Accessibility links

Bakıda Avropa İttifaqı-Azərbaycan biznes forumu keçirilir


Avropa Ittifaqı-Azərbaycan biznes forumu

Avropa Ittifaqı-Azərbaycan biznes forumu

Mayın 18-də Bakıda ADA Universitetində ikinci Avropa İttifaqı - Azərbaycan biznes forumu başlayıb.

Forumda Avropa İttifaqı (Aİ) və Azərbaycandan olan 200 biznes şirkətinin nümayəndəsi, Azərbaycan hökumətinin nazirləri və nazir müavinləri, Aİ səfirləri iştirak edir. Müzakirələrin mərkəzində kənd təsərrüfatı, nəqliyyat və logistika, turizm və daha ümumi şəkildə "Azərbaycanda biznesi necə qurmalı?", - məsələləri durur.

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, Azərbaycan Aİ ölkələrinin diqqətindədir.

“Bu gün tədbirdə 200 nəfərdən çox iş adamı iştifak edir və onların çoxu Aİ ölkələrini təmsil edir”.

Nazirin fikrincə, Avropa İttifaqı ilə Azərbaycanın əlaqələri yüksək səviyyədədir.

“23 Aİ ölkəsi ilə ikiqat vergi tutulmasının aradan qaldırılması, 14 ölkə ilə sərmayələrin təşviqi barədə sazişlər qüvvədədir. 14 ölkə ilə hökumətlərarası əməkdaşlıq komissiyaları var”.

Mustafayevin sözlərinə görə, son 10 ildə Aİ ölkələri tərəfindən Azərbaycana 20 milyard dollar investisiya qoyulub. Bunun da 2,7 milyard dolları qeyri neft sektorunun payına düşür.

Nazir deyib ki, enerji sahəsində əməkdaşlıq Aİ - Azərbaycan əlaqələrinin əsasını təşkil edir. Amma bu gün Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı əsas piroritetə çevrilib.

O bildirib ki, Avropa İttifaqı Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır. 2015-ci ildə xarici ticarət dövriyyəsində Avropa İttifaqının payı 47,5 faiz olduğu halda, bu ilin birinci rübündə bu rəqəm artıq 43 faizdir.

"Biz çalışırıq ki, iqtisadiyyatın inkişafını qeyri-neft sektoruna yönəldək.

"Cənub Qaz Dəhlizi" Aİ-nin əsas infrastruktur layihələrindən biridir. Ölkə iqtisadiyyatında son 10 ildə neft sektorunun payı 60 faizdən 10 faizə düşüb. Özəl sektorun payı isə 80 faizi ötüb", Mustafayev vurğulayıb.

Aİ-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mårdın fikrincə, Azərbaycanda bir sıra iqtisadi islahatlar aparılır, ölkə iqtisadiyyatın çoxşaxəli inkişafı istiqamətində göstərilən cəhdləri artırır.

“Bu, bazarda marağı olan Avropa şirkətləri üçün daha çox imkan yaradır. Aİ Azərbaycanın ən böyük iqtisadi tərəfdaşıdır və ölkədə ümumi ticarətin 44% pay sahibi olub, Azərbaycana xarici birbaşa investisiyaların ən böyük hissəsini təmin edir. Aİ islahatların aparılması istiqamətində hökumətin göstərdiyi cəhdləri dəstəkləməyə hazırdır. Ümid edirəm ki, 18 mayda keçirilən Aİ-Azərbaycan biznes forumu şirkətlər arasında şəbəkələşməni və əlaqələri çoxaldacaq, bu da öz növbəsində ticarət və iqtisadi fəaliyyəti daha da artıracaqdır", o qeyd edib.

XS
SM
MD
LG