Accessibility links

Adnan Hacızadə: Hazırda Azərbaycanda sosial şəbəkələrdən real etirazın doğuşunu görmürəm


Adnan Hacızadə: Hazırda Azərbaycanda sosial şəbəkələrdən real etirazın doğuşunu görmürəm

Adnan Hacızadə: Hazırda Azərbaycanda sosial şəbəkələrdən real etirazın doğuşunu görmürəm

Adnan Hacızadə “11 mart - Böyük Xalq Günü” virtual etiraz aksiyası ilə bağlı həbsləri pisləyir. O ölkədə bloqçuluq və sosial şəbəkələrin inqilablara təsirindən danışıb.Adnan Hacızadə sosial şəbəkələrin Azərbaycanda hazırkı anda siyasətə təsirinin zəif olduğunu düşünür.

Bloger Adnan Hacızadə Amerikanın Səsi radiosuna müsahibəsində “11 mart - Böyük Xalq Günü” virtual etiraz aksiyası ilə bağlı həbsləri pislədiyini bildirib. O ölkədə bloqçuluğun inkişaf etdiyini, sosial şəbəkələrin inqilablara təsirindən danışıb. Adnan Hacızadə sosial şəbəkələrin Azərbaycanda hazırkı anda siyasətə təsirinin zəif olduğunu düşünür.

Sual: “11 mart - Böyük Xalq Günü” virtual etiraz aksiyası elan edildikdən sonra artıq 5 gənc fəal saxlanıb. Gənclərin həbsini necə qiymətləndirirsiniz? Onlara qarşı narkotik saxlama, əsgəri xidmətdən boyun qaçırma, polisin qanuni tələbinə tabe olmama, avtoxuliqanlıq və başqa ittihamlar irəli sürülüb.

Cavab: Həbsləri çox mənfi qiymətləndirirəm. 11 mart virtual aksiyadır və dəqiq təfərrüatlarını bilmirəm. Amma, bilirəm ki, bu tədbirin yaradıcıları qeyri-zorakı müqavimətin, qeyri-zorakı mübarizə üsullarının tərəfdarıdır. Onlar qeyri-zorakı ideyalarının yayılması ilə məşğuldur və onlara qarşı zorakı üsulların tətbiqini pisləyirəm. Saxlananlardan biri, Rəşadət Axundov yaxın dostlarımdandır və onu qeyri-qanuni həbs etsələr belə, müqavimət göstərməz. Onu valideynləri olan avtomobildən güclə on nəfər mülki geyimli şəxs düşürüb, həmin avtomobilin açarlarını da alıblar. Bundan sonra deyirlər ki, Rəşadət polisə müqavimət göstərib. Bu yanlış qərardır, heç bir hüquqi çərçivəyə sığmır.

Ümumilikdə gənclərə qarşı repressiyaları pisləyirəm və hesab edirəm ki, gənclərin dinc üsullarla etiraz etmək hüququ var.

Sual: Siz, özünüz də uzun müddət həbsdə qalıbsınız. O zaman necə oldu ki, Sizi həbs etdilər? Sizin həbsdən azad edilməniz üçün beynəlxalq ictimaiyyət, hətta Amerika prezidenti və Dövlət katibi münasibət bildirib.

Cavab: Bəli, bizə qarşı xuliqanlıqla bağlı ittiham irəli sürmüşdülər. Ancaq, biz bunu etməmişdik. Araqarışdırıcılar göndərilmişdi, onlar bizə hücum etdilər. Mən və Emin hansı ki, birgə tutulmuşduq, hər ikimiz qeyri-zorakılıq fəlsəfəsinin davamçılarıyıq. Biz bilərəkdən onlara müqavimət göstərmədik. Bilirdik ki, müqavimət göstərsək, bu həm əqidəmizə ziddir, həm də hüquqi cəhətdən yaxşı görünməyəcək. Hücumdan sonra hüquqlarımızın qorunması üçün polisə müraciət etdik. Nəticədə, bizi günahkar sayıb 17 ay həbsxanada saxladılar, hücum edən idmançıları isə məhkəmə zərərçəkən hesab etdi.

Sual: Son günlər gənclərə, xüsusilə də Eynulla Fətullayev və Bəxtiyar Hacıyevə qarşı işgəncələrlə bağlı məlumatlar səslənir. Siz də, tutulma, istintaq proseslərini keçibsiniz. Bu proseslərdə işgəncə hansı anda baş verə bilər?

Cavab: İşgəncə adətən beynəlxalq diqqətin az olduğu vaxt baş verir. Ola bilər ki, yuxarı hakimiyyət orqanı tərəfindən yetərincə diqqət olmadıqda və dəqiq göstəriş olmayanda səhlənkarlıqdan da işgəncə verilmə halı baş verir. Çünki, bu strukturlarda işləyən insanlar zorakılıq göstərməyə və etdiklərinə görə cəzasızlığa öyrəniblər. Bunlarda cəzasızlıq sindromu var, çünki etdiklərinə görə heç zaman cəza çəkməyiblər. Bir münaqişə olanda, insan öz hüquqlarını və qanunu tələb edəndə hörmətsizlik kimi qarşılayırlar. Məsələn, Gəncədəki polislər bilmirlər ki, Bəxtiyar Hacıyev kimdir və kimləri təmsil edir. Bəxtiyar haqqını açıq şəkildə tələb edəndə ona qarşı zorakılıq tətbiq ediblər.

Onu da bildirim ki, mənə qarşı həbs edildiyim andan azad edildiyim anadək hər hansı zorakılıq halı olmayıb.

Sual: Siz, həm də video bloqçusunuz. Azərbaycanda bloqçuluq sahəsində vəziyyət necədir? Sizin həbsinizdən sonra bu sahədə bir canlanma hiss edilirdi.

Cavab: Bəli, bizim həbsimiz bloqçuluğa təkan verdi. Hazırda sosial şəbəkələr insanlar üçün elə asan iş rejimi yaradıb ki, artıq bloqlara o qədər də ehtiyac hiss edilmir. Facebook və Twitter şəbəkəsində səhifən varsa bloqçu sayıla bilərsən.

Sual: İndi dünyada inqilabçı sosial şəbəkələr şüarları səslənməkdədir. Azərbaycanda sosial şəbəkələrin etiraz aksiyalarında, hökumətin fəaliyyətinə təsirdə rolunu necə görürsünüz?

Cavab: Twitteri yaradan insan zarafatla deyib ki, bu şəbəkəni yaradanda onun hansısa təsiri olacağını ümumiyyətlə düşünməyib. Sosial şəbəkələr bir alətdir, o aləti istifadə edən insanlar lazımdır. Sırf sosial şəbəkə ilə heç nəyə, heç bir dəyişikliyə nail olmaq olmaz. Dəyişikliyi həyata keçirən insanlar lazımdır. Hələ ki, Azərbaycanda sosial şəbəkələrdən real etirazın doğuşunu görmürəm. Bu, bir sıra faktorlarla bağlıdır. Azərbaycanda internet istifadəçilərinin sayı artdıqdan, internetin sürəti artırıldıqdan, qiymətləri endirildikdən sonra bu, real görünə bilər. Xüsusi ilə, dəyişikliklər üçün insanlar lazımdır.

İnqilablar, dəyişikliklər tarixdə həmişə baş verib. Bunlar baş verən zaman nəinki sosial şəbəkələr, heç internet yox idi. 1980-ci illər inqilablarında milyonlarla insanlar iştirak edib. Eyni zamanda Avropanı və dünyanı bürüyən inqilabı hərəkətlər zamanı milyonlarla insan iştirak edib.

XS
SM
MD
LG