Accessibility links

Adnan Hacızadə: Həbsxanada Amerikanın səsi radiosuna qulaq asırdım


Adnan Hacızadə: Həbsxanada Amerikanın səsi radiosuna qulaq asırdım

Adnan Hacızadə: Həbsxanada Amerikanın səsi radiosuna qulaq asırdım

Bloger Adnan Hacızadə 17 aylıq həbsdən sonra azadlığa buraxılıb

Bloger Adnan Hacızadə “Amerikanın səsi” radiosuna müsahibəsində həbsxana həyatından, həbsinin səbəbindən danışıb. O beynəlxalq və yerli demokratik ictimaiyyətə minnətdarlıq bildirib.

Sual: Həbsinizi necə qiymətləndirirsiniz? Həbsdə günləriniz necə keçdi?

Cavab: Həbs həyatım gözlədiyimdən asan keçdi. Azərbaycanda yaşayan insanlar, xüsusən kişilər heç zaman həbsdən sığortalanmayıb və hər bir kişinin həyatında bu baş verə biləcək bir haldır.

Həbsim zamanı çox narahatlıqlar, çətinliklərim var idi. Mən bunu yaşadım və özümü yaşatdım. Həbsdən sağ-salamat çıxdım.

Sual: Həbsdən azad ediləcəyinizi nə vaxt bildiniz?

Cavab: Yalnız məhkəmə qərara qəbul etdikdən sonra azad edildiyimi bildim.

İyulun 26-da vaxtından əvvəl həbsdən azad edilməyimlə bağlı Qaradağ rayon məhkəməsinə müraciət etmişdim və məhkəmə məni həbsdən azad etmədi. Həmin məhkəmədən Apellyasiya məhkəməsinə şikayət verdim, şikayətim bu gün təmin edildi.

Sual: Azadlıqda olan Adnan Hacızadə həbsini necə qiymətləndirir?

Cavab: Həbsim həm hüquqi, həm insan haqları, həm də ictimai cəhətdən səhv idi. Mən cinayətkar deyiləm. Ömrüm boyu Azərbaycan qanunlarına, həmçinin insanlıqla bağlı olan qanunlara, insanların şərəf və ləyaqətinə hörmət etmişəm. Bundan sonra da belə yaşayacam. Mən həbsə layiq deyildim.

Sual: Beynəlxalq və yerli demokratik ictimaiyyətin Sizin hüquqlarınızın müdafiəsi ilə bağlı apardığı işləri necə qiymətləndirirsiniz?

Cavab: Çox müsbət qiymətləndirirəm. Doğrusu bu qədər geniş ictimai dəstək gözləmirdim. Əmin oldum ki, dünyada elə insanlar var ki, onlar üçün ədalət, düzgünlük, insan haqları boş sözlər deyil. Məni müdafiə edən bütün insanlara, universitetimin tələbələrinə, müəllimlərinə, beynəlxalq və yerli insan haqları qurumlarına, hər bir şəxsə, xüsusilə vəkillərimə təşəkkür edirəm. Bu insanların həbsdən azad edilməyimdə böyük rolu olub.

Sual: Bundan sonra blogerliklə məşğul olacaqsınızmı?

Cavab: 17 ay həbs müddətində cəmiyyətdən təcrid vəziyyətdə qalmışam. İnternet aləmimdə baş verənlərdən xəbərsizəm, qəzet oxumağa imkan vermirdilər.

Özümü videobloger hesab edirəm. Bu mənim xobbimdir və bundan imtina etmək fikrim yoxdur.

Sual: Siyasi fəaliyyətlə məşğul olacaqsınız?

Cavab: Hələ ki, elə planlarım yoxdur.

Sual: Siz “Amerikanın səsi” radiosunda da təcrübə keçibsiniz. Radiolara münasibətiniz necədir? Həbsxanada hansı mediaya əl çatımlılığınız var idi?

Cavab: Universitet təhsilimi başa vurduqdan sonra iki ay “Amerikanın səsi” radiosunun Vaşinqton ofisində təcrübə keçmişəm. Orada işləmək çox xoşuma gəldi. Onlar çox peşəkar insanlardır. Həqiqətən də belə radiolar və xəbər portalları xəbərləri Azərbaycana çatdıra bilir. Düzdür “Amerikanın səsi” radiosunun Sovet dönəmində rolu daha çox idi. Amma İndiki durum da göstərir ki, FM dalğalarında olmasa da, qısa dalğalarda olsa da belə, radioların olması çox vacibdir. Mən “Azadlıq” və BBC radiolarının da adını çəkmək istəyirəm. Həbsxanada mən “Amerikanın səsi” radiosuna qısa dalğalarda qulaq asırdım.

Sual: Həbsxanada “Amerikanın səsi” radiosuna çox adam qulaq asır?

Cavab: Həbsxanada ancaq bilən adamlar qulaq asır. Çünki çox çətindir bu radiları tutmaq. Gərək çıxasan hansısa stolun üstünə çıxasan, antenanı harasan bağlayasan və sonra özün də kənarda durub dinləyəsən.

Sual: Emin Milli və Eynulla Fətullayev hələ də həbsdədir. Jurnalist və blogerin həbsdə saxlanmasını necə qarşılayırsınız?

Cavab: Mən bu təlatümlü yolu Eminlə birgə keçdim. Emin mənim dostum və əqidə yoldaşımdır. Çox istəyirəm ki, Eynulla Fətullayev və Emin həbsdən azad edilsin. Emin qanunçuluq və insanlıq prinsipləri ilə yaşayan insandır. Onun yeri azadlıqdır. O cümlədən bu sözlərim haqsız həbsdə saxlanan bütün insanlara aiddir.

Sual: Sizin problemlərinizi Amerika prezidenti və dövlət katibi Azərbaycan rəhbərliyi qarşısında qaldırıb. Sizi nə səbəbdən həbsdən azad etmirdilər? Səbəb nə idi?

Cavab: Mən, o cümlədən də, heç kim indiyədək yüzdə-yüz bilmir ki, niyə həbs olunmuşam. Həbsim çox güman ki, ictimai fəaliyyətimlə bağlıdır. Məni tutub-buraxanların hərəkətlərində məntiq axtarmaq düzgün deyil. çünki mənim həbsim hüquqi və siyasi səhv idi. Xarici ölkələrin dövlət xadimlərinin, o cümlədən Amerika prezidentinin və dövlət katibinin mənimlə bağlı müraciətləri bu ölkələrdə demokratiyanın olması ilə bağlıdır. Onlar seçicilərindən asılıdır. Çünki bu ölkələrin sakinləri, o cümlədən mənim universitetimin tələbələri, müəllimləri prezidentə, dövlət katibinə, konqresmenlərə müraciətlər etdilər. Onlar isə seçicilərinin müraciətlərini səsləndirməyə məcburdur. Demokratik quruluş belə təşkil olunub və belə də davam edir. Bunun isə gözəl təcəssümü mənim işimlə bağlıdır.

XS
SM
MD
LG