Accessibility links

Parlament QHT-lərə, qrantlara və ianələrə münasibəti sərtləşdirib


Milli Məclis

Milli Məclis

Milli Məclis “Qrantlar haqqında”, “Dini etiqad azadlığı haqqında” və “Qeyri-hökumət təşkilatları haqqında” qanunlara dəyişikliyi qəbul edib. Düzəlişlər QHT-lərin narazılığı ilə qarşılaşıb

Fevralın 15-də Milli Məclis səs çoxluğu ilə “Qrantlar haqqında”, “Dini etiqad azadlığı haqqında” və “Qeyri-hökumət təşkilatları haqqında” qanunlara bu qurumların fəaliyyətini kəskin şəkildə məhdudlaşdıran və çətinləşdirən dəyişiklikləri və əlavələri qəbul edib.

Qanun layihəsinin müəllifi hüquq müdafiəçisi Çingiz Qənizadədir. Müzakirələr zamanı deputatlar Sabir Rüstəmxanlı, İqbal Ağazadə və Fazil Mustafa düzəlişlərə qarşı çıxaraq, Ədliyyə Nazirliyinə az qala Milli Təhlükəsizlik Nazirliyi funksiyalarını vermək istədiklərini bildirib.

QHT-lər onsuz da Maliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi, Vergilər Nazirliyi qarşısında 20 növ hesabat verir və bütün sənədlərdə qrantlar və donorlar haqqında bütün məlumatlar var.

Fazil Mustafayev bildirib ki, təklif olunan cərimələrə bir çox QHT-lərin gücü çatmır, buna görə məhkəmələr onların ödənilməsindən imtina təcrübəsi ilə qarşılaşacaq.

İqbal Ağazadə dinləmələrdə iştirak etməkdən imtina edərək, yeni qanun layihəsinin vətəndaş cəmiyyətinin hakimiyyətə tabe edilməsinə yönəldiyini bildirib.

Sabir Rüstəmxanlı son vaxtlar parlamentdə qəbul edilən demək olar ki, bütün aktların əvvəllər qəbul edilmiş qanunlara mürtəce düzəlişlər olduğunu deyib.
“Biz tam bir diktaturaya gedib çıxa bilərik və vəziyyəti düzəltmək qeyri-mümkün olacaq”, deyə o bildirib.

QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev cəzaların həddindən artıq kəskin olması ilə razılaşmasa da, düzəlişləri dəstəkləyib.

Qüvvələrin bu şəkildə bölgüsü səsvermə zamanı da özünü doğruldub. Düzəlişlərin qəbul edilməsinin əleyhinə 3, lehinə isə 92 deputat səs verib.
Qeyd edək ki, düzəlişlər dövlət başçısı tərəfindən təsdiq edildiyi halda qüvvəyə minəcək.

Xatırladaq ki, bir gün öncə çoxsaylı QHT-lər parlamenti mürtəce qanun layihəsini qəbul etməməyə çağıran bəyanatla çıxış edib.
XS
SM
MD
LG