Accessibility links

ABŞ səfirliyi: ABŞ hökuməti Xədicə İsmayılovaya qarşı hökmdən dərin narahatlığını ictimai çıxışlarında və şəxsi görüşlərdə ifadə edib


Amerika səfirliyi

Amerika səfirliyi

ABŞ hökuməti jurnalist Xədicə İsmayılovanın 7 il yarım müddətinə azadlıqdan məhrum edilməsi barədə məhkəmə qərarından dərin narahatlığını ifadə edir.

ABŞ-ın Azərbaycandakı səfirliyi Xədicə İsmayılovaya qarşı məhkəmə hökmü barədə sualın cavabında bildirib.

Səfirlik bildirib: “ABŞ hökuməti Xədicə İsmayılovanın məhkəmə prosesi və ona qarşı çıxarılan hökmdən dərin narahatlığını həm ictimai çıxışlarında, həm də şəxsi görüşlərdə ifadə edib.

Prezident İlham Əliyevin də bu yaxınlarda vurğuladığı kimi mətbuat azadlığı demokratik prinsiplərin ayrılmaz tərkib hissəsidir və onun pozulması Azərbaycanın maraqlarına ziddir.

Bütün fundamental azadlıqların təmin edildiyi mühitin yaradılması, Azərbaycanda görmək istədiyimiz parlaq, çiçəklənən və sabit gələcəyin vacib elementidir. Bu cür gələcəyi təmin etmək üçün ABŞ Azərbaycanla əməkdaşlığa sadiqdir və ümid edirik ki, hökumət Azərbaycanın potensialından tam istifadə edilməsi üçün lazımi addımlar atacaq.

Azərbaycan təhlükəsizlik sahəsində, o cümlədən də regional və qlobal enerji təhlükəsizliyi sahələrində ABŞ-ın çox vacib tərəfdaşıdır. Azərbaycanın bu istiqamətdə rolunu davam etdirməsi və özünün demokratik gələcəyini qurması üçün birlikdə işləməliyik”, cavabda bildirilir.

Xədicə İsmayılova ötən ilin dekabrında həbs olunub. Bu il sentyabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə Xədicə İsmayılovaya hökm oxunub. Hökmə əsasən, X. İsmayılova 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Jurnalist verilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa o, 3 il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilib.

Məhkəmə jurnalistə Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) maddəsi üzrə bəraət verib. Onu həmkarı Tural Mustafayevi ölüm həddinə çatdırmaqda ittiham edirdilər. T. Mustafayev məhkəmədə X.İsmayılova haqda istintaqa verdiyi ifadədən imtina edib, intihara cəhdinin nişanlısı ilə münasibətinin pozulmasından qaynaqlandığını deyib.

Jurnalist ittihamları rədd edir və həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyir. O bildirib ki, prezident İlham Əliyev və digər yüksək vəzifəli məmurların qanunsuz biznes fəaliyyətini araşdırdığı üçün belə basqıyla üzləşib.

ABŞ-la yanaşı, məhkəmənin bu qərarını Böyük Britaniya hökuməti və bir çox beynəlxalq təşkilat sərt tənqid edib. Onlar İlham Əliyev hökumətini Xədicə İsmayılovanı dərhal azadlığa buraxmağa çağırıb.

XS
SM
MD
LG