhdəliklərindən çox uzaq olub”, bəyanatda deyilir.

ABŞ missiyası ATƏT üzvü olan bəzi dövlətlərin seçkilərdə ATƏT-in rolunu şübhə altına qoymasından dərin narahatlıq keçirdiyini nəzərə çatdırır. ATƏT üzvü olan dövlətlərin seçkilərdə ATƏT/DTİHB-nin tövsiyələrini dəstəkləyəcəkləri barədə 1999-cu il İstanbul sammitində dəqiq öhdəliklər götürmələri qeyd olunur.

İştirakçı dövlətlər ATƏT önündəki öhdəliklərinə uyğun azad və ədalətli seçkilər keçirmək öhdəliyi götürürlər.

Bu məsələ ilə bağlı 1990-cı ildə qəbil edilən Kopenhagen sənədində deyilir:

“Biz qəbul edirik ki, DTİHB iştirakçı-dövlətlərə seçki qanunvericiliyinin işlənməsi və icrası ilə bağlı iştirakçı-dövlətlərə yardım edə bilər.

Bu öhdəliklərə uyğun olaraq seçkilər zamanı DTİHB, ATƏT Parlament Assambleyası və seçkiləri müşahidə etmək üçün dəvət olunurlar.
Biz DTİHB-nin seçkilərin keçirilməsinə dair rəy və tövsiyələrinə gecikmədən reaksiya verməklə də razılaşırıq”, sənəddə qeyd edilir.

“Narahatlıq doğuran budur ki, Azərbaycanın ATƏT qarşısında götürdüyü öhdəliklərə və demokratik standartlara cavab verə bilməsi üçün üzə çıxan problemləri həll etmək əvəzinə DTİHB-nin seçkilərlə bağlı rəyini rədd edirlər”, bəyanatda vurğulanır.

Mövzuya uyğun

XS
SM
MD
LG