Accessibility links

Əfqanıstan rəsmilərinin bildirdiyinə görə, ölkənin cənub bölgəsindəki Qəndəhar vilayətində intiharçının bomba hücumu prezident Həmid Karzayın əmisi oğlunun ölümünə səbəb olub.

Region rəsmiləri intiharçının papağının içində gizlətdiyi bombanı bu gün, Ramazan bayramı münasibətilə Həşmət Karzayın evində qonaqlıq verdiyi vaxt partlatdığını bildirib. Hücumun məsuliyyətini öz üzərinə götürən olmayıb.

Həşmət Karzay Həmid Karzaydan sonra hakimiyyətə gələcək rəqib iki namizəddən biri olan Əşrəf Qaninin prezidentliyə seçki kampaniyasına başçılıq edib.

Cənab Qani Twitter səhifəsində yazıb ki, onun müşaviri Həşmət Karzayın ölümü əfqan xalqını ümumi düşmənə qarşı birləşdirməlidir.

Bu, Əfqanıstan prezidentinin qohumlarının zorakı hücumların hədəfi olduğu ilk hal deyil.

2011-ci ildə Həmid Karzayın ögey qardaşı, vialyət şurasının başçısı olan Əhməd Vali Karzay öz evində mühafizəçisi tərəfindən öldürülmüşdü.

XS
SM
MD
LG