Accessibility links

Aida Hüseynova: Amerikada artıq Azərbaycan musiqisinin pərəstişkarları nəsli var


Aida Hüseynova ilə müsahibə
please wait

No media source currently available

0:00 0:11:31 0:00

Muğamdan operaya qədər Azərbaycan musiqisi-bu yaxınlarda ABŞ-da işıq üzü görmüş yeni kitab belə adlanır. Musiqişünas Aida Hüseynovanın uzun sürən araşdırmalarının nəticəsi olan bu kitab ABŞ-da Azərbaycan musiqisi haqda ilk müfəssəl kitabdır. İndiana universitetinin professoru Aida Hüseynova Amerikanın Səsinin "Amerika icmalı" proqramında müsahibədə yeni kitabı, ABŞ-Azərbaycan musiqi əlaqələri və Amerikada Azərbaycan musiqisinin tədrisi haqda danışıb.

Aida Hüseynova Azərbaycan musiqisini ABŞ-ın İndiana universitetində 10 ildən artıqdır tədris edir. "Mən iki fənn tədris edirəm. Bunlardan biri İpək yolu ölkələrinin musiqisi, digəri isə musiqidə Şərqlə Qərbin qovuşmasıdır. Çox şadam ki tələbələrim Azərbaycan musiqisinə böyük maraq göstərir. Mən həm muğam musiqisindən, həm aşıq musiqisindən, həm bizim bəstəkarlarımızdan, caz ustalarımızdan, ifaçılarımızdan söhbət açıram və bu mənim araşdırmalarıma da böyük yardım etmiş olur."

"1961-ci ildə Qara Qarayev Los Ancelesə gəlir və burada çağdaş musiqi festivalında iştirak edir və onun əsəri də burada səslənir. Qayıdandan sonra o, həmkarlarına söyləyir ki, "biz geridəyik, ən azı 50 il geridəyik."

Aida Hüseynova Amerika və Azərbaycan arasında musiqi əlaqələrinin tarixini geniş araşdırıb. O, Amerikada professional səviyyədə Azərbaycan musiqisinə marağın artdığını qeyd edib. "Azərbaycan musiqisinə maraq ildən ilə artır. Mən deyə bilərəm ki, Azərbaycan elə Sovet İttifaqının hissəsi olanda da Amerika musiqisi ilə əlaqələr var idi. Təbii ki çox cüzi əlaqələr idi, çünki musiqimiz dəmir pərdə vəziyyətində inkişaf edirdi. Amma bir faktı qeyd etmək istəyirəm ki, 1961-ci ildə Qara Qarayev Los Ancelesə gəlir və burada çağdaş musiqi festivalında iştirak edir və onun əsəri də səslənir. Qayıdandan sonra o, həmkarlarına söyləyir ki, "biz geridəyik, ən azı 50 il geridəyik. Bundan sonra Azərbaycan musiqisində yeniləşmə prosesləri başlayır. Hamımız bilirik ki, Vaqif Mustafazadə və ümumiyyətlə bizim Azərbaycan caz ustaları elə Amerikanın Səsi radiostansiyasından o zamanlar bəhrələnirdi və məşhur "Caz saatı" verilişinə qulaq asıb oradan ilham alırdılar, bir çox müasir təmayüllərdən agah olurdular."

Müasir dövrdə musiqi əlaqələrinin inkişaf etdirilməsi imkanlarının daha geniş olduğunu deyən Aida Hüseynova bu yaxınlarda Qüds simfonik orkestrinin Amerikada qastrol konsertləri zamanı görkəmli pianoçu Fərhad Bədəlbəylinin çıxışlarını və "Xocalı rekviyemi"nin səsləndirilməsini qeyd edib. "Amerikanın 17 şəhərində Azərbaycan ifaçılıq sənəti və ümumiyyətlə Azərbaycanla tanışlıq imkanı yarandı. Tarzən Sahib Paşazadə də iştirak etdi bu turda. Məncə, çox əhəmiyyətli haldır ki, həmin səfər zamanı Aleksandr Çaykovskinin bəstələdiyi "Xocalı rekviyemi" əsəri səsləndirildi. 2014-cü ildə Qara Qarayevin "Yeddi gözəl" baleti San Diyeqoda səhnəyə qoyulur. 2013-cü ildə Üzeyir Hacıbəylinin "Arşin mal alan"operettası, hamımızın sevdiyi əsər Los Ancelesdə təqdim olunur."

"Hamımız bilirik ki, Vaqif Mustafazadə və ümumiyyətlə bizim Azərbaycan caz ustaları elə Amerikanın Səsi radiostansiyasından o zamanlar bəhrələnirdi və məşhur "Caz saatı" verilişinə qulaq asıb oradan ilham alırdılar, bir çox müasir təmayüllərdən agah olurdular."

Musiqişünas Amerika və Azərbaycan musiqiçiləri arasında birgə yaradıcılıq layihələrində iştirakından danışıb. "Mən böyük muğam ustamız Alim Qasımovla və onun qızı, yetirməsi olan gözəl ifaçı Fərqanə Qasımova ilə birgə dünya şöhrətli violençel çalan Yo Yo Manın rəhbərlik etdiyi "İpək yolu" ansamblı ilə birgə həm səfərlərdə olmuşam, həm də biz bahəm Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının yeni versiyası, redaksiyası üzərində işləyərkən mən elmil məsləhətçi kimi bizim musiqiçilərlə çalışmışam. Bu çox önəmli bir hadisə idi, çünki üç il ərzində Amerikanın demək olar bütün böyük şəhərləri, Vaşinqton, Nyu York, Boston daxil olmaqla, eləcə də Kanadada, Fransada və Qətərdə təqdim olundu. Mən Kronos kvartetinin də adını çəkmək istəyirəm. Kaliforniyada fəaliyyət göstərən Kronos kvarteti dünya şöhrətli bir musiqi qrupudur. Kronos kvarteti çoxdandır Azərbaycan musiqisi ilə maraqlanır. Onların bir gözəl diski var, "Muğamsayağı" adlanır və həmin disk bütünlüklə görkəmli bəstəkarımız Firəngiz Əlizadənin musiqisinə həsr olunub. Alim Qasımov və Fərqanə Qasımova da Kronos kvarteti ilə əməkdaşlıq aparır. Mən mühüm hadisələr və layihələrə toxundum. Təbii ki bunlar çoxdur. Həm Azərbaycandan Amerika Birləşmiş Ştatlarına gəlib müvəqqəti konsert verən musiqiçilərimiz var. Həm burada çalışan, məsələn, Kaliforniyada Çingiz Sadıxov kimi böyük pianoçumuz çalışır və onun Azərbaycan musiqisinin təbliğində rolu əvəzsizdir və bir çox başqalarının adlarını çəkmək olar."

"Deyə bilərəm ki, artıq Azərbaycan musiqisinin pərəstişkarları nəsli var. Məncə, bunların artıq Azərbaycan, Azərbaycan musiqisi, bəstəkarlarımız, muğamımız yaddaşlarına həkk olunub və mən bunu ən ümdə, ən gözəl nailiyyət hesab edirəm."

Aida Hüseynova İndiana universitinin tələbələrinin Azərbaycana və Azərbaycan musiqisinə böyük maraq göstərdiyini deyir. "Həm Bluminqtonda, həm İndiana universitetində Azərbaycan musiqisi həmişə səslənib və burada çalışan mütəxəssislərin işi sayəsində və yenə də buraya gələn azərbaycanlı mütəxəssislər sayəsində burada Azərbaycan musiqisi haqda anlayış həmişə olub. Amma tədris etdiyim kurslarda Azərbaycan musiqisinin artıq elmi cəhətdən, dərin və müfəssəl təqdim olunması mənə böyük zövq verir. Mən çox şadam ki, İpək yolu xalqlarının musiqisi kursunda, məsələn, mən ilk dəfə onu tədris edəndə 2011-ci ildə mənim 12-14 tələbəm var idi. Hal-hazırda isə 35-40 tələbəm var hər bir sinifdə. Məncə, bu böyük nailiyyətdir. Mən tələbələrlə dərslərdən sonra söhbətlər aparıram və deyə bilərəm ki, artıq Azərbaycan musiqisinin pərəstişkarları nəsli var. Məncə, bunların artıq Azərbaycan, Azərbaycan musiqisi, bəstəkarlarımız, muğamımız yaddaşlarına həkk olunub və mən bunu ən ümdə, ən gözəl nailiyyət hesab edirəm."

Aida Hüseynova görkəmli musiqiçi Yo Yo Manın Qərb və Şərq arasında musiqi əlaqələrinin inikişaf etdirilməsində rolu və Azərbaycan musiqisinə marağını xüsusi qeyd edib. "Yo Yo Ma çoxdandır Azərbaycan bəstəkarlarının əsərlərini ifa edir. Həm Üzeyir Hacıbəylinin, həm Firəngiz Əlizadənin, həm Cavanşir Quliyevin, Fikrət Əmirovun əsərləri Yo Yo Manın və İpək yolu ansamblının ifasında həm Amerikada, həm də Amerikadan kənarda səslənib. Mənim iştirak etdiyim "Leyli və Məcnun" layihəsi məncə, çox önəmlidir. Mən Harvard universitetində giriş sözündə bu musiqinin yaradıldığı yerdən minlərlə kilometr uzaqda səsləndiyini və belə maraqla qarşılandığını dedim. Bu, doğrudan da Azərbaycan musiqisinə böyük bir hədiyyədir, böyük bir töhfədir. Yo Yo Ma və İpək Yolu ansamblının hər bir üzvü Azərbaycan musiqisinə böyük sevgi ilə, məhəbbətlə, maraqla yanaşır və onların fəaliyyətində bu öz əksini tapır.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG