Accessibility links

ABŞ-ın ATƏT-dəki missiyası İlqar Məmmədovu azad etməyə çağırır


ABŞ-ın ATƏT-dəki missiyası
ABŞ-ın ATƏT-dəki missiyası

ABŞ-ın ATƏT-dəki missiyası Azərbaycanın Ali Məhkəməsi tərəfindən REAL hərəkatının sədri İlqar Məmmədovun apellyasiyasına verilən imtina qərarına dair narahatlıq bildirənlərə qoşulur. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi Facebook səhifəsində məlumat yayıb.

“ABŞ-ın ATƏT-dəki missiyası həmçinin Azərbaycan rəsmilərini cənab Məmmədova qarşı irəli sürülən bütün ittihamları aradan qaldırmağa, onun haqqında Avropa İnsan Haqqları Məhkəməsinin verdiyi qərara riayət etməyə çağırır”, missiyanın bəyanatında deyilir.

Noyabrın 18-də Azərbaycan Ali Məhkəməsi hakim Əli Seyfəliyevin sədrliyi ilə REAL Hərəkatının lideri, həbsdə olan İlqar Məmmədov və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun kassasiya şikayətini təmin etməyib.

İ.Məmmədov və T.Yaqublu 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham edilərək mühakimə olunub və müvafiq olaraq 7 və 5 il müddətinə azadlıqdan məhrum ediliblər.

Tofiq Yaqublu 2016-cı il martın 17-də prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2014-cü ilin mayında İlqar Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından sonra onun işi baxılmaq üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılıb. Bu il aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra müdafiə tərəfi Şəki Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə isə noyabrın 18-də kassasiya şikayətini təmin etməyib.

Avropa Şurası Nazirlər Komitəsi 2016-ci il 20-21 sentyabr iclasında İ.Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu bildirib. Nazirlər Komitəsi Bakının AHİM-in qərarının icrasından imtina etməsini müzakirə edərək, İlqar Məmmədovun azadlığa buraxılmamasını AİHM-in qərarlarının məcburi icrasını tələb edən Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının 46.1-ci maddəsinin pozulması kimi qiymətləndirib.

Komitə Azərbaycan hakimiyyətini öz öhdəliklərini könüllü yerinə yetirməyə çağırıb.

XS
SM
MD
LG