Accessibility links

Aksiyalarda tutulanlar Bakıdan kənar ərazilərə aparıldıqlarının səbəblərini tələb edir


Hüquqşünas İntiqam Əliyevi polislər saxlayır
Hüquqşünas İntiqam Əliyevi polislər saxlayır

Fəallar aksiyada tutulduqdan sonra Bakının kənar ərazilərinə aparılaraq azad edilmələri ilə bağlı izahat üçün Daxili İşlər Nazirliyinə sorğu göndərib

Vətəndaş fəalı Şahvələd Çobanoğlu, Müsavat Partiyasının fəalı Yeganə Hacıyeva və “Hüquq Maarifçiliyi” Cəmiyyətinin sədri İntiqam Əliyev 22-ci Polis Bölməsinə sorğu göndərib.

Sorğu 26 yanvar 2013-cü ildə, saat 15.20 radələrində İsmayıllıda baş verən hadisələrlə bağlı dinc etiraz aksiyada iştirak etmiş həmin şəxslərin tutulması, polis idarəsində saxlanması və azadlığa polis bölməsindən yox avtobusla Bakının kənarında buraxılmalarının səbəbləri ilə bağlıdır. Eyni məzmunlu sualların cavablandırılması üçün sorğuçular həmçinin Daxili İşlər Nazirliyinə müraciət ediblər. Dinc toplantılarda tutulan və sonradan azad edilən digər şəxslərin də prosesə qatılacağı gözlənilir. Bu barədə hüquqşünas İntiqam Əliyev bildirib.

Onun dediyinə görə, toplantılarda bir qayda olaraq çoxlu sayda insanlar tutulur, onlar bir neçə saat polis bölməsində saxlanılır və sonra təhqiramiz şəraitdə Bakının kənar ərazilərinə aparılaraq azadlığa buraxılırlar.

“Bu qanunsuz praktikaya son qoymaq üçün bu istiqamətdə səylərin tərkib hissəsi kimi hüquqi müstəvidə də kütləvi şikayətlərin qaldırılması vacibdir. Bir daha vurğulayırıq ki, hətta icazəsiz toplantıya gələn insanlar hər hansı zorakılığa yol vermirlərsə, onları tutmaq olmaz. Polis idarəsinə birdən-birə 30-40 adam gətirilirsə, onları saxlamaq üçün şərait olmalıdır. İnzibati qaydada tutulmuş şəxs polisdə 3 saatdan artıq saxlana bilməz. Əgər insanların həbsinə, cərimələnməsinə ehtiyac duyulmursa, onları adam kimi buraxmaq polisin vəzifəsidir”, o qeyd edib.

İ.Əliyev bildirib ki, nə ona, nə də azadlığa buraxılmış digər şəxslərə tutulmaları ilə bağlı hər hansı sənəd təqdim olunmayıb, həmin şəxslərə inzibati qaydada xəbərdarlıq edildiyi təxmin edilir.

“Hətta xəbərdarlıq edilibsə belə, bu barədə tutulan şəxslərə inzibatı xəta haqqında protokolun surəti təqdim olunmalıdır (İnzibati Xətalar Məcəlləsi, 410.3-cü maddə) və həmin şəxslərin ondan şikayət vermək haqqı var. Tutulanların heç birinə həmin sənəd təqdim olunmayıb. Biz həm tutulmağımızın, həm tutulma zamanı heç bir əsas olmadığı halda həddən artıq güc tətbiq olunmasının, həm də təhqiramiz şərtlərlə azadlığa buraxılmağımızın qanunsuzluğunu mübahisələndirməyə hazırlaşırıq. Pozuntunun miqyasından asılı olmayaraq haqqımızı pozanların üstünə getməliyik, bu məhkəmələr nə qədər asılı vəziyyətdə olsalar da, onları məhkəmə qarşısına çıxarmalıyıq, publik izahat istəməli və ittiham etməliyik”, hüquqşünas bildirib.

Xatırladaq ki, 26 yanvar mitinqindən sonra 51 nəfər tutulub, onlardan 25-i müxtəlif məbləğlərdə cərimələnib, 3 nəfər barədə inzibati həbs seçilib, qalanları isə bir neçə saat Nəsimi rayon Polis İdarəsinin 21-ci və 22-ci polis bölmələrində saxlanıldıqdan sonra azad edilib.
XS
SM
MD
LG