Accessibility links

Əfqanıstanda üç fərqli bomba partlayışı təxminən 24 nəfərin həyatına son qoyub, 40 nəfərin isə yaralanmasına səbəb olub.

Hücumlardan biri paytaxt Kabildə baş verib. Burada intiharçı mini-avtobusa yaxınlaşdıqdan sonra üzərindəki partlayıcı qurğunu işə salıb.

“Partlayış baş verdikdə mən bir neçə yaralanan şəxsin yerə yıxıldığını gördüm. Avtobusun sürücüsü isə köməyə çağırırdı. 10-15 dəqiqədən sonra polis və təcili yardım maşını hücumun baş verdiyi əraziyə gəldi. Dəhşətli mənzərə idi” deyə hadisənin şahidlərindən biri bildirib.

Əfqanıstanın Daxili İşlər Nazirliyi bildirib ki, hadisə zamanı 14 nəfər həlak olub, səkkiz nəfər isə yaralanıb. Taliban dərhal hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Ölənlər Əfqanıstanın paytaxtında xarici şirkətdə çalışan nepallı təhlükəsizlik işçiləri olub. Bundan əlavə avtobusda olan dörd əfqan da həlak olub.

Bir neçə saat sonra isə şəhərin digər hissəsində yaraqlı qrup tərəfindən yol kənarında yerə basdırılmış bombanın partlaması bir şura üzvü və onun iki cangüdəninin ölümünə səbəb olub.

Əfqanıstanın baş icraçısı Abdulla Abdulla zorakı hücumu pisləyərək bunun terror və təhdid aktı olduğunu bildirib.

Digər bir hücum isə ölkənin şimal-şərqində Badakşan vilayətində baş verib. Bu hücumda isə izdihamlı bazarda yerləşdirilmiş əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində 10 nəfər həlak olub, 30-dan çox insan isə yaralanıb.

Hücuma görə məsuliyyəti hələ üzərinə götürən olmayıb.

XS
SM
MD
LG