Accessibility links

Ağ Ev Ukrayna hökumətinə qarşı sanksiyaları nəzərdən keçirir


Ben Roudz

Ben Roudz

ABŞ administrasiyası Ukraynada zorakılıqlara görə məsuliyyət daşıyan şəxslərə qarşı sanksiyaların tətbiq edilməsini nəzərdən keçirir. Bu haqda ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini Ben Roudz açıqlama verib.

Ağ Evin yüksək səviyyəli nümayəndəsi ABŞ administrasiyasının məsələni Avropa İttifaqının nümayəndələri ilə müzakirə etdiyini qeyd edib. O bildirib ki, ABŞ Ukrayna hökumətini xüsusi təyinatlı qüvvələri Meydandan çıxarmağa, barışıq elan etməvə və Ukrayna müxalifəti ilə danışıqları bərpa etməyə çağırır.

Ağ Evin nümayəndəsi Birləşmiş Ştatların Rusiyanın Ukraynada gərginliyin azaldılması səylərini dəstəkləməsini istədiyini qeyd edib.

Sanksiyaların mümkünlüyü məsələsinə Parisdə fransalı həmkarı ilə görüşən ABŞ Dövlət katibi Con Kerri də toxunub. “Biz Avropada və başqa yerlərdə dostlarımızla güzəşt mühitinin yaradılması üçün sanksiyalar, ya da başqa addımların mümkünlüyü haqda danışıqlar aparırıq”-deyə Con Kerri bildirib.

Cənab Kerri və digər ABŞ rəsmiləri mümkün sanksiyaların detalları ilə bağlı açıqlama verməyiblər, lakin administrasiya əvvəllər də ayrl-ayrı şəxslərə qarşı hesabların dondurulması və səfərlərə məhdudiyyətlər qoyulmasını nəzərdə tutan sanksiyaların tətbiq edilə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Avropa İttifaqının liderləri də prezident Viktor Yanukoviç hökumətinin üzvlərinə qarşı sanksiyaların tətbiq edilməsi məsələsində ciddi mövqe nümayiş etdirib.

Fransa prezidenti Fransua Ollandla birgə mətbuat konfransında danışan Almaniya kansleri Angela Merkel Avropa tərəfdaşlarının məsələyə münasibətinin ciddi olduğunu nümayiş etdirmək məqsədilə Avropa İttifaqının xarici işlər nazirlərinin cümə axşamı Brüsseldə keçiriləcək iclasında sanksiyaların mütləq müzakirəyə çıxarılacağını deyib. O, eyni zamanda, sanksiyaların kifayət olmadığını deyərək, sülhün bərqərar olması üçün Viktor Yanukoviç hökuməti və müxalifətlə dialoqun aparılmasının vacibliyini vurğulayıb.
XS
SM
MD
LG