Accessibility links

ABŞ-da müsəlmanlar Ramazan ayını qeyd edir [Video]


Minnesota ştatının Minneapolis şəhərindən reportaj

ABŞ-ın şimalında müsəlman əhalinin ev adlandırdığı Minnesota ştatında Ramazan ciddi qeyd olunur. Ştatın ən böyük şəgəri olan Minneapolisin somalili mühacirləri buna xüsusilə əməl edir.

Minnesotada 200 minə yaxın müsəlman yaşayır. Somalilərin məskunlaşdığı buradakı obyektlərə və məhəllələrə daxil olanda, insan özünü müsəlman ölkəsində hiss edir. Gecələr evlər Ramazana məxsus dualar etmək üçün insanlarla dolu olur.

Minneapolisdəki Rouda Məscidi dini mərasimlərin keçirildiyi yerlərdən biridir. İmam Abdirazak Abşir Fərah deyir ki, özünü müsəlman görən hər kəs Ramazanı qeyd etməlidir.

"Oruc tutan müsəlmanlar yalnız yeməyi və içməyi dayandırmalı deyil, onlar pis əməllərdə də çəkinməlidir" - deyə imam bildirir.

Ramazan vaxtı insanlar kasıblara və ehtiyacı olanlara kömək etməlidir. Farhia İsse Qalanco Somalidə yoxsul insanlara yardım edən “Valaal Afuri” təşkilatının Minnesota filialında könüllülük edir: "Somalidə xaricdən pul göndərmək üçün qohumları olmayan insanlar var ki, ciddi ehtiyac içərisindədir. Biz burada onlar üçün pul toplayırıq. Onları tanımasaq da, dostlarımız vasitəsilə onlarla əlaqə saxlayırıq".

“Şən Xəlif” kimi tanınan Camal Fərəh Karmel Somali Mall-unda bərbərdir. O, həm də tanınmış komediyaçıdır.

"ABŞ-a gələndən bəri heç zaman yemək bişirməmişəm. Bəlkə arada özümə çay düzəldərəm. Mall-da hər şey tapmaq olur, hətta yuxarıda bufetdə var. Çox rahatdır" - deyə Camal Fərəh bildirir.

Ötən il Minneapolis Şəhər Şurası Ramazan ayı boyunca bizneslərə normal iş saatlarından sonra da açıq qalmağa icazə verib. Safari Restoranının sahibi Abdürrəhman Abkos inanır ki, buna səbəb şəhərdə Somali icmasının mühüm rol oynaması olub.

Bu il Ramazan ayı yay fəslinə təsadüf etdiyi üçün insanlar 17-18 saat oruc tutmalı olur. Bəzi insanlar havanın istiliyindən və oruc müddətinin uzunluğundan şikayət etsə də, Ramazan ayının mənəvi güc verdiyini bildirir.

XS
SM
MD
LG