Accessibility links

Vəkil: Mövsüm Səmədov ölüm aclığını davam etdirir [Audio-müsahibə] (Yenilənib)


Mövsüm Səmədov

Mövsüm Səmədov

Vəkil müdafiə etdiyi şəxslə görüşə buraxılmayıb

Vəkil Yalçın İmanov sentyabrın 5-də yenidən Qobustan qapalı həbsxanasında saxlanılan AİP lideri Mövsüm Səmdovla görüşmək üçün bu həbsxananın rəhbərliyinə müraciət edib. Lakin İmanovu müdafiə etdiyi şəxslə görüşə buraxmayıblar.

"Məni yenə hüquqlarını müdafiəı etdiyim şəxslə görüşə buraxmadılar. Səmədov avqustun 29-dan konstitusiyaya ediləcək dəyişikliklərlə bağlı sentyabrın 26-da keçiriləcək referüenduma etiraz olaraq "ölüm aclığına" başlayıb. Onun sağlamlıq durumu məni narahat edir", vəkil qeyd edib.

***

Qobustan qapalı həbsxanasında cəza çəkən dövlət qeydiyyatına alınmamış Azərbaycan İslam Partiyasının (AİP) lideri Mövsüm Səmədov cəza kamerasına (karser) salınıb.

Bu barədə Amerikanın Səsinə müsahibəsində vəkil Yalçın İmanov deyib.

Vəkil hesab edir ki, M.Səmədov Konstitusiyaya düzəlişlərlə bağlı referenduma etiraz olaraq avqustun 29-da müddətsiz aclığa başladığına görə cəzalandırılıb.

M.Səmədov düzəlişləri mürtəce hesab edir. Onun fikrincə, bu düzəlişlərin qəbulu ölkədə monarxiya üsul-idarəsinin bərqərarı deməkdir.

M.Səmədovun vəkili Yalçın İmanov müttəhimlə görüşmək üçün sentyabrın 3-də Qobustan həbsxanasına gedib.

Y.İmanov bildirib ki, şənbə günü iş günü olmadığını deyərək M.Səmədovla görüşünə icazə verməyiblər.

Onun sözlərinə sözlərinə görə, əslində şənbə günü bütün cəzaçəkmə müəssisələrində iş günüdür.

“Mən onun səhhətindən və həyatından çox narahatam. Sentyabrın 3-də onunla görüşmək üçün Qobustan həbsxanasına getdim. Ancaq mənim görüşümə icazə verilmədi. Bu tamamilə qanunsuz və əsassız imtina idi. Əvvəla mənim sənədlərimi aldılar. Dedilər ki, qeyri iş günü olduğuna görə icazə verilmir. Bu 6-cı gün idi. Halbuki bütün cəzaçəkmə müəssisələrində iş günü hesab olunur. Dəfələrlə Penitensiar Xidmət sorğularımıza cavabda 6-cı günün iş günü olduğunu bildirib. Həmin vaxt nəzarətçi Mövsüm Səmədovun karserə (cərimə kamerası) salındığını bildirdi. Amma bilmirəm ki, o rəsmi qaydada nəyə görə cərimə kamerasına salınıb və neçə günlük salınıb”, o bildirib.

Vəkil müttəhimin yanına buraxılmamasını Mövsum Səmədovun hüquqlarının pozulması kimi qiymətləndirir.

“Guman edirəm ki, o aclıq aksiyasına görə cərimə kamerasına salınıb. Bu da tamamilə qanunsuz və əsassızdır. Məhkumu öz siyası əqidəsinə görə, hər hansı siyasi hadisəyə münasibətə görə cəzalandırmaq həm bizim qanunvericiliyimizə, həm də Avropa penitensiar qaydalarına tamamilə ziddir. Mən onunla görüşə bilməmişəm. Bildiyim qədər aclıq davam edir. Onu aclığa görə cəzalandırırlar", vəkil əlavə edib.

Yalçın İmanov ilahiyyatçının keçirdiyi aclıq aksiyasına və tələblərinə cəmiyyətin reaksiyasının zəif olduğunu düşünür.

"Mövsüm Səmədovla bağlı nəinki cəmiyyətin, hətta hüquq müdafiəçilərinin, qeyri-hökumət təşkilatlarının münasibətinə baxıram, heç bir reaksiya yoxdur. Sanki elə bil, belə də olmalı idi. Amma bir məhkumun, qanunsuz, əsassız olaraq uzun müddət azadlıqdan məhrum edilmiş bir şəxsin, dini baxışlarına görə cəzalandırılmış şəxsin müddətsiz ölüm aclığına oturmasına istənilən bir reaksiya yoxdur", o bildirib.

Öz növbəsində, Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

Mövsum Səmədov 2011-ci ilin yanvarında Azərbaycan hakimiyyətini korrupsiya və dindarların hüquqlarının pozulmasına görə kəskin tənqid etdikdən sonra həbs olunub.

Həmin il oktyabrın 7-də M.Səmədov, bir neçə AİP fəalı və dindar qanunsuz silah saxlamaq, hakimiyyətin ələ keçirilməsinə cəhd və s. ittihamlarla müxtəlif müddətə həbs olunublar.

M.Səmədova 12 il həbs cəzası verilib. Avropa İnsan Hüquqları Məhkəməsi onun işi üzrə kommunikasiyaya başlayıb.

2014-cü il oktyabrın 9-da Qaradağ Rayon Məhkəməsinin qərarı ilə M.Səmədovu 12 saylı cəzaçəkmə müəssisəsindən 2 ilini ciddi rejimdə keçirməklə Qobustan qapalı həbsxanasına köçürüblər. Şərtlərin sərtləşdirilməsi ilahiyyatçının intizamı pozması ilə əsaslandırılıb. Lakin bəzi məlumatlara görə, əsl səbəb M.Səmədovun məhbuslar arasında populyarlığının artması olub.

XS
SM
MD
LG