Accessibility links

Səngəçal qəsəbəsi sakinləri Bakı–Astara yolunu bağladı


Qəsəbə sakinləri Bakı–Astara yolunu bağladı

Bakı-Astara magistral yolu bağlandığından uzun tıxac yaranıb

Qaradağ rayonunun Səngəçal qəsəbəsi sakinləri yanvarın 18-də Bakı-Astara magistral yolunu bağlayıblar.

Azadlıq radiosunun məlumatına görə aksiya iştirakçılarının ərazidə yolüstü piyada keçidinin salınmasını tələb etdikləri bildirilir.

«Bu yolda hər həftə qəza baş verir. Magistral yolda sürət yüksəkdir, yolu keçənlər qəzalara qurban olurlar. Dəfələrlə rayonun icra hakimiyyətinə müraciət etmişik, ancaq bizi dinləyən yoxdur», - aksiya iştirakçılarından biri deyib.

Bakı-Astara magistral yolu bağlandığından uzun tıxac yaranıb.

Əraziyə Dövlət Yol Polisinin, ardınca post-patrul xidmətinin əməkdaşları cəlb olunub. Yalnız bundan sonra hərəkat bərpa olunub.

Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev «Qafqazinfo» saytına açıqlamasında da sakinlərin yerüstü keçidin tikilməsini tələb etdiklərini təsdiqləyib.

«Üç gün öncə Səngəçal qəsəbəsi ərazisində 9 yaşlı oğlanı maşın vurub, o, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Bu gün isə qəsəbə sakinləri həmin hadisə ilə bağlı toplaşıblar. Onlar ərazidə yerüstü piyada keçidinin tikilməsini tələb ediblər. Sakinlərin toplaşması bir müddət yol hərəkətinə mane olub», - K.Əliyev bildirib.

Qaradağ rayon İcra Hakimiyyəti sakinlərin aksiyasını şərh etməyib.

XS
SM
MD
LG