Accessibility links

Bir Aktyor Həyatı - Al Paçino [VİDEO]


Şekspir pərəstişkarı, aktyor və rejissor Al Paçino yaratdığı filmlər və rolları ilə yaxşı tanınır. Amma onu kinoya gətirən yolun özü əslində maraqlı bir ssenari ola bilər.

Əsl adı Alfredo Ceyms olan Al Paçino 1940-cı ilin aprel ayında Nyu-York şəhərinin Şərqi Harlem rayonunda italiyan ailəsində dünyaya gəlib. İki yaşı olanda onun əslən siciliyalı atası Salvator Paçino anası Rousdan boşanır və balaca Al Paçino anası ilə bərabər Bronx rayonuna, babası Ceyms və nənəsi Keyti Qelardinin yanına köçür. Ən maraqlısı isə odur ki, Al Paçinonun anasının valideyinləri Amerikaya Siciliyanın Korleoni şəhərindən gəlib.
Bu faktın özü ola bilər sonradan onun `Xaç Atası` filmində Maykl rolunu yaratmasına müəyyən dərəcədə kömək edib. Bu filmdə o, Sicilyanın Korleoni şəhərindən Amerikaya mühacirət edən və Nyu-York şəhərində mafiya başçısı olan Vito Korleoninin oğlu obrazını yaradıb.

Valideyinlərinin ayrılması və Bronx kimi kriminal hadisələrin tez-tez baş verdiyi bir rayonda yaşaması azyaşlı Alfredonun həyatına mənfi təsir göstərir. O, məktəbdə davakar uşaq kimi tanınır və doqquz yaşında siqaret çəkməyə və spirtli içkilər içməyə başlayır. Amma heç zaman narkotik maddədən istifadə etmir.

Al Paçino uşaq yaşlarında artıq aktyor olmaq qərarına gəlir. Hətta ona `Aktyor` ləqəbi də verilir. O, ingilis dilindən başqa bütün fənlərdən pis qiymətlər aldığına görə 17 yaşında məktəbdən xaric edilir. Bu səbəbdən anası ilə mübahisə etdikdən sonra `Aktyor` evi tərk edir. Bir müddət o, aktyorluq dərslərinin pulunu ödəmək üçün az maaşlı işlərdə çalışır. Aktyor sənəti yolunda o, çox əziyyətlərə qatlaşır. Bəzən işsiz qalır, gecəni teatrda və ya dostlarının evlərində, hətta küçədə keçirməli olur.

Yeniyetmə yaşlarında Al Paçino bir neçə dəfə tamaşalarda iştirak etmək istəməsinə baxmayaraq, rədd cavabı alır. İlk dəfə o, 1969-cu ildə `Me, Natalie` adlı filmdə çəkilməyə müvəffəq olur. Amma onun 1971-ci ildə `The Panic in Needle Park` filmindəki rolu rejissor Fransis Ford Koppolanın diqqətini cəlb edir. `Xaç Atası` filmində Maykl Korleone rolunu ifa etmək üçün Robert Redford, Varren Beatti və o zaman az tanınan Robert Deniro kimi aktyorların müraciət etməsinə baxmayarar, yalnız Fransis Ford Koppolanın israrı ilə bu rol o Al Paçinoya qismət olur. Filmdə roluna görə Oskar mükafatına nominasiya edilən `Aktyor` mükafatın qalibi ola bilmir, lakin onun `Xaç Atası`trilogiyasındakı Maykl Korleone obrazı yaddaşlara həkk olunur.

Al Paçino heç bir zaman ailə qurmayıb, onun bir neçə aktrisa sevgilisi olub, o, üç uşaq atasıdır.
XS
SM
MD
LG