Accessibility links

Akif Mustafayev: Rusiya-Türkiyə problemi Azərbaycandan keçən tranzit yükləri 3-4 dəfə artıracaq [Video]


Akif Mustafayev: Rusiya-Türkiyə problemi Azərbaycandan keçən tranzit yükləri 3-4 dəfə artıracaq
please wait

No media source currently available

0:00 0:08:55 0:00

Akif Mustafayev: Rusiya-Türkiyə problemi Azərbaycandan keçən tranzit yükləri 3-4 dəfə artıracaq

TRACECA hökumətlərarası komissiyasının Azərbaycan üzrə milli katibinin Amerikanın Səsinə müsahibəsi

TRACECA hökumətlərarası komissiyasının Azərbaycan üzrə milli katibi Akif Mustafayev Amerikanın Səsinə müsahibəsində Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsinin regionda yük daşınmalarına təsirlərindən danışıb.

Amerikanın Səsi: Rusiyanın Türkiyəyə qarşı iqtisadi sanksiyalar tətbiq etməsinin regiona hansı təsirləri olacaq?

Rusiya sərhədində 1500-ə yaxın türk daşıyıcı maşınları (TIR-lar) toplanıb qalıb.

Akif Mustafayev: Rusiyanın Türkiyəyə tətbiq etdiyi sanksiyaların sözsüz ki, regiona təsiri olacaq. Amma, ən böyük zərərli təsiri birinci növbədə Türkiyə iqtisadiyyatına, sonra Rusiya iqtisadiyyatına olacaq. Çünki bu iki dövlət arasında çox geniş və böyük həcmdə iqtisadi-ticari əlaqələr mövcud idi. Bu iqtisadi əlaqələrin böyük qismi də daşımalarla, o cümlədən tranzit daşımalarla əlaqədardır. Son bir neçə gündə Rusiya sərhədində 1500-ə yaxın türk daşıyıcı maşınları (TIR-lar) toplanıb qalıb. Bu avtomobillərdəki yüklərin əksəriyyəti yeyinti məhsullarıdır (tərəvəz, meyvələr və müxtəlif yeyinti məhsulları). Bunlar yalnız Rusiya üçün yox, həm də Rusiyadan tranzit keçməklə Orta Asiya və Mərkəzi Asiya dövlətlərinə aparılacaq məhsullardır. 1500 TIR-ın arasında Türkiyədən başqa dövlətlərin də, o cümlədən Moldova, Rumıniya, Bolqarıstan və Qazaxıstan maşınları da var. Amma, saxlanan avtomobillərdəki yüklərin hamısı Türkiyədən gedən yüklərdir. Bu durumdan çıxış yolunun axtarılmasına Avrasiya regionunun iki dövləti mühüm əhəmiyyət verir. Qazaxıstan və Azərbaycan dövlət başçıları çalışırlar ki, Rusiya ilə Türkiyə arasında münasibətləri yumşaltsınlar və yaxın gələcəkdə münasibətlər düzgün məcraya yönəldilsin. Azərbaycan hazırda vəziyyətdən çıxmaq üçün birinci növbədə Rusiya, o cümlədən Gürcüstan sərhədində toplanmış yüzlərlə Türkiyə yük daşıyıcılarını öz ərazisindən buraxmaq məsələsinə toxunub. Bununla əlaqədar Azərbaycan müvafiq güzəştlər tətbiq etməyə başlayıb. Haradasa tariflərə 20 faizədək dəyişiklik edilib. Belə ki, beynəlxalq dəniz limanından tətbiq olunan rüsumlara 20 faizədək güzəştlər ediləcək. Beləliklə, Azərbaycandan hər gün təqribən bir neçə yüz maşın tranzitlə Asiya dövlətlərinə, əsas da Qazaxıstana və başqa Asiya ölkələrinə göndərmək imkanı yaranır.

Amerikanın Səsi: Rusiyanın sanksiyaları TRACECA vasitəsi ilə yüklərin daşınmasında hansı yeniliklər yaradacaq? Yüklərin həcmi nə qədər arta bilər?

Əvvəlki illərdə normal vəziyyətdə Türkiyədən təqribən 200 min daşıyıcı yükləri müxtəlif dövlətlərə aparırdı. Bunlardan haradasa 30 min Türk TIR-ı Azərbaycan ərazisindən keçirdi.

Akif Mustafayev: Biz təhlil etsək, bundan əvvəlki illərdə normal vəziyyətdə Türkiyədən təqribən 200 min daşıyıcı yükləri müxtəlif dövlətlərə aparırdı. Bunlardan haradasa 30 min Türk TIR-ı Azərbaycan ərazisindən keçirdi. Yəni Türkiyə-Gürcüstan-Azərbaycan və Xəzər dənizi ilə Asiya dövlətlərinə aparılırdı. Ancaq, haradasa 170-200 minə yaxın daşıyıcı isə Rusiya ərazisindən istifadə edirdi. Əsasən maşınlar Rusiyanın Qara dənizdəki Novorossiysk limanından gedirdi. Bunun üçün də Rusiya müvafiq şəraitlər yaratmışdı. Yəni, Türkiyə daşıyıcılarının Rusiyaya vizasız getmək imkanları var idi və rüsumlar da çox yüksək səviyyədə deyildi. İndi o imkanlar Türkiyə daşıyıcılarının əlindən alınır. Türkiyə maşınları Rusiya ərazisinə buraxılmır və 2016-cı il yanvarın 1-dən hətta Rusiya dövləti birtərəfli qaydada viza rejimini yenidən tətbiq etməyə hazırlaşır. Belə olan halda Türkiyə tərəfi üçün yeganə əsas çıxış yolu kimi TRACECA nəqliyyat dəhlizi ilə bu daşımaları həyata keçirmək qalır. Başqa bir yol da var, İran ərazisi. Nəzərə alsaq ki, İranla Türkiyə arasında siyasi münasibətlər hazırda çox da ilıq deyil. Həm də nəzərə alsaq ki, TRACECA - Azərbaycandan keçən şimal-qərb dəhlizi ən qısa dəhlizdir, bu da az vaxt itkisi deməkdir. Deməli türk daşıyıcılarının əsas yük axınları Azərbaycan ərazisindən baş tutacaq. Bunun üçün də Azərbaycan tərəfi müvafiq şəraitlər yaradıb.

Amerikanın Səsi: Bu sanksiyalar Azərbaycana hansı problemlər və perspektivlər vəd edir? Çünki Bakı-Tbilisi-Qars dəmir yolunun inşası gecikir.

Əgər normal vəziyyətdə 30 min daşıyıcı Azərbaycandan keçən zaman daşımalardan dövlət və qeyri dövlət müəssisələri, yəni nəqliyyat şirkətləri ildə 300 milyona yaxın ABŞ dolları səviyyəsində gəlir əldə edirdilərsə, bu gəlirlər 4-5 dəfə arta bilər.

Akif Mustafayev: Azərbaycan üçün də müəyyən dərəcədə problemlər yaranıb. Çünki, yaxın qonşularda, müttəfiqlərdə, dost, qardaş qonşularda əgər problemlər yaranıbsa, bunun bir qismi də Azərbaycana təsir etməyə bilməz. O biri tərəfdən yük daşımaları arta bilər. Bunun Azərbaycan üçün müsbət tərəfi yük daşımalarının artması ola bilər. Bu da Azərbaycanın strateji bir xəttidir. Hələ Türkiyə-Rusiya arasında bu münasibətlər yaranmamışdan bir neçə ay əvvəl prezident İlham Əliyev bir neçə sərəncam və qərarlar imzalamışdı. O sərəncamlara əsasən Azərbaycan dəmir yoluna müstəqillik və müvafiq imtiyazlar verilmişdi ki, daşımalarda aktiv iştirak etsin. Hətta sənaye və iqtisadiyyat nazirinin rəhbərliyi ilə Koordinasiya Şurası yaradılmışdı. Həmin Koordinasiya Şurasında tariflər, gömrük prosedurlarının sadələşdirilməsi və başqa məsələlərə baxılır, həll olunmaqdadır. Bu axının tam Azərbaycana keçəcəyini nəzərə alsaq tranzit daşımalar 3-4 dəfə arta bilər. Əgər normal vəziyyətdə 30 min daşıyıcı Azərbaycandan keçən zaman bu daşımalardan dövlət və qeyri dövlət müəssisələri, yəni nəqliyyat şirkətləri ildə 300 milyona yaxın ABŞ dolları səviyyəsində gəlir əldə edirdilərsə, bu gəlirlər 4-5 dəfə arta bilər. Sözsüz mənfəət də arta bilər.

Amerikanın Səsi: Bəs infrastrukturlar necə, hazırdırmı? Gömrük məntəqələri, dayanacaqlar, xidmətlər, yollar, limanlar…

Tranzitin artması ilə əlaqədar gömrük-sərhəd məntəqələrinə həm daşıyıcılarla rəftar, həm onları saxlamamaq, axını tez buraxmaq məsələsi ilə əlaqədar müvafiq göstərişlər verilib. Bununla əlaqədar problem olmamalıdır.

Akif Mustafayev: Avtomobil nəqliyyatına gəldikdə hazırlıqlar yüksək səviyyədədir. Modern yollar inşa edilib. Gömrük məntəqələrində yenə modern texnika, texnologiyalar tətbiq edilib, artıq bir neçə ildir vahid pəncərə sistemi tətbiq olunmaqdadır. Bundan başqa dövlət səviyyəsində müvafiq göstərişlər verilib. Tranzitin artması ilə əlaqədar gömrük-sərhəd məntəqələrinə həm daşıyıcılarla rəftar, həm onları saxlamamaq, axını tez buraxmaq məsələsi ilə əlaqədar müvafiq göstərişlər verilib. Bununla əlaqədar problem olmamalıdır. O ki, qaldı dəmiryol daşımalarına TRACECA (şərq-qərb) nəqliyyat dəhlizində daşımaların çox payı dəmir yolunun üzərinə düşür. Təhlil etsək, 100 faiz daşımalardan haradasa 50 faizə qədəri yalnız dəmir yolu ilə daşınır. Bununla əlaqədar tikilməkdə olan və istismara verilməsi 2016-cı ildə gözlənilən Bakı-Tbilisi-Qars dəmir yolunun çox böyük əhəmiyyəti olacaq. Bu dəmir yolu işə düşəndən sonra Çindən başlayaraq, Çin-Qazaxıstan-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Türkiyə vasitəsi ilə əlavə yükləmə-boşaltma əməliyyatları olmadanyükləri birbaşa Avropaya daşımaq mümkün olacaq. Bununla əlaqədar bir mühüm məsələni də qeyd etmək lazımdır. Hazırda Bakının Ələt qəsəbəsində birinci mərhələsi istifadəyə verilmiş Bakı Beynəlxalq Dəniz Limanının da tam işə düşməsi yaxın illərdə gözlənilir. Bunun da bu proseslərin həllində çox böyük töhfəsi olacaq.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG