Accessibility links

Bu gün Taliban Kabildəki xarici hərbi qüvvələrə qarşı bomba hücumu həyata keçirib. Bir əfqan polisi və üç mülki vətəndaşın yaralandığı bildirilsə də, xarici hərbiçilərin xəsarət alıb-almadığı barədə məlumat verilməyib.

Paytaxtın insanların çox olduğu hissəsində təcili yardım maşınlarının olduğu deyilib. Yerli televiziya kanalları ziyana məruz qalan hərbi maşınları göstərib.

NATO-nun "Qətiyyətli Dəstək" missiyasının sözçüsü hücum barədə məlumatı təsdiq edib.

Taliban sözçüsü Zabiulla Mücahid Amerikanın Səsinə hücumla bağlı detallı məlumat göndərib. O, maşına yerləşdirilmiş bombanın xarici qüvvələrin Qunduz vilayətində mülki vətəndanlar və həkimlərin də ölümü ilə nəticələnən, Əfqanıstanın müxtəlif bölgələrində həyata keçirdiyi hava hücumlarına cavab olaraq partladıldığını deyib. Sözçü bugünkü hücum zamanı azı 12 nəfərin öldüyünü iddia edib.

Əfqanıstan ordusu və NATO itkilər barədə məlumat verməyib.

XS
SM
MD
LG