Accessibility links

"Günaz" televiziyasının təsisçisi Əhməd Obalı Azərbaycan türklərinin İran seçkilərində namizədlərə etibarı olmadığını deyir

İyunun 14-də İranda seçkilər keçiriləcək. İranda yaşayan Azərbaycan türkləri seçkilərdə hansı namizədə üstünlük verir? Azərbaycanlı seçiciləri narahat edən məsələlər namizədlərin siyasi kampaniyasında yer alıbmı?

Bu sualları Amerikanın Səsi üçün cavablandıran “Günaz” televiziyasının təsisçisi Əhməd Obalı əvvəllki illərlə müqayisədə azərbaycanlıların seçkiyə böyük maraq göstərmədiyini deyir. Əhməd Obalının sözlərinə görə, “Günaz” televiziyasının proqramında iştirak edən azərbaycanlılar səsverməyə getməyəcəklərini deyib. Onların fikrincə, səsvermədə işirak edib-etməməyin heç bir əhəmiyyəti yoxdur.



Əhməd Obalı Amerikanın Səsinə deyib ki, İran rejiminin məhdudiyyətləri daha da artırması azərbaycanlılarda dəyişikliklərin baş verəcəyinə ümidlərin azalmasına gətirib çıxarıb.

İran prezidentliyinə altı namizədin ölkədəki etnik azlıqlara münasibətdə mövqeyi və siyasətinə toxunan Əhməd Obalı onlardan heç birinin fərqli siyasət yürüdəcəyinin gözlənilmədiyini bildirib. O, namizədlər arasında Həsən Rohaninin milli məsələ ilə bağlı müəyyən fikirlər irəli sürdüyünü qeyd edib. Əhməd Obalı deyib ki, Həsən Rohaninin 10 maddədən ibarət planında azərbaycanlılar da daxil olmaqla, başqa etnik azlıqların ana dilində təhsilinə imkan veriləcəyi deyilir. O, Həsən Rohaninin planında Urmiyə gölündəki ekoloji vəziyyətin düzəlməsi məsələsinin də olduğunu deyib. Lakin onun sözlərinə görə, azərbaycanlılar namizədlərin bu vədlərinə inanmır, çünki əvvəlki təcrübələrə əsasən, seçki kampaniyası zamanı müxtəlif vədlər verən namizədlər vəzifə tutandan sonra sözlərinə əməl etməyiblər.

Əhməd Obalı müsahibədə qeyd edib ki, Azərbaycan türkləri Amerika Birləşmiş Ştatlarının İranda söz azadlığı və insan hüquqları məsələsinə diqqət verməyə davam edərək, İranda bütün xalqlara bərabər münasibət göstərdiyini görmək istəyir. O deyib ki, azərbaycanlılar ABŞ-ı dost olaraq görmək istəyirlər.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG