Accessibility links

Dövlət Departamenti: Azərbaycanın beynəlxalq təhlükəsizliyin dəstəklənməsi səylərinə verdiyi töhfələr dialoqun diqqət mərkəzində olub


Vaşinqtonda ABŞ-Azərbaycan təhlükəsizlik dialoqu keçirilib

Dövlət Departamenti: Azərbaycanın beynəlxalq təhlükəsizliyin dəstəklənməsi səylərinə veriyi töhfələr dialoqun diqqət mərkəzində olub

Birləşmiş Ştatların Dövlət Departamenti iyulun 24-ü Vaşinqtonda ABŞ və Azərbaycan arasında təhlükəsizliyə dair dialoqun növbəti raundu ilə bağlı açıqlama verib.

Dövlət Departamenti bildirir ki, rəsmilər 2011-ci ildə Bakıda təhlükəsizliyə dair əvvəlki dialoqun uğuruna əsaslanaraq, siyasi-hərbi məsələlərin geniş akspektlərini müzakirə ediblər. İkitərəfli dialoq zamanı dəniz və sərhəd təhlükəsizliyi, əks-terror, nüvə silahları alverinin qarşısının alınması və nüvə silahlarının yayılmamasının digər aspektləri, eyni zamanda Azərbaycanın Şimal təchizat şəbəkəsi və Əfqanıstanda beynəlxalq təhlükəsizliyin təmin olunması ilə bağlı digər təşəbbüslərə verdiyi töhfələr müzakirələrin diqqət mərkəzində olmuşdur.

Pres-relizdə Dövlət Departamentində ABŞ və Azərbaycan arasında təhlükəsizliyə dair dialoqun növbəti raundunda Azərbaycanın Xarici İşlər nazirinin müavini Araz Əzimovun başçılıq etdiyi nümayəndə heyətinin tərkibində ölkənin digər rəsmilərinin iştirak etdiyi bildirilir.

ABŞ nümayəndə heyətinə Dövlət katibinin yardımçısı Endrü Şapironun başçılıq etdiyi geniş heyətin tərkibində isə Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə yardımçısı Erik Rubin, Müdafiə nazirinin yardımçısı Seleste Vallander, Energetika nazirinin yardımçısı Vilyam Brayan və digər yüksək səviyyəli hökumət nümayəndələrinin olduğu qeyd edilir.

Bu, ABŞ və Azərbaycan arasında təhlükəsizliyə dair 13-cü dialoqdur. İki ölkə arasında təhlükəsizliyə dair dialoq 1997-ci ildən başlayıb.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG