Accessibility links

ABŞ-ın Azərbaycandakı Səfirliyi Mühacir Vizası (MV) və yaxud Viza Lotereyası proqramının ərizəçilərinə göndərilən saxta elektron poçt və məktubların sayının əhəmiyyətli dərəcədə artması ilə bağlı ictimaiyyətə xəbərdarlıq edir.

“Bu cür saxta elektron poçt və məktubların müəllifləri MV proqramının ərizəçilərindən ödəniş əldə etmək üçün özlərini ABŞ hökumətinin nümayəndəsi kimi təqdim edirlər. Potensial saxta müraciətləri müəyyən etməyə köməklik göstərmək üçün ərizəçilərə MV üzrə qaydalar və prosedurlar haqqında məlumatı nəzərdən keçirməyi tövsiyə edirik”, ABŞ səfirliyi bildirir.

Səfirliyin xəbərdarlığında deyilir ki, ərizəçilərə öz statuslarını yoxlamaq üçün MV İştirakçısının Statusunun Yoxlanılması bölməsinə onlayn rejimdə daxil olmalarını xatırlatmaq məqsədilə ABŞ hökuməti tərəfindən elektron poçt göndərilə bilər, lakin onlara MV iştirakçısına çevrilmələri barədə hər hansı xəbərdarlıq məktubu və yaxud elektron poçt göndərilmir.

Ərizəçilər MV proqramına olan müraciətlərinin qəbul olunub-olunmaması ilə bağlı məlumatı yalnız MV İştirakçısının Statusunun Yoxlanılması bölməsinə onlayn rejimdə aşağıdakı ünvandan daxil olaraq yoxlaya bilərlər: http://www.dvlottery.state.gov.

Yadda saxlayın ki, MV lotereyasına müraciət pulsuzdur. MV lotereyasının iştirakçılarından yalnız onlar lotereyada seçildikdən və Mühacir Vizasına müraciət edə biləcəkləri haqqında təlimat verildikdən sonra ödəniş etmək tələb olunur. Bu ödənişlər əvvəlcədən təyin olunmuş qrafik əsasında ABŞ Səfirliyinin və yaxud Konsulluğun kassasına ödənilir. ABŞ hökuməti heç bir halda ərizəçilərdən ödənişi çek, bank və yaxud poçt köçürməsi vasitəsilə əvvəlcədən həyata keçirməyi tələb etmir. Ərizə formasının təqdim olunması, mühacir vizası nömrəsinin verilməsi və yaxud vizanın alınmasını “vəd” verən xidmətlərin müqabilində tələb olunan istənilən ödənişlər fırıldaqçılıq məqsədi güdür. Əgər ərizəçilər MV proqramı ilə bağlı onlara edilən müraciətlərin qanuni olub-olmadığına əmin deyillərsə bu halda onlardan Consularbaku@state.gov elektron poçtu vasitəsilə ABŞ Səfirliyinin Konsulluq Şöbəsinə müraciət etməyi xahiş edirik.

ABŞ-ın Bakıdakı Səfirliyi MV ərizəçilərindən qeyri-qanuni ödənişlərin əldə olunması məqsədilə həyata keçirilən fırıldaqçılıq əməllərinin dayandırılması üçün yerli hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edəcəkdir.

“Əgər siz bu cür fırıldaqçılıq əməlinin qurbanı olduğunuzu hesab edirsinizsə və yaxud fırıldaq məqsədilə sizə müraciət olunubsa, xahiş edirik bu haqda bizə Facebook səhifəmiz vasitəsilə və yaxud Consularbaku@state.gov elektron poçt ünvanına müraciət etməklə məlumat verəsiniz”, səfrilik əhaliyə müraciət edir.

XS
SM
MD
LG