Accessibility links

ABŞ Gülənin Türkiyəyə ekstradisiyası məsələsində tələsməyəcək


Fətullah Gülən Pensilvaniya ştatında Seylorsburqdakı malikanəsində, 24 sentyabr, 2013

Fətullah Gülən Pensilvaniya ştatında Seylorsburqdakı malikanəsində, 24 sentyabr, 2013

Türkiyə ABŞ hökumətinə din xadimi Fətullah Gülənin 17 ildir yaşadığı Pensilvaniyadan ekstradisiyası ilə bağlı rəsmi müraciət edib. Ankara Güləni və onun Hizmət hərəkatını iyulun 15-də dövlət çevrilişinə cəhdi təşkil etməkdə ittiham edir. Gülən 270 adamın ölümü və minlərlə insanın yaralanması ilə nəticələnmiş dövlət çevrilişinə cəhddə hər hansı rolunu inkar edir.

Təhlilçilərin bildirdiyinə görə, Türkiyə Güləni məhkəmə qarşısına çıxarmaq istəyirsə, bunun yeganə hüquqi yolu ekstradisiyadır. Lakin proses sadəcə kimisə həbs edib təyyarə ilə göndərməkdən daha mürəkkəbdir. Əslində, bu, illərlə davam edə bilən bir proses ola bilər.

Vaşinqton və Ankara 1980-ci ildə Ekstradisiya və Cinayət İşləri ilə bağlı Qarşılıqlı Yardım haqda razılaşma imzalayıb. Bu razılaşmaya əsasən, bir il həbsə qədər cəza verilə biləcək cinayətləri törədən şəxslərin bir-birinə təhvil verilməsi nəzərdə tutuluur. Sənəddə esktradisiyanın təsdiq, ya da rədd edilməsi kimi bir sıra şərtlər və işlə bağlı hüquqi prosesin müddəaları müəyyənləşdirilib.

Ekstradisiya prosesi federal və yerli səviyyələrdə rəsmilərin cəlb olunduğu uzun və mürəkkəb bir prosesdir. İlk addım olaraq ABŞ Dövlət Departamenti ekstradisiya haqda müraciətin razılaşmaya uyğun olduğuna əmin olmaq üçün onu nəzərdən keçirir. Bundan sonra müraciət Türkiyənin Gülənə qarşı cinayət işinə dair kifayət qədər hüquqi dəlil təqdim etdiyini müəyyən etmək üçün ABŞ Ədliyyə Departamentinə göndərilir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqust ayında Gülən və onun tərəfdarlarının son 20 ildir siyasi düşmənlərini ifşa etmək və Türkiyə hökumətini sarsıtmaq istiqamətində işlər gördüyünə dair dəlillərlə dolu onlarla qutunun göndərildiyini bildirib.

Ədliyyə vəkilləri hazırda dəlillərin həm razılaşma, həm də ABŞ qanunlarının tələblərinə uyğun olduğunu müəyyən etmək üçün bu sənədləri ayırd edir. Proses aylar sürə bilər. Əgər dəlillərin həm razılaşma, həm də ABŞ qanunlarının tələblərinə cavab verdiyi məyyən edilsə, iş ABŞ-ın Pensilvaniyada Middle dairəsinin prokuroruna göndəriləcək. Prokuror bundan sonra eyni dairədə ABŞ-ın hakimi vasitəsilə həbs haqda orderin verilməsini istəyə bilər.

Əgər hakim həbsə order verməyə razı olsa, hüquq-mühafizə orqanları Güləni həbs edib, onu hakimin yanına gətirə bilər. Əgər hakim Türkiyənin işi əsaslandıra bildiyi qənaətinə gəlsə, o zaman ekstradisiya haqda qərarı nəzərdən keçirmək üçün dövlət katibinə göndərəcək. Gülən qərarla bağlı apellyasiya müraciət edə bilməsə də, onun vəkilləri qərara etiraz bildirmək imkanına malikdirlər.

Türkiyə prezidenti Rəcəb Tayyb Ərdoğanın tərəfdarları dövlət çevrilişinə cəhddən sonra keçirilmiş yürüşdə Fətullah Gülənin xain adlandırıldığı plakat tutub

Türkiyə prezidenti Rəcəb Tayyb Ərdoğanın tərəfdarları dövlət çevrilişinə cəhddən sonra keçirilmiş yürüşdə Fətullah Gülənin xain adlandırıldığı plakat tutub

Məsələ ilə bağlı son sözü Dövlət Departamenti deyəcək. Türkiyədə Gülənə qarşı humanist rəftarın göstərilib-göstərilməyəcəyi və ya da onun məhkəməsinin ədalətli keçib-keçməcəyi haqda qərarın verilməsi qarşısında maneə yarada biləcək məsələlərdir. ABŞ məsələn, Türkiyədə insan hüquqlarına dair hesabatlarda işgəncə halları ilə bağlı məlumatları nəzərdən keçirəcək. Birləşmiş Ştatlar Gülənin təhvil verilməsinin şərtlərini müəyyən etmək hüququna malikdir.

Əgər dövlət katibi Gülənin ekstradisiyası haqda qərar versə, Dövlət Departamenti Ankara ilə Gülənin təhvilinin vaxtı və yerinin müəyyən edilməsi üçün əlaqə saxlamalıdır.

Türkiyə Gülənin tez zamanda ekstradiyasına çalışaraq, məsələnin ABŞ-Türkiyə münasibətlərinə təsirini qeyd edir. Lakin dəlillərin təqdim edilməsi vəzifəsi bütünlüklə Ankaranın üzərinə düşür və əgər Türkiyə Gülənə qarşı ittihamları sübuta yetirə bilməsə, o zaman ekstradisiya haqda müraciət rədd ediləcək.

XS
SM
MD
LG