Accessibility links

ABŞ-ın hərbi liderləri Suriyaya hücumun məqsədlərini açıqlayır (Video)


ABŞ silahlı qüvvələrinin komandanları Senatın Xarici Əlaqələr komitəsində dinləmələr zamanı Suriyaya qarşı hərbi əməliyyatlarla bağlı planın əsas məqsədlərini açıqlayıb. Rəsmilər qırıcı təyyarələr və başqa hərbi texnikanın istifadə edilməsini nəzərdə tutan hücumdan sonra baş verə biləcək hadisələri müzakirə edir.

ABŞ-ın əsas məqsədi Suriyanın müdafiə qabiliyyətini zəiflədərək, Bəşar Əl-Əsədin hakimiyyətdən getməsi məqsədilə müzakirələrə başlamaq üçün şəraitin yaradılmasından ibarətdir.

Birgə Qərargahlar rəisi general Martin Dempsi Senatda dinləmələr zamanı ilk olaraq proporsional və məhdud hücumların həyata keçiriləcəyini deyib: “Rejimin kimyəvi silahlardan istifadə etmə qabiliyyətini sarsıtmaq və bunu etməsinə bir də imkan verməmək nəzərdə tutulur.”

Bunu etmək üçün ABŞ Suriyada hədəfləri vuracaq Tomaqavk (Tomahawk) tipli raketlərə malikdir. 40 belə raket hazırda Aralıq dənizindəki dörd hərbi gəmidə yerləşdirilib.

Əməliyyatlara hazırlıqlar gedən zaman ABŞ regionda hərbi gəmilərin sayını iki dəfə artırıb.

ABŞ-ın ən müasir texnika ilə təchiz edilmiş USS San Antonio gəmisi də hazır vəziyyətə gətirilib.

Nimitz təyyarə daşıyan gəmi də hərbi əməliyyatlara hazırlıq çərçivəsində Qırmızı dənizdə yerləşdirilib.

Administrasiya hələlik genişmiqyaslı hərbi aksiyaları nəzərdən keçirmir. Lakin müşahidəçilər Birləşmiş Ştatların bir raketin atılmasından sonra Suriyada vətəndaş müharibəsinə cəlb olunacağını və artıq bu vədi saxlaya bilməyəcəyini bidirir.

Cato institutunda təhlilçi Bencamin Fridman:“Biz hazırda rejimi devirmək istədiyimizi danırıq. Amma fakt budur ki, Suriyada hökumət hədəflərini bombaladıqdan sonra üsyançılar hökuməti devirməyə çalışacaq və bunu desəniz də, deməsəniz də, əslində hökuməti devirməyə çalışırsınız.”

Dövlət katibi Con Kerri Senatın Xarici Əlaqələr komitəsində dinləmələr zamanı deyib ki, Suriyada kimyəvi silahların yaraqlıların əlinə düşməsi nəticəsində qarmaqarışıqlıq yaransa o, prezidentin quru qoşunlar göndərmək kimi variantı nəzərdən keçirməsini istərdi. Lakin Kerri bunu bir fərziyyə kimi söylədiyini əlavə edib.

ABŞ hazırda Suriyada bir neçə saat, ya da bir neçə gün sürəcək məhdud hücumların keçirilməsini planlaşdırır. Lakin Pentaqon əməliyyatların genişlənə biləcəyini istisna etmir.

ABŞ hərbi qüvvələri Suriyanın zəifləmiş ordusundan güclü müqavimət gözləmir. Hərbi əməliyyatlara cavab olaraq İranın dəstəklədiyi Hizbullah və regiondakı başqa yaraqlı qruplar tərəfindən İsrail və ABŞ-ın başqa müttəfiqlərinə qarşı hücumların həyata keçirilməsi mümkündür.
XS
SM
MD
LG