Accessibility links

Azad Fikir Universiteti: Yeni mövsümədək mühazirələri bərpa edə bilməyəcəyik


AFU mühazirə

AFU mühazirə

Layihə məsulları Amerikanın Səsinin suallarını cavablandırıb

Bu gün səhər Azad Fikir Universiteti rəsmi Facebook səhifəsi vasitəsilə bəyanat yayıb. Bəyanatda deyilir ki, prokurorluq orqanları bu gün Azad Fikir Universitetinin qapısından möhürü götürüb. Lakin AFU-nun yerləşdiyi Səməd Vurğun 34 ünvanındakı binanın sahibi icarə müqaviləsinə xitam verərək ofisin boşaldılmasını tələb edib. Bu səbəbdən AFU öz ofisini tərk etməli olub. Amerikanın Səsi Azad Fikir Universitetinin layihə məsullarına olayla bağlı sorğu göndərib. Lahiyə icraçılarının Amerikanın Səsinin suallarına göndərdiyi cavabları sizə təqdim edirik.


Sual:
Azad Fikir Universitetinin gələcək fəaliyyəti nədən ibarət olacaq? Ümumiyyətlə AFU fəaliyyətini davam etdirəcəkmi?

Cavab: Hal-hazırda Azad Fikir Universitetinin ofisi olmadığından, biz də texniki olaraq tədbir keçirmək imkanlarından məhrumuq. Yeni ofisin tapılması bir neçə ay çəkdiyindən, eyni zamanda AFU-da cari mövsümün bitməsinə bir ay qaldığından, biz yeni mövsümün əvvəlinə kimi (sentyabr-oktyabr) mühazirə və digər tədbirləri bərpa edə bilməyəcəyik. Hal-hazırda mövcud durumdan çıxış yollarını dəyərləndiririk.

Sual: Yeni ofis axtarışınız başlayıbmı? Nə zaman yeni ofisə köçməyi düşünürsünüz?

Cavab: Azad Fikir Universitetinin hər mühazirəsinə orta hesabla 60-70, bəzən isə daha çox dinləyici gəlir. Buna görə də layihəmizin tələblərinə uyğun ofisin tapılması işimizi xeyli çətinləşdirir. Bakıda normal sayda dinyləyicinin toplana biləcəyi və tədbirlərə hər kəsin rahat gələ biləcəyi yer tapmaq kifayət qədər çətin işdir.

Sual: AFU-nun qapısı möhürlü olduğu müddətdə ofisdən nəsə müsadirə edilibmi?

Cavab: Azad Fikir Universitetinin ofisindən bir kompüter və layihələrimizlə bağlı sənədlər müsadirə edilib.

Sual: Çıxarıldığınız ofislə müqaviləniz nə zaman başa çatırdı? Bunu nə ilə əsaslandırdılar?

Cavab: Ofisin icarə müqaviləsi 2012-ci ilin dekabrında 1 illik müddətə imzalanmışdı. Müqavilənin xitam verilməsinə əsas isə ofisi təyinatı ilə istifadə etməməyimiz iddiasıdır. Amma bina rəhbərliyinin bizə təqdim etdiyi səbəb əsassızdır. Həmin ofisin məhz Azad Fikir Universitetinin fəaliyyəti üçün istifadə ediləcəyi öncədən onlara bildirilmişdi.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG