Accessibility links

ABŞ səfirliyi: Ramiz Mehdiyevin fikirləri ilə razı deyilik


ABŞ səfiri Riçard Morninqstar

ABŞ səfiri Riçard Morninqstar

Səfirlik prezident administrasiyasının rəhbərinə cavab verdi

ABŞ-ın Bakıdakı səfirliyi Amerikanın Səsinin Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin AzərTAc dövlət agentliyinə Amerikanın Azərbaycandakı səfirini kəskin tənqid edən müsahibəsi ilə bağlı sorğusuna cavab verib. Cavabda deyilir:

“Səfir Riçard Morninqstarın dünən dediyi kimi insanların, cənab Ramiz Mehdiyev də daxil olmaqla fikrini ifadə etmək hüququ var. Biz cənab Mehdiyevin fikirləri ilə razı deyilik. Biz hər kəsi veb saytımızda yerləşdirilmiş müsahibənin əsli ilə tanış olmağa və deyilənlər barədə öz fikrilərini formalaşdırmağa çağırırıq”, deyə səfirliyin cavabında deyilir.

Azərbaycan Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev “AzərTAc” Dövlət Agentliyinə müsahibəsində səfir Morninqstarın Azadlıq Radiosuna müsahibəsində dediklərini kəskin tənqid edib.

R. Mehdiyev qeyd edib ki, ABŞ səfirinin müsahibəsi təəccüb doğurur: “ABŞ səfirinin bu müsahibəsi dünyada və postsovet məkanda daha çox Qərbin ucbatından gərginləşən geosiyasi proseslər fonunda ən azı təəccüb doğurur. Onu bu müsahibəni verməyə və diplomatik etiketə uyğun olmayan olduğunu deməyə çətinlik çəkirəm. Bu, ölkənin daxili işlərinə açıq, birbaşa, kobud müdaxilədir və buna haqq qazandırmaq mümkün deyil. Bu həm də Diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına görə yolverilməzdir”.

R. Mehdiyev bildirib ki, səfirin müsahibədəki tonunda əmr və fikirlərini müstəqil dövlətə qəbul etdirmək cəhdi var: “Səfir Morninqstar unutmamalıdır ki, Azərbaycan kiminsə müstəmləkəsi yox, özünü tam təmin edən dövlətdir”

Xatırladaq ki, Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstar bir neçə gün öncə Azadlıq Radiosuna müsahibəsində Azərbaycanla bağlı tənqidi fikirlər səsləndirib. Səfir Azərbaycan hökumətinin monolit olmadığını deyib, ölkədə demokratiya və azadlıqlar sahəsində problemlərdən danışıb. Morninqstarın fikriləri sərt tənqidlə qarşılanıb.

Hazırda Prezident Administrasiyasına rəhbərlik edən Ramiz Mehdiyev siyasi karyerasına Kommunist Partiyasında başlayıb. 1972-ci ildən Azərbaycan Dövlət Universitetinin elmi kommunizm kafedrasında müəllim kimi dərs deyən Mehdiyev 1974-cü ilin mayında Azərbaycanda KP MK aparatında təbliğat və təşviqat şöbəsində mühazirəçi vəzifəsinə irəli çəkilib. Daha sonra o, Kommunist Partiyasının katibi vəzifəsində çalışıb.

1993-cü ildə sabiq Politbüro üzvü Heydər Əliyevin hakimiyyətə gəlməsindən az sonra Ramiz Mehdiyev yenidən idarəçiliyə cəlb olunub. 1995-ci ildən bəri Prezident Administrasiyasına rəhbərlik edən Ramiz Mehdiyev Azərbaycanda ən uzun müddət vəzifədə qalmış rəsmilərdən biridir.

Sovet dönəmində “Qırmızı Əmək Bayrağı” ordeni, Azərbaycan müstəqillik əldə etdikdən sonra isə “İstiqlal” ordeni ilə təltif edilib.

Show comments

XS
SM
MD
LG