Accessibility links

ABŞ terror hücumunun qarşısının alınması üçün müvafiq tədbirlər görür


Brüsseldə hava limanı və metro stansiyasında baş verən partlayışlardan sonra ABŞ rəsmiləri yeni bir terror hücumunun qarşısının alınması məqsədilə təhlükəsizlik tədbirlərini gücləndiriblər.

ABŞ-ın Brüsseldəki səfirliyi amerikalılara olduqları yerdə qalıb, Belçika paytaxtında ictimai nəqliyyatdan uzaq durmaq barədə xəbərdarlıq edib. Xəbərdarlıqda həmçinin Amerika vətəndaşlarının mətbuatda çıxan xəbərləri diqqətlə izləməsi, rəsmilərin təlimatlarına əməl etməsi və “şəxsi təhlükəsizliyini artırmaq üçün lazımı addımlar” atması tələb olunur.

ABŞ-ın Daxili Təhlükəsizlik nazirliyi Brüssel hücumu ilə bağlı xəbərləri yaxından izlədiyini və “Amerika xalqını müdafiə etmək üçün müvafiq təhlükəsizilik tədbirləri görəcəyini” bildirib. Nazirlik ictimaiyyəti hər hansı bir yerdə şübhəli fəaliyyətlərl bağlı yerli hakimiyyət orqanlarını məlumatlandırmağa çağırıb.

ABŞ kəşfiyyatının yüksək vəzifəli rəsmisi “kəşfiyyat orqanlarının Brüsseldəki vəziyyəti dəyərləndirməyə davam etdiyini və Belçika və avropalı həmkarlarla əlaqə saxladığını” deyib.

Kubada üç günlük səfərdə olan prezident Barak Obama da Brüssel hücumu ilə bağlı məlumatlandırılıb.

Nyu York və Vaşinqton rəsmiləri bu hücumlardan sonra mühafizə patrullarını artırıb.

Vaşinqtonda yerli metro sisteminin rəsmiləri təhlükəsizlik yoxlanışı üçün metro stansiyalarına polis qüvvələri və bomba-iynəyən itlər göndərsə də, bunların ehtiyat xarakterli tədbirlər olduğunu və paytaxtda hücum təhlükəsi ilə bağlı heç bir məlumatın olmadığını bildirib.

XS
SM
MD
LG