Accessibility links

ABŞ-da 4 minə yaxın suriyalı qaçqın yerləşdirilib [VİDEO]


ABŞ oktyabr ayında müxtəlif ölkələrdən olan 85 min qaçqını ölkədə yerləşdirəcək. Qaçqınların 10 mini Suriyadan gələcək. Artıq 4 minə yaxın suriyalı qaçqının böyük hissəsi ABŞ-ın İllinoys ştatına yerləşib. Lakin onların Amerikaya gəlib çıxması hələ sülh və sabitlik sorağında keşməkeşli yolun sonu deyil.

Çikaqoda yaşamağa başladıqlarının ikinci həftəsi Həsnə Mərzə və onun səkkiz yaşlı qızı Səmanın başı üzərində səma işıqlandı.

“Müstəqillik günündə çox partlayış səsləri və atəşfəşanlıq oldu. Əvvəl biz evdə çox qorxduq. Lakin sonra mən bunun atəşfəşanlıq olduğunu anladım və Səmaya bunun yalnız atəşfəşanlıq olduğunu göstərdim. Mən qızıma bunun Suriyadakı müharibə kimi olmadığını dedim,” Həsnə Mərzə ABŞ-da həyata uyğunlaşmalarından danışır.

Onlar müharibənin ortasında Dəməşq şəhər ətrafında yaşayıblar. O zamanlar 4 yaşı olmuş Səma müharibə sarsıntısı keçirib.

“O zamanlar biz döyüşən iki tərəf arasında idik. Biz zirzəmiyə enmişdik və raket başqa mərtəbəni dağıtdı,” deyə o, acı xatirələrini bölüşüb.

Onların Suriyadan qaçışının üçüncü cəhdi uğurlu olub və Həsnə və Səma Misirə yetişib. Bir neçə ildən sonra nəhayət onlar bu il iyun ayında ABŞ-a gəlib.

Melina Kano deyir ki, ABŞ-da qaçqınların yerləşdirilməsi proqramı sürətlə həyata keçirilən bir proqram deyil.

Melina Kano Həsnə və onun qızına yardım edən “Refugee One” təşkilatının rəhbəridir. Kano onların mücadiləsini yaxşı anlayır.

Kano hadisənin sarsıntılarının təsirində olan şəxslərə yardım edərkən onların psixoloji və fiziki baxımdan həyata davam etməyə hazır olmadıqlarının anlaşıldığını deyib.

Bu zaman “Refugee One” təşkilatı dövrəyə girir və sığınacaq axtaran şəxslərə iş, yaşayış yeri tapmağa və digər çətinliklərin öhdəsindən gəlməyə yardım edir.

Qaçqınların yerləşdirilməsi ilə məşğul olan təşkilat dövlət və şəxsi iyanələr sayəsində fəaliyyət göstərir. Hazırda yerləşdirilməkdə olan qaçqınların əksəriyyəti Həsnə və Səma kimi suriyalılardır.

Aprelə qədər 20-dən artıq ailəni yerləşdirmiş təşkilat rəhbəri hazırda onların sayının altmışa yaxın olduğunu bildirib.

Kano oktyabra qədər bu rəqəmin 150-yə çata biləcəyini deyir.

İş axtaran Mərzə “Refugee One”-ın ingilis dili kurslarına gedir.

Mərzənin həyat yoldaşı Suriya vətəndaş müharibəsindən öncə vəfat edib. Digər ailə üzvləri isə hələ münaqişə bölgəsində yaşayır. Mərzə onların ABŞ-a gələcəyi günü səbirsizliklə gözləyir.

Suriyadan qaçmış təxminən beş milyon insan BMT-nin Qaçqınlar üzrə Ali Kommisarlığında qeydiyyatdan keçib. Onların bir faizdən azı ABŞ-da yerləşdiriləcək.

XS
SM
MD
LG