Accessibility links

Əhməd Davutoğlu: Misir xalqının iradəsinə hər kəs hörmət etməlidir


Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu

Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu

Türkiyə xarici işlər naziri Türkiyənin Misirin daxili işlərinə qarışması barədə ittihamlara cavab verib

Türkiyə qonşu ölkələrin və dünyada bütün ölkələrin daxili işlərinə həmişə hörmətlə yanaşıb. Misir bizim üçün çox önəmli, əziz və dost qonşu ölkədir. Bu barıdı Türkiyə xarici işlər naziri Əhməd Davutoğlu bu gün Bakıya səfəri zamanı Azərbaycan xarici işlər naziri ilə keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarına cavabda deyib.

Nazir bildirib ki, Misirdəki hər bir inkişaf bölgədəki inkişafa təsir edən hərəkətdir, Misirdəki müsbət dəyişikliklər keçmişdə olduğu kimi bölgədə təhlükəsizliyə böyük töhfələr verir.

“Amma Misirdə ortaya çıxacaq gərginliklər, sıxıntılar isə bütün bölgəyə sirayət edə bilir. Bu mənada Türkiyə hər zaman Misirdə bütün kəsimlərə açıq bir şəkildə və Misir xalqına tam inamlı bir siyasət aparıb. Keçmişdə də, 25 yanvar Təhrir dövründən sonra da bu siyasəti açıq şəkildə aparmışıq”, o qeyd edib.

Onun fikrincə, Türkiyənin ziddinə gedən qüvvələr Misir xalqına Türkiyənin siyasətinin əksini təbliğ edir. “Çünki Misir xalqı prezident və parlament seçib. Ancaq öncə parlament sonra isə prezidentin səlahiyyətlərinə son verildi. Bunlar haqlı olaraq Türkiyədə və bir çox ölkələrdə qayğı yaradır. Qayğıların dilə gətirilməsi, xalqdan gücünü alan bir dövrün dilə gətirilməsi daxili işə qarışmaq kimi anlanmamalıdır. Əksinə bu zaman Misirin seçilmiş prezidentinin devrilməsini dilə gətirənlər də Misirin daxili işlərinə qarışmalı olurlar. Əgər, onlar bunu dilə gətirərkən daxili işlərə qarışmırlarsa, Türkiyə də xalq tərəfindən seçilmiş prezident və digər qurumların xalqın iradəsi ilə demokratiyaya və oradakı quruluşun stabilliyə qədəm qoymasını dəstəkləməsi də daxili işlərə qarışmaq hesab edilməməlidir”, nazir bildirib.

Davutoğlu həmçinin deyib ki, Misirin hansı siyasi baxışa sahib olmasından asılı olmayaraq Misirin hər kəsimini qardaşımız və dostumuz bilirik. “Önəmli olan isə Misirin bir an öncə sabitliyə qovuşmasıdır. Buna isə hər an bölgəmizin ehtiyacı var. Bunun olması üçün də Misir xalqının iradəsinə hər kəs hörmət etməlidir”, nazir xatırladıb.
XS
SM
MD
LG