Accessibility links

Aclıq aksiyasına daha 4 nəfər qoşulub - Mahir Abdullayevi oğurlayanları tapın! [Video]


Baş Prokurorluq deyilənlərin əsasının olmadığını bildirir

Mahir Abdullayevin Hüquqlarını İctimai Müdafiə Komitəsinin sədri Azad Mursəliyev bu gün hüquq müdafiəçilərinin iştirakı ilə mətbuat konfransı keçirib. O yanvarın 22-də başladığı aclığı davam etdirir. Yanvarın 27-də aclıq aksiyasına Mahir Abdullayevin daha dörd qohumu, - Tehran, Nəzakət, Göyçək və Pərvizə Abdullayevlər də qoşulub.

Aclıq edənlərin əsasən üç tələbi var: Azad Mursəliyevin və Elşad Abdullayevin (fəaliyyəti dayandırılmış Beynəlxalq Universitetin keçmiş rektoru, Mahir Abdullayevin Fransada mühacirətdə olan qardaşı) ailə üzvlərinin sərbəst yerdəyişmə hüququna qoyulmuş məhdudiyyət aradan qaldırılsın (onlar ölkə hüdudlarından kənara buraxılmır); Baş Prokuror yanında Müstəqil İstintaq Komitəsi Mahir Abdullayevin oğurlanması cinayətində iştirak etmiş şəxslərin məsuliyyətə cəlb edilməsi üçün əməli istintaq işləri aparsın; Elşad Abdullayevin ailə üzvlərinə, qohumlarına qarşı təzyiqlərə, qanunsuz və repressiv hərəkətlərə son qoyulsun.

Mahir Abdullayevin Hüquqlarını İctimai Müdafiə Komitəsinin sədri Azad Mursəliyev aclıq edir

Mahir Abdullayevin Hüquqlarını İctimai Müdafiə Komitəsinin sədri Azad Mursəliyev aclıq edir

“Aclıq aksiyamızın tələbləri ilə bağlı hələ də rəsmi münasibət bildirilməyib. Biz istəyirik ki, Müstəqil İstintaq Komitəsi Mahir Abdullayevin oğurlanması üzrə cinayət işi üzrə əldə edilmiş irəliləyişlər, kimlərin məsuliyyətə cəlb edilməsi barədə məlumat versin”, Azad Mursəliyev qeyd edib.

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevin qardaşı, Milli Təhlükəsizlik Nazirliyinin mayoru Mahir Abdullayev 2003-cü il oktyabrın 13-də oğurlanıb. M.Abdullayevin oğurlanması ilə bağlı istintaq indiyədək kimləri isə məsuliyyətə cəlb etməsi ilə bağlı məlumat yaymayıb.
2010-cu ildə ABU-nun fəaliyyəti dayandırıldıqdan sonra Elşad Abdullayev Fransaya mühacirət edib. Elşad Abdullayev qardaşının tapılması üçün müxtəlif vəzifəli şəxslərə verdiyi yüz min dollarlarla məbləğdə rüşvət faktları ilə bağlı xəlvəti çəkdiyi çoxsaylı videolar yayıb. Onun videoları əsasında Milli Məclisin keçmiş deputatı Gülər Əhmədova və digər şəxslər həbs edilib.

2013-cü ilin martında Elşad Abdullayevin prezident İlham Əliyevə müraciətindən sonra Mahir Abdullayevin oğurlanması üzrə istintaq işini aparmaq üçün Baş Prokuror yanında Müstəqil İstintaq Komitəsi yaradılıb. Elşad Abdullayev qardaşının oğurlanmasında hökumətin yüksək vəzifəli şəxslərini günahlandırır.

Azad Mursəliyev isə 2013-cü ilin martında Mahir Abdullayevin Hüquqlarını İctimai Müdafiə Komitəsi təsis edib.

Onun sözlərinə görə, 2013-cü ilin martında Müstəqil İstintaq Komitəsi yaradıldıqdan sonra Mahir Abdullayevin oğurlanması üzrə cinayət işinin istintaqını aparmaq əvəzində Elşad Abdullyaevin ailə üzvlərinə qarşı təzyiqlər başlayıb. Onun ailə üzvlərinin evlərinə, bank hesablarına həbs qoyulub, ölkədən çıxmaları yasaq edilib.

“Abdullayevin qardaşı oğlu Mübariz Abdullayev 2003-cü ilin oktyabrında dindirildiyi iş üzrə 2013-cü ildə Lənkəran Məhkəməsinin hökmü ilə 10 il müddətinə həbs edilib. O işgəncələrə məruz qalıb, Respublika Prokurorluğunun binasında fiziki işgəncə verilib. Mahir və Elşad Abdullayevin Respublika Prokurorluğunda işləyən qardaşı Elsevər Abdullayev guya qardaşının oğurlanması ilə bağlı istintaqa kömək etmədiyinə görə barəsində xüsusi ittiham qaydasında araşdırma başlayıb. Notarial kontorlara Mahir Abdullayevlə bağlı sənədləri təsdiq etməmək göstərişi verilib. Hətta Elşad Abdullayevin atası İslam Abdullayevin adına olan evin mülkiyyət sənədləri ləğv edilib”, Mursəliyev bildirib.

O Mahir Abdullayevin oğurlanması üzrə cinayətin açılmamasında bir çox yüksək vəzifəli şəxslərin marağı olduğunu deyib.

“Bu cinayət işinin açılması bir çox yüksək vəzifəli şəxslərin cinayət əməllərinin açılmasına səbəb olacaq. Bu səbəbdən də hüquq mühafizə orqanları, xüsusi ilə Respublika Prokurorluğu cinayət işinin açılmasında maraqlı deyil”, o qeyd edib.

Mahir Abdullayevin aclıq aksiyasına qoşulan qohumları ölkə prezidentinə müraciət edərək ailələrinə təzyiqlərin dayandırılmasında və Mahir Abdullayevin oğurlanmasında günahkar şəxslərin cəzalandırılmasında onlara yardım etməsini xahiş ediblər.

“Əgər Milli Təhlükəsizlik Nazirliyinin zabitinin oğurlanması işində 10 ildə irəliləyiş əldə edilmirsə, adi vətəndaşlar öz təhlükəsizliyi barədə nə düşünə bilər?”, deyə ölkə rəhbərliyindən sual edilib.

Öz növbəsində Baş Prokurorluğun mətbuat xidmətindən Amerikanın Səsinə Mahir Abdullayevin Hüquqlarını İctimai Müdafiə Komitəsinin mətbuat konfransında deyilənlər təkzib ediblər.

“Həmin informasiyaların, o cümlədən fiziki təzyiqlə bağlı deyilənlərin heç bir hüquq əsası olmadığını qəti şəkildə bildiririk”, deyə mətbuat xidmətindən bildiriblər.
XS
SM
MD
LG