Accessibility links

ABŞ-da Respublikaçıların Qurultayı başlayır [Fotolar]


Respublikaçıların Milli Qurultayının keçirildiyi Quicken Loans Arena - Klivlend, OH

Respublikaçıların Milli Qurultayının keçirildiyi Quicken Loans Arena - Klivlend, OH

Bəzi mühüm respublikaçılar Trampı dəstəkləmir

ABŞ-da bir ilə yaxındır davam edən ABŞ prezidentliyinə namizədlik uğrunda mübarizə başa çatmaq üzrədir. Bu gündən etibarət qarşıdakı 4 gün ərzində Ohayo ştatının Klivlend şəhərində Respublikaçıların Milli Qurultayı öz işinə başlayır. 4 gün davam edəcək qurultayda ilkin seçkilərdə üstünlük əldə edən Donald Trampın partiyadan namizədliyi rəsmən əldə edəcəyi gözlənilir.

Danışmaz əmlak biznesmeni Donald Tramp ABŞ prezidentliyinə namizədliyi bir ildən bir qədər əvvəl açıqlayıb. Amerikada 11 milyon qeyri-qanunu immiqrantın ölkədən xaric ediləcəyini, qanunsuz mühacirətin qarşısını almaq üçün Meksika ilə sərhədə divar hördürəcəyini və müsəlmanların ölkəyə girişini məhdudlaşdıracağını bildirməsinə baxmayaraq, o, Vaşinqton siyasətindən bezmiş respublikaçı seçicilərin səsini almağı bacarıb.

Tramp siyasətdə yeni olmasına baxmyaraq, son bir ildə mübarizə apardığı 16 rəqibi arasında senatorlar və qubernatorlar da daxil olmaqla, bir çox güclü siyasətçilər olub. O, namizədlik üçün lazım olan 1237-dən də 300 nümayəndə artıq toplayaraq namizədliyini qeyri-rəsmi olaraq təmanat altına almağı bacarıb.

Etirazlar və təhlükəsizlik tədbirləri

Respublikaçıların qurultayı rəsmən bu gün başlasa da, artıq dünəndən Klivlend şəhərində qeyri-adi canlanma hiss olunmaqdadır. Ölkənin hər bir tərəfindən qurultaya qatılmağa gələnlərlə yanaşı, şəhərdə böyük aksiyalara qatılanların da sayı az deyil. Nümayişlərin bir tərəfində Donald Tramp əleyhdarları, digər tərəfdə isə tərəfdarlarıdır.

Həm qurultay, həm də etiraz aksiyaları səbəbilə Klivlenddə təhlükəsizlik tədbirləri xeyli gücləndirilib. Belə ki, havada vertolyotların, yerdə isə polis və kəşfiyyat itlərinin nəzarəti ilə insan özünü təzyiq altnda hiss edir. Ancaq təhlükəsizlik tədbəri ilə bağlı ən maraqlı məqamlardan biri qurultayın keçirildiyi məkana, çətir və ya konserva qutuları kimi əşyalar buraxılmasa da, məkanın ən yaxınlıqlarına kimi silahla getməyə icazə verilir. Şəhərdəki silah qanunu tənqidçiləri isə belə məqamları gülməli adlandırır.

Qurultayın ilk günü

4 gün davam edəcək qurultayın sonunda biznesmen Donald Trampın nominasiyasının qəbul ediləcəyi gözlənilir. Bunun göstəricinin bir hissəsi olaraq bu gün qurultayda çıxış edəcək əsas şəxslərdən birinin Donald Trumpın həyat yoldaşı Melania Trumpın olmasıdır. Həyat yoldaşı immiqrant olmuş Tramp əsasən immiqrantlara və müsəlmanlara qarşı sərt mövqeyi ilə tanınır. Bu gün çıxış edəcək digər mühüm şəxslər arasında Nyu-York meri Rudolf Culiani, Ayova senatoru Coni Örnst və Arkanzas senatoru Tom Kotton da var.

Bəzi mühüm respublikaçılar Trampı dəstəkləmir

Ümumilikdə isə bu qurultay respublikaçıların son bir neçə onillikdə ən bölünmüş milli qurultayı hesab edilir. Təsadüfi deyil ki, Respublikaçılar partiyasından ABŞ-a iki 2 prezident bəxş etmiş Buş ailəsi, eləcə də Donald Trampın rəqibi olmuş Ceb Buş qurultaya qayılmayıb. Burada iştirak etməyənlər arasında nüfuzlu senator Con Makkeyn və sabiq prezidentliyə namizəd Mitt Romni də var. Digər maraqlı məqam isə qurultayın Ohayo ştatında keçirilməsinə baxmayaraq, Ohayo qubernatoru, Donald Trampın rəqibi olmuş Con Keysiç də etiraz əlaməti olaraq qurultaya qatılmır.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG