Accessibility links

Şahvələd Çobanoğlu: Eynulla Fətullayev sübut etdi ki, həbs, qorxu, təhlükələr azad insanın səsini boğa bilməz


Şahvələd Çobanoğlu: Eynulla Fətullayev sübut etdi ki, həbs, qorxu, təhlükələr azad insanın səsini boğa bilməz

Şahvələd Çobanoğlu: Eynulla Fətullayev sübut etdi ki, həbs, qorxu, təhlükələr azad insanın səsini boğa bilməz

Aprelin 20-də Eynulla Fətullayevin həbsindən 4 il keçir. Aprelin 22-də isə Avropa İnsan Hüquqları Məhkəməsinin jurnalistin dərhal həbsdən azad edilməsi barədə qərarından bir il keçir.

Gündəlik Azərbaycan qəzetinin şef redaktoru Şahvələd Çobanoğlu Amerikanın Səsi radiosuna müsahibəsində jurnalist Eynulla Fətullayevin həbsxana həyatı, sağlamlıq durumu, məhkəmə prosesləri, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarının yerinə yetirilməməsindən danışıb. Aprelin 20-də Eynulla Fətullayevin həbsindən 4 il keçir. Beynəlxalq hüquq müdafiə təşkilatları Londonda Azərbaycan səfirliyi qarşısında jurnalistin hüquqlarını müdafiə məqsədi ilə aksiya keçirəcək. Azərbaycanda da jurnalistlər bir günlük aclıq aksiyası keçirəcək.

Sual: Aprelin 20-də Gündəlik Azərbaycan qəzetinin baş redaktoru Eynulla Fətullayevin həbsindən 4 il keçir. Cənab Fətullayevin 4 illik həbsxana dərsləri nədir?

Cavab: Eynulla Fətullayevin həbsi siyasi olmayan, jurnalist olmayan digər insanların həbsindən ağırlığı və dramatikliyi ilə çox ciddi fərqlənir. Dörd ildə Eynulla Fətullayev çox ciddi təxribatlarla üzləşib, hər an onu təhlükə gözləyib, ona qarşı daim pis münasibət olub. Bunların bir çoxunu Fətullayev açıqlayıb, ancaq əksəriyyəti barədə danışmayıb. Çünki, o çox qürurlu adamdır və zəif görünmək təsəvvürü yaratmamaq üçün bunlardan danışmır. Amma, biz dostları, vəkilləri bilir ki, ona qarşı təxribatlar heç zaman dayanmayıb, pis münasibət isə hər zaman kəskin olub. Son zamanlar isə həyatı üçün təhlükələr mövcud idi. Bu səbəbdən də cəzaçəkmə müəssisəsinə köçürüldükdən sonra bir ay karserdə (dustaqlar üçün nəzərdə tutulan cəza kamerası - red T.F) tək qalmağa məcbur oldu. Bu çox ağır şəraitdə yaşamaq deməkdir. O son bir ayda tam beton divarlar arasında, zirzəmi şəraitində, rütubətli kamerada yaşayıb. Fətullayev bu səbəbdən çox ağır duruma düşdü, xəstələndi. Doğrudur hazırda o müalicə alır, amma xəstəlikləri asanlıqla keçən deyil.

Sual: Bütün bunlara baxmayaraq cənab Fətullayevin azadlıq səsi söndürülə bilməyib. O bütün məhkəmə proseslərində, açıq məktubları və bəyanatlarında daim söz azadlığı uğrunda mübarizliyini nümayiş etdirib.

Cavab: Eynulla Fətullayev tarixdə olan bir çox insanlar kimi bir daha sübut etdi ki, insanın azadlıq səsini, hətta bəzən eşidilməz olan səsini boğmaq mümkün deyil. Eynulla sübut etdi ki, həbs, qorxu, təhlükələr azad insanın səsini boğa bilməz. Eynulla cəsarəti, dirənişi ilə sübut etdi ki, Azərbaycan jurnalistikasının və Azərbaycan xalqının səsini boğmaq olmaz. Eynulla hazırda həm də, bunun nümunəsidir.

Sual: Eynulla Fətullayevin həbsinin 4 ili və Avropa İnsan Hüquqları Məhkəməsinin onun həbsdən dərhal azad edilməsi ilə bağlı qərarının yerinə yetirilməməsinin bir ili ilə bağlı həbsxanada aclıq edəcəyini bəyan etmişdi. Jurnalist həmkarları onu dəstəkləyirmi?

Cavab: Biz, həmkarları ona müraciət etmişik ki, aclıq aksiyası etməsin, əvəzində biz aclıq edəcəyik. İstəmirik ki, o yenidən əzab-əziyyətlə üzləşsin. Çünki, son zamanlar o çox ağır dramatik günlər yaşayıb, zəifləyib və hazırda müalicə olunur. Sabah, aprelin 20-də simvolik olaraq 20 jurnalist Eynullaya dəstək olaraq aclıq aksiyası keçirəcək. Bununla da diqqəti jurnalistin günahsız həbsdə saxlanmasına yönəldəcəyik.

Sual: Aprelin 20-də beynəlxalq hüquq müdafiə təşkilatları cənab Fətullayevin müdafiəsi məqsədi ilə Azərbaycanın Londondakı səfirliyi qarşısında etiraz aksiyası keçirəcəyini bildirib. Jurnalistin beynəlxalq müdafiəsini necə qiymətləndirirsiniz?

Cavab: Eynulla Fətullayevə beynəlxalq dəstək kifayət qədər böyükdür. Avropa Şurası, Avropa Parlamenti dəfələrlə qərarlarında jurnalistin azadlığını tələb edib. Bir çox demokratik ölkələrin yüksək rəsmiləri, hətta prezidentləri Eynulla Fətullayevin məsələsini qaldırıb. Eyni zamanda, Amerika Dövlət Departamenti hesabatlarında və bəyanatlarında onun azad edilməsini irəli sürüb, çağırışlar edib. Dünyanın aparıcı hüquq müdafiə və humanitar təşkilatları jurnalistə mükafatlar verib, onun həbsini pisləyib, azad edilməsini tələb edib. Bunlara baxmayaraq, Azərbaycan hakimiyyəti Eynulla Fətullayevi həbsdən azad etməyib. Hətta, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını yerinə yetirməyib.

Sual: Eynulla Fətullayev dünyada vicdan məhbusu kimi həbsdə saxlanan yeganə insanlardan biridir. Azərbaycan hökuməti Avropa Məhkəməsinin, Avropa Şurası Nazirlər Komitəsinin və çoxsaylı beynəlxalq təşkilatların çağırışlarına niyə məhəl qoymur? Buna səbəb nədir?

Cavab: Hətta Afrikada, Latın Amerikasında diktatura rejimləri dünyanın tələbi ilə vicdan məhbuslarını həbsdən azad edir. Amma, Azərbaycan hakimiyyəti bunu etmir. Mənə görə, bu Azərbaycan hökumətinin azad sözdən qorxusudur. Onlar hesab edir ki, Eynulla Fətullayevi həbsdə saxlamaqla Azərbaycan cəmiyyətinin səsini boğmaq olar. Amma zaman da, tarixdə sübut edib ki, Azərbaycan xalqının və mediasının azadlıq səsini susdurmaq mümkün deyil. Artıq dünya dəyişib. Azərbaycan qlobal dünyanın bir hissəsidir. Nə qədər təzyiqlər olsa da, Azərbaycan Avropa cəmiyyətinin tərkib hissəsidir. Bu dəyərlərə doğru gedən cəmiyyət öz səsini heç zaman batırmayacaq.

XS
SM
MD
LG