Accessibility links

Keçmiş müstəntiqin anası aclığı dayandırıb


Tahirə Səfərova aclıq edir

Zərdab rayon Prokurorluğunun həbsdə olan keçmiş müstəntiqi Rüfət Səfərovun anası Tahirə Səfərova martın 12-də aclığı dayandırıb. T.Səfərova aclığı siyasi məhbus ailələrinin, oğlunun vəkili Bəhruz Bayramovun, Rüfət Səfərovun Hüquqlarını İctimai Müdafiə Komitəsinin xahişindən sonra dayandırıb.

Bu barədə Amerikanın Səsinə Səfərovlar ailəsindən bildiriblər.

“Aclıq nəticəsində Tahirə Səfərovanın səhhəti kəskin pisləşib. O hazırda huşsuz vəziyyətdədir, həkimlər yardım edir”, ailə üzvlərindən biri deyib.

T.Səfərova oğluna həbsxanada işgəncə verilməsinə etiraz olaraq martın 10-da aclıq aksiyasına başlamışdı.

Keçmiş müstəntiq parlamentin keçmiş deputatı, hakim Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri Eldar Sabiroğlunun oğludur. E.Sabiroğlu ötən il Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ünvanına sərt çıxışlar edib. Dekabrda isə R.Səfərov qanunçuluğu pozmasına və hüquq-mühafizə orqanlarının pis işinə görə hakimiyyəti açıq tənqid edib. O, prokurorluq orqanlarından çıxdığını bildirib. Öz növbəsində prokurorluq bəyan edib ki, R.Səfərov “prokurorluq işçisinə yaraşmayan hərəkətə” görə işdən çıxarılıb.

2016-cı il yanvarın 15-də R.Səfərov rüşvət almaq ittihamı ilə həbs olunub. Lakin yanvarın 22-də o, ev dustaqlığına buraxılıb. R.Səfərov ittihamı rədd edib və cinayət işinin sifariş olduğunu bildirib. O, ev dustaqlığı dövründə də mövqeyindən geri çəkilməyib, iqtidarı tənqid edən bəyanatlarını davam etdirib.

Səfərov 2016-cı ilin sentyabrında 9 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və məhkəmə zalında həbs edilib. Dekabrın 22-də Apellyasiya Məhkəməsi R.Səfərovun barəsində hökmü qüvvədə saxlayıb.

Rüfət Səfərov 9 saylı Cəzaçəkmə Müəssisəsində həbsdədir.

Vəkil Bəhruz Bayramovun sözlərinə görə, keçmiş müstəntiq martın əvvəllərində cərimə kamerasına salınıb. Səfərov bu il yanvarın 19-da da 7 sutlka müddətinə cərimə kamerasına salınıb.

Tahirə Səfərova oğluna cərimə kamerasında işgəncə verildiyini və onu qapalı həbsxanaya keçirmək üçün zəmin hazırlandığını bildirib. Ana Rüfət Səfərov cərimə kameraslından çıxdıqdan sonra onunla görüşüb, aclığa başlayıb.

Öz növbəsində, Penitensiar Xidmət hələ ananın aclıq tələbi ilə bağlı açıqlama verməyib. Bununla yanaşı, Penitensiar Xidmət bir qayda olaraq həbs yerlərində məhbuslara qarşı işgəncə hallarına yol verilmədiyini, onlarla qanunvericiliyin tələblərinə uyğun davranıldığını bildirir.

XS
SM
MD
LG