Accessibility links

ABŞ qanunvericiləri Rusiyanı Snoudenlə əlaqədar kəskin tənqid edib



ABŞ qanunvericiləri rəsmi Moskvanın ABŞ-ın Milli Təhlükəsizlik agentliyinin keçmiş kontraktoru, Amerika kəşfiyyatının məxfi izləmə proqramlarına dair məlumatları ictimaiyyətə açıqlamış Edvard Snoudenə müvəqqəti sığınacaq verməsi qərarı ilə bağlı Rusiyanı kəskin tənqid edib.

Sovet İttifaqının dağılmasından sonra Vaşinqton və Moskvanın post sovet dövrünün müttəfiqləri kimi danışdığı günlər bu günlər arxada qalıb.

Amerika qanunvericiləri bazar günü ABŞ-ın aparıcı tele-kanallarına müsahibələr zamanı öz tənqidlərini Rusiya hökuməti və xüsusilə də prezident Vladimir Putinə ünvanlayıblar.

“Dövlət Təhlükəsizlik komitəsinin keçmiş polkovniki olan Putinin bizimlə münasibətlərə dair heç bir illüziyaya malik deyil, Birləşmiş Ştatlarla münasibətlərə əhəmiyyət vermir, öz xalqını əzməyə, mediaya təzyiq göstərməyə, avtokratik və qeyri-münasib bir şəkildə davranmağa davam edir”-deyə respublikaçı senator Con Makkeyn Fox televiziyasına müsahibədə deyib.

Con Makkeyn bildirib ki, Snoudenin işi Birləşmiş Ştatlar və Rusiya arasında münasibətlərin nə dərəcədə pis olduğuna işarə edir.

Senatın Xarici Əlaqələr Komitəsinin sədri, demokrat senator Robert Menendesin fikrincə, Vaşinqton və Moskva arasında gərginlik Edvard Snoudenin işi çərçivəsindən kənara çıxır. “Rusiya rəsmiləri Suriyada baş verən faciə ilə bağlı bizim səylərimizə cavab vermir. Onlar nüvə silahlarının gələcək ixtisarı məsələsində bizə reaksiya vermir. Onlar Rusiyaya səfər edib həbs edilə bilən xaricilər də daxil olmaqla, homoseksualların hüquqlarını pozduqda bizə əhəmiyyət vermir”-deyə senator Menendes ABC tele-şirkətinin “This Week” proqramına müsahibədə deyib.

Cümə günü mətbuat konfransında danışan ABŞ prezident Barak Obama Rusiya prezidenti Vladimir Putinlə münasibətlərinin pis olmadığını deyib. Bununla belə Ağ Ev keçən həftə iki lider arasında sentyabr ayında Moskvada nəzərdə tutulmuş zirvə görüşünün təxirə salındığını elan edib.

Lakin ikitərəfli münasibətlərdə gərginlik keçən həftə ABŞ Dövlət katibi Con Kerri və ABŞ Müdafiə naziri Çek Heygelin rusiyalı həmkarları ilə görüşünə mane olmadı. ABŞ rəsmiləri görüşün müsbət və konstruktiv şəraitdə keçdiyini bildiriblər.
XS
SM
MD
LG