Accessibility links

Birləşmiş Ştatlar İstanbulun Sultanəhməd meydanında 10 nəfərin ölümü, 15 nəfərin yaralanması ilə nəticələnən terror hücumunu qətiyyətlə pisləyib.

ABŞ-ın Milli Təhlükəsizlik Şurasının sözçüsü Ned Prays (Ned Price) açıqladığı bəyanatda Birləşmiş Ştatların terror hücumunu kəskin şəkildə qınadığını bildirib. O, Türkiyəni NATO müttəfiqi və güclü tərəfdaş adlandırıb və Birləşmiş Ştatların terrorla mübarizədə Türkiyə ilə bir dayandığını bildirib.

"Biz bu hücumda NATO müttəfiqi, güclü tərəfdaş və İŞİD əleyhinə Koalisiyanın dəyərli üzvü olan Türkiyə ilə bir dayanırıq və terrorizmə qarşı mübarizədə əməkdaşlıq və dəstək göstərməyə söz veririk"-deyə Milli Təhlükəsizlik Şurasının sözçüsü Ned Prays bəyanatda bildirib.

ABŞ Dövlət Departamentinin İstanbulda terror hücumu ilə əlaqədar verdiyi bəyanatda həlak olanların ailələrinə başsağlığı bildirilir, Türkiyə-nin Birləşmiş Ştatların NATO üzrə müttəfiqi və dəyərli tərəfdaş olduğu deyilir.

"Birləşmiş Ştatlar bu gün Türkiyədə İstanbulda Sultanəhməd meydanında terror hücumunu ən kəskin şəkildə qınayır. Biz ölənlərin ailələrinə dərin hüznlə başsağlığı bildiririk və yaralananların tez zamanda tam sağalmasını arzu edirik. Birləşmiş Ştatlar NATO üzrə müttəfiq və İŞİD-a qarşı Koalisiyanın dəyərli üzvü olan Türkiyə ilə ümumi terror təhlükəsinə dair birgə işi davam etdirmək haqda təəhhüdünü bir daha təkrar edir"-deyə bəyanatda bildirilir.

Türkiyə prezidenti Rəcəp Təyyib Ərdoğan bu gün İstanbulda azı 10 nəfərin ölümü, 15 nəfərin yaralanması ilə nəticələnən partlayışın suriyalı intiharçı tərəfindən həyata keçirildiyinə inanıldığını deyib.

Türkiyənin Baş naziri Əhməd Davudoğlu bildirib ki, hücumun İslam Dövləti qrupu tərəfindən həyata keçirildiyinə inanılır.

XS
SM
MD
LG