Accessibility links

ABŞ Ramadiyə yeni hücumu dəstəkləyir, şəhərin geri alınmasını mürəkkəb sayır


Birləşmiş Ştatlar İraqın Ramadi şəhərinə nəzarətin İslam Dövləti qrupundan alınması üçün yeni hücumu dəstəkləyəcəyini, lakin bunun “çox çətin olacağını” bildirib.

Pentaqonun sözçüsü general Stiv Uorren bildirib ki, İraq hərbi qüvvələri Ramadidən çıxarkən orada Amerikanın böyük miqdarda hərbi texnikasını qoyub getdiyi üçün Ənbər vilayətinin paytaxtına nəzarətin geri qaytarılması çətin olacaq.

General Uorrenin sözlərinə görə, İraq hərbi qüvvələri Ramadidə ABŞ-ın onlarla hərbi avtomobili, tanklar, zirehli texnika və artilleriya silahları qoyub. O bəzi avtomobillərin işə tam yararlı, bəzilərinin isə yararlı olmadığını deyib.

Ramadi şəhərinin İslam Dövləti qrupu tərəfindən ələ keçirilməsi prezident Barak Obamanın İraq münaqişəsi ilə bağlı hava hücumları keçirilməsi, lakin quru qoşunların göndərilməməsi kimi siyasətinin kəskin tənqid edilməsinə səbəb olub.

Respublikaçıların nəzarət etdiyi Nümayəndələr Palatasının spikeri Con Beyner prezidentin planının işə yaramadığını deyib. “Onun daimi terror təhlükəsinə qarşı hərtərəfli mübarizə strategiyasını ortaya qoymasının vaxtı gəlib çatıb”-deyə spiker Beyner bildirib.

Lakin Ağ Evin sözçüsü Coş Ernest Konqresi cənab Obamanın İslam Dövləti qrupuna qarşı müharibə aparmaq üçün istədiyi yeni səlahiyyətləri verməməkdə günahlandırıb.

XS
SM
MD
LG