Accessibility links

Martın 10-da Zərdab rayon Prokurorluğunun həbsdə olan keçmiş müstəntiqi Rüfət Səfərovun anası Tahirə Səfərova aclıq aksiyasına başlayıb.

Bu barədə Amerikanın Səsinə Səfərovun ailəsindən bildiriblər.

Məlumatda deyilir ki, Rüfət Səfərov martın 10-da 9 saylı cəzaçəkmə müəssisəsində ailəsi ilə görüşüb.

“Rüfətin durumu çox ağır idi. Görünür cərimə kamerasına (kars) salınan zaman ona göstərilən işgəncə faktları ilə bağlıdır. Tahirə xanım oğlu Rüfətə qarşı nümayiş etdirilən aşkar təqib və təzyiqlərə etiraz edərək aclığa başlayıb.

O oğluna qarşı işgəncə halları dayandırılana qədər aclığı davam etdirəcək.

Yaxın saatlarda ananın Azərbaycan xalqına, insan hüquq və azadlıqları ilə məşğul olan beynəlxalq təşkilatlara və ölkənin hüquq müdafiəçilərinə müraciəti olacaq”, ailə üzvlərindən biri Amerikanın Səsinə bildirib.

Rüfət Səfərov 9 saylı Cəzaçəkmə Müəssisəsində həbsdədir.

Vəkil Bəhruz Bayramovun sözlərinə görə, keçmiş müstəntiq martın əvvəllərində cərimə kamerasına salınıb. Səfərov bu il yanvarın 19-da da 7 sutlka müddətinə cərimə kamerasına salınıb.

“rüfət Səfərova qarşı yeni “təxribat” hazırlanır. Onu qapalı həbsxanaya göndərmək istəyirlər”, vəkil qeyd edib.

Keçmiş müstəntiq parlamentin keçmiş deputatı, hakim Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri Eldar Sabiroğlunun oğludur. E.Sabiroğlu ötən il Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ünvanına sərt çıxışlar edib. Dekabrda isə R.Səfərov qanunçuluğu pozmasına və hüquq-mühafizə orqanlarının pis işinə görə hakimiyyəti açıq tənqid edib. O, prokurorluq orqanlarından çıxdığını bildirib. Öz növbəsində prokurorluq bəyan edib ki, R.Səfərov “prokurorluq işçisinə yaraşmayan hərəkətə” görə işdən çıxarılıb.

2016-cı il yanvarın 15-də R.Səfərov rüşvət almaq ittihamı ilə həbs olunub. Lakin yanvarın 22-də o, ev dustaqlığına buraxılıb. R.Səfərov ittihamı rədd edib və cinayət işinin sifariş olduğunu bildirib. O, ev dustaqlığı dövründə də mövqeyindən geri çəkilməyib, iqtidarı tənqid edən bəyanatlarını davam etdirib.

Səfərov 2016-cı ilin sentyabrında 9 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və məhkəmə zalında həbs edilib. Dekabrın 22-də Apellyasiya Məhkəməsi R.Səfərovun barəsində hökmü qüvvədə saxlayıb.

XS
SM
MD
LG